Müslümovun “işi“ndə sensasion ifadə: “Məni ölümlə hədələdilər...”

saytların hazırlanması

Evə çatdırılma

Müslümovun “işi“ndə sensasion ifadə: “Məni ölümlə hədələdilər...”

Kriminal

12 Sentyabr 2022 17:52 2015


Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəməsi davam etdirilib.

“Yeni Sabah” xəbər verir ki, iclasda şahidlər ifadə verib. İfadə verən şahidlərdən Saleh Ələkbərov bildirib ki, Gəncə şəhərində yerləşən evini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə satıb: 

"Mənə dedilər ki, evi şəhid ailələri üçün alırlar. 3 otaqlı evi 36 min 500 manata razılaşdıq. Həmin məbləğin 33 min 500 manatını Kamil adlı makler mənə verdi və baş etibarnamə aldı. Bildirdi ki, qalan pulu da yaxın günlərdə verəcək. Amma sonradan qalan məbləği vermədilər. Kamil dedi ki, nazirlik həmin məbləği evin təmirinə sərf edəcək. Mənimlə alqı-satqı müqaviləsi imzalananda evin alış qiyməti 51 min manat göstərilmişdi. Mənə dedilər ki, bu məbləğin sənə aidiyyəti yoxdur”.  pizza

Digər şahid Ulduz Verdiyeva da ifadəsində Gəncə şəhərində olan 3 otaqlı mənzilini 36 min manata satdlğını deyib: 

"Amma həmin mənzili 51 min 500 manata rəsmiləşdirdilər".  

Şahid Gülnisə Həşimova isə deyib ki, Yeni Gəncə yaşayış massivində 3 otaqlı evini nazirliyə 31 min 509 manata satıb. 

"Müqavilədə isə həmin ev 51 min manata rəsmiləşdirilib. Mənzili alan makler idi. Mən tanımırdım. 31 min manatı kassadan alıb çıxdım. Sonradan dedilər ki, müqavilədə 51 min manat yazılıb. Mən də dedim nə borcuma, mən pulumu almışam. Dedilər ki sənin evini əlil üçün, şəhid ailəsi üçün alırıq. Mən də dedim halal xoşları olsun". 

Digər şahid Qurban Nağıyev isə bildirib ki, 3 otaqlı evi 35 min manata satıb: 

"Alıcını tanımıram, mən maklerə satmışam. Amma sənəddə 51 min 700 manata satmağıma qol çəkdim. Evim təmirsiz idi. Dedilər ki, dövlət 51 min 700 manat ayırıb ki, ev təmirli olsun". 

Şahid Zaman Səmədov isə bildirib ki, 2014-cü ildə Masazırda 65 sot torpaq sahəsi alıb: 

"Həmin sahəni özəlləşdirdim. Dedilər ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ əlilləri üçün ev tikməyə torpaq axtarır. O vaxt nazirliyin aparat rəhbəri Əjdər Cəbiyev idi. Əjdər Cəbiyevlə görüşdüm. Əjdər Cəbiyev dedi ki, 50 min manata alırıq. Razılaşdıq, 10 min manat verdi, dedi qalanını sonra verəcəyik. Amma vermədilər. Əjdər Cəbiyev dedi ki, Səlim Müslümov narazılıq edir, 50 min çoxdur. Mən torpağımı geri istədim, vermədilər. Mən Səlim Müslümovu heç vaxt görməmişəm". 

O qeyd edib ki, bu vaxta qədər nə torpaq sahəsini geri ala bilir, nə də pulunu. 

Şahid Elmar Səmədov isə bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansında olan ikimərtəbəli obyektin özəlləşdirilməsi üçün nazirliyin aparat rəhbəri Əjdər Cəbiyevlə görüşüb. 

"Obyektin özəlləşdirilməsi üçün 50 min manat istədilər. Mən məsələni Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ilə həll etmək istəyirdim. Əjdər Cəbiyev dedi ki, 50 min manata özləri bütün məsələləri həll edir. Mən də razılaşdım, 50 min manatı Əjdər Cəbiyevə verdim. Amma nə obyekti özəlləşdirib mənə verdilər, nə də pulumu qaytardılar". 

Şahid qeyd edib ki, pulunu tələb edəndə isə Əjdər Cəbiyev onu hədələyib: 

"Pulumu istəmək üçün dəfələrlə nazirliyə getmişəm. İlk dəfə 3-cü mərtəbədə Əjdər Cəbiyevlə görüşdüm. Əjdər Cəbiyev əsəbiləşib məni otaqdan qovdu. Ondan sonra nə vaxt getdim, aşağıdan polislər məni binaya buraxmadılar. Sonuncu dəfə Əjdər Cəbiyevin telefon nömrəsini tapıb ona zəng vurdum. Əjdər Cəbiyev məni telefonda ölümlə hədələdi. Ondan sonra ona zəng vurmadım. Özümdən qorxmurdum. Bilirdim ki Əjdər Cəbiyev mənə heç nə edə bilməz. Qorxurdum ki ailəmə, uşağıma, qardaşıma nəsə xəsarət yetirər. Ona görə də daha ona zəng vurmadım". 

Proses sentyabrın 19-da davam etdiriləcək.

Qeyd edək ki, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 2021-ci ilin  fevral ayında Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən saxlanılmışdı. S.Müslümov Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvətalma), 313 (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir.

Nəzrin Cavadzadə

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!