Yol canavarı: Niyə tətil günlərində qəzalar daha çox olur?

Yol canavarı: Niyə tətil günlərində qəzalar daha çox olur?

Sosial Saytların hazırlanması

23 Mart 2023 11:54 730


“Azərbaycanda baş verən qəzaların əsas səbəbkarı yol hərəkəti iştirakçılarının özləri, yəni onların yol hərəkəti qaydalarının bilərəkdən pozulmasıdır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib.

Mütəxəssis bayram günlərində yollarda baş verən qəzalardan və buna səbəb olan amillərdən söz açıb.

Qeyd edək ki, hər il bayram tətillərində yollarda çoxsaylı avtomobil qəzaları baş verir. Yaranmış fürsətdən lazımınca istifadə etmək istəyən vətəndaşlar ölkə daxilindəki istirahət məkanlarına, yaxud sadəcə kənddə dincəlmək üçün ünvana tez çatmağa çalışır. İstər yollanış zamanı, istərsə də geri dönərkən yollardakı sıxlığı nəzərə almayan sürücülər paytaxta mümkün qədər tez çatmaq üçün sanki bir-biri ilə yarışa girir.

“İkinci səbəb yol infrastrukturunun yaxşı olmaması, üçüncü səbəb nasaz avtomobillərdir.

Bayram günlərində baş verən ağır yol nəqliyyat hadisələrinin səbəblərini araşdıranda görürük ki, insan faktoru yenə də özünü büruzə verir. Yenə də qaydaların bilərəkdən pozulması, sürət həddinin aşılması, ötmə və manevr qaydalarının pozulması...” – deyə Eldəniz Cəfərov nümunələr sadalayıb.

Mütəxəssis bildirib: “Bayram günlərində mənzil başına daha tez çatmaq istəyi, magistral yollarda sürücülük təcrübəsinin az olması da mənfi rolunu oynaya bilir. Təəssüf ki, sürücülük kursları formal fəaliyyət göstərir və orada vətəndaşlara sürücülük qabiliyyətləri aşılanmır. Xüsusən də magistral, habelə şəhərlərarası yollarda sürmə təcrübəsi olmayan vətəndaşlarımız çox olur. Bu da qəzalara səbəb ola bilir”.

Onun fikrincə, tətil günlərində yol patrul xidmətinin gücləndirilmiş iş rejimində işləməsinə baxmayaraq, yola, əsasən magistral yola təcrübəsiz sürücülər çıxır:

“Magistral üzrə isə bu nəzarəti həyata keçirmək çətin olur. Ona görə də şəhərləarası magistrallarda belə qəzalar baş verir. Statistika isə belədir ki, bu say ilbəil gah azalır, gah da artır. Amma ümumi götürsək, qəzaların sayı ilbəil azalır. Məsələn, 2015-ci ilin qış tətilində, Yeni il bayramında 23 nəfər həyatını itirib. Bu gün isə bu statistika çox azdır”.

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!