Paytaxtın Yeni Yasamal qəsəbəsindən M.F. Axundov bağına gedən 77 nömrəli marşrut avtobusunda sıxlıq problemi vətəndaşların narazılığına səbəb olub. Redaksiyamıza müraciət edən sakinlər avtobusun intervalının 5 dəqiqə olmasına baxmayaraq, pik saatlarda avtobusa minməyin mümkün olmadığını bildirirlər.
Sakinlər vəziyyəti belə izah edir:
"Hər səhər və axşam saatlarında avtobusa minmək qeyri-mümkün olur. İnsanlar dayanacaqlarda yığışıb qalır, bəzən avtobus qapıları belə açmadan keçir. Alternativ olmadığı üçün hamı məcbur bu marşrutdan istifadə edir. Nəticədə, avtobuslar həddən artıq dolu olur, sərnişinlər əziyyət çəkir. Bir çoxları vəziyyətdən çıxış yolu kimi 1 manatlıq taksilərə üz tutur. Ancaq bu da hər gün əlavə xərc deməkdir. Aidiyyəti qurumlar niyə bu problemi həll etmir?" Dördpendirli pizza
Sakinlərin sözlərinə görə, İnşaatçılar metrostansiyasından Yeni Yasamala yalnız 77 nömrəli avtobus işlədiyi üçün yük həddən artıq çoxdur. Vətəndaşlar alternativ marşrutların yaradılmasını və ya xəttə əlavə avtobusların buraxılmasını tələb edirlər.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, 77 nömrəli marşrutun hərəkət intervalı sərnişin axınına uyğun tənzimlənir:
“Bakı şəhərinin marşrut şəbəkəsində keçirilən təkmilləşdirmə işləri çərçivəsində marşrut xətlərinin bir-birini təkrarlaması kimi hallar müəyyən olunaraq bəzi marşrut xətlərinin hərəkət istiqamətində dəyişikliklər edilir və yaxud da ləğv olunur. Yeni Yasamal yaşayış ərazisi sakinlərinin (Ə.Əhmədov küç.) şəhər mərkəzi istiqamətində olan gedişlərinin təmin olunması məqsədilə 18 böyüktutumlu avtobus 5 dəqiqə intervalla 77 nömrəli müntəzəm marşrut üzrə fəaliyyət göstərir. Qeyd edilən marşrutun hərəkət intervalı sərnişin axınına uyğun olaraq tənzimlənir. Lakin günün pik saatlarında marşrutun hərəkət sxemi üzrə yaranan nəqliyyat sıxlığı və məhdudiyyətlər intervalın artmasına səbəb olur”.
Tural Orucov qeyd edib ki, günün pik saatlarında marşruta əlavə avtobusların cəlb edilməsi barədə tapşırıq verilib:
“Qeyd edilən istiqamətdə yeni marşrutun təşkili 77 nömrəli marşrutun hərəkət sxemini təkrarlayaraq onun nizamlı fəaliyyətlərinə maneə yaradacağından məqsədəuyğun hesab edilmir. Marşrutun müvəqqəti istismarçısına avtobusların sayının sərnişin axınına uyğun nizamlanması, günün pik saatlarında marşruta əlavə avtobusların cəlb edilməsi barədə tapşırıq verilib. Hazırda ərazini (Ə.Əhmədov küçəsi) 211 nömrəli müntəzəm marşrut da “20 Yanvar” və “Gənclik” metrostansiyaları ilə əlaqələndirir”.
Nazim Hacıyev
Telegram kanalımız