Virus nə qorxulacaq/qorxulmayacaq şeydir, nə də inanılacaq/inanılmayacaq şey. Virus problemdir. Bizim ən böyük səhvimiz odur ki, istənilən problemi qorxu və inanc kontekstindən təhlil edirik.
Ağıllı cəmiyyətlər (insanlar, qurumlar, dövlətlər və s.) problemləri və riskləri mümkün qədər proqnozlaşdırmağa çalışırlar. Risklərin, ortaya çıxa biləcək təhlükənin müxtəlif inkişaf variantlarına qarşı mütəmadi olaraq hazırlıqlar görürlər. Buna əsasən planlar hazırlanır, təhlükə ortaya çıxanda ona qarşı ilkin önləyici addımlar atılır. Problem həllini taparsa daha yaxşı, amma əksi olarsa problemin inkişaf səviyyəsinə görə zəruri əlavə addımları atırlar. Problem ciddiləşəndə də panika yerinə həmin risk səviyyəsi üçün planlaşdırılmış digər varianta müraciət edilir. Mütəmadi olaraq yeni strategiyalar ortaya qoyulur və s.
Məqsəd problemi mümkün qədər tez vaxtda, mümkün qədər az itki ilə həll etmək olur. Bütün təbəqələr mümkün qədər məsuliyyətli davranır. Hər kəs və hər bir qurum ilk növbədə öz məsuliyyətini dərk edir, ilk növbədə öz işini düzgün görməyə çalışır. Təbii ki, bununla yanaşı insanların digərlərinin, xüsusilə də dövlət qurumlarının davranışlarını, addımlarını təhlil etmək hüququ var. Hətta nəinki hüququ var, bunu etmək çox vacibdir. Çünki ən səlahiyyətli üst varlıq kimi dövlət qurumları ən məsuliyyətli olmaq məcburiyyətindədirlər. Onların fəaliyyəti cəmiyyət üçün açıq, şəffaf, nəzarət olunan biləcək şəkildə qurulmalıdır ki, səhvlər, əskikliklər, qüsurlar daha rahat müəyyən edilə və ortadan qaldırıla bilsin. pizza hut
Eyni zamanda inkişaf etmiş cəmiyyətlərdə cəmiyyətin müxtəlif təbəqələri problemi digərlərinə (vətəndaşlara, qruplara, dövlət qurumlarına və s.) zərər vermək ya da fərdi mənada daha yüksək qazanc əldə etmək üçün fürsət kimi görmürlər. Bunu edənlər əxlaqi cəhətdən qüsurlu davranış sahibləri kimi qınanırlar.
İnkişaf problemi yaşayan cəmiyyətlərdə isə bunun tam əksinə şahid oluruq.
Digər tərəfdən ağıllı insanlar, inkişaf etmiş cəmiyyətlər hər problemdən dərs çıxarırlar. Böhranları fürsətə çevirməyə çalışırlar. Yeni ideyalar, yeni texnologiyalar, yeni yanaşmalar ortaya çıxarırlar.
Çox arzulayardım ki, bizdə də bu böhran elmi-texnoloji kəşflərə, yeniliklərə səbəb olsun. Amma ən azı biz də bu virusların yaratdığı risklərdən dərs çıxarıb müəyyən vərdişlərimizi dəyişə bilərik. Bunlardan bəlkə də birincisi təhlükələrə əvvəlcə lağ-lağa ilə yanaşıb, onları ciddiyə almamaq, vəziyyət çox ciddiləşəndə (bəzən isə daha da tez) panikaya düşmək və dərhal da hər şey bitmiş kimi "ağlaşmağa" başlamaqdır.
Bizim istər milli problemlərimizlə (başda Qarabağ problemi olmaqla), istərsə də daha kiçik səviyyəli problemlərlə bağlı yanaşmamız çox vaxt yuxarıdakı kimi olub. Qeyri-ciddi yanaşırıq, panikaya düşürük və ağlaşmağa başlayırıq.
Bu dəfə fərqli ola bilərdimi? Bəli, ola bilərdi. Hətta ilk mərhələdə sanki fərqli olacaqmış kimi bir abu-hava da vardı. Amma vəziyyət pisləşən kimi dərhal “genetik kodlar”a geri qayıtdıq. Bunun əsas səbəblərindən biri dövlət qurumlarında və kadr siyasətində son illərdəki dəyişikliklərin tam arzuolunan səviyyəyə gəlib çatmamasıdır. Digər bir səbəb isə, cəmiyyətin maariflənməsi və aydınlanması baxımından ciddi rol oynaması gözlənilən ziyalıların, alimlərin, sənət adamlarının, medianın və qeyri-hökumət təşkilatlarının keyfiyyət böhranı yaşamasıdır. Bunların hər biriylə bağlı yəqin ki, ayrıca dəyərləndirməyə ehtiyac var. Amma ilkin olaraq qeyd etmək istəyirəm ki, bu istiqamətdə mediamızın potensialı çox zəifdir. Mediamız uzun müddətdir ki, keyfiyyətini itirə-itirə gedir (fərdi qabiliyyətləri sayəsində müsbət nümunə olan az sayda jurnalistimizi və keyfiyyətini qorumaq üçün xüsusi zəhmət çəkən az saydakı media orqanını ayrıca qeyd etmək lazımdır). Hətta mediamızın fəaliyyəti nəinki cəmiyyəti aydınlatmır, əksinə media nədən danışırsa sanki cəmiyyətin həmin məsələlərə daha çox şübhə duyur. Bu, media ilə bağlı uzun müddət atılan səhv addımların nəticəsidir və informasiya təhlükəsizliyimiz baxımından ciddi risk mənbəyidir.
Qısacası, əslində koronavirusla bağlı təhlükə bizim müxtəlif istiqamətlərdəki problemlərimizi daha aydın görməyimiz üçün, problemlərə ümumi yanaşmamızı dəyişdirməyimiz üçün, müxtəlif mənfi xüsusiyyətlərimizdən vaz keçməyimiz üçün, mütərəqqi dəyərlərə, yanaşmalara daha çox bağlanmağımız üçün bir fürsətdir. Biz “ağlaşmaq” yerinə bu fürsəti dəyərləndirməyə çalışsaq prosesdən daha qazanclı çıxarıq. Aydın, azacıq dünyagörüşünə malik olan insanlar da fəaliyyətlərinin bir hissəsini bu istiqamətdə qursalar yaxşı olar.
Araz Aslanlı
Telegram kanalımız