10 ildən sonra Bakıda bazar qalacaq? - “Nə qədər ki, alıcı var, tələbat var...”

saytların hazırlanması

Evə çatdırılma

10 ildən sonra Bakıda bazar qalacaq? - “Nə qədər ki, alıcı var, tələbat var...”

İqtisadiyyat

30 İyun 2026 13:28 228


Bakı bazarları bir-bir qapanır, onların yerini isə supermarket şəbəkələri tutur. Bu dəyişiklik həm də kiçik sahibkarlığın aqibətini müzakirə mövzusuna çevirib.

“Bu məsələ ilə bağlı qanunvericilik bazası mövcuddur. Hər hansı fəaliyyət sahəsinin zamanla aktuallığını itirməsi, yaxud insanların ondan istifadə edib-etməməsi təkcə bazar münasibətlərindən deyil, həm də qanunvericilikdən asılıdır. Əgər qanunvericilik bu fəaliyyətə imkan verirsə, son qərarı istehlakçı verir”.

Bunu “Yeni Sabah”a iqtisadiyyat üzrə fəlsəfə doktoru Fuad İbrahimov deyib. Dominos pizza

Onun sözlərinə görə, bazar, yaxud supermarket seçimini alıcı edir:

“Bu gün marketlər müxtəlif üstünlüklər təqdim edir: bonus kartları, çeklər, keşbek və ya endirim imkanları və s. Təbii ki, bu cür üstünlüklər insanların mərhələli şəkildə marketlərə üstünlük verməsinə səbəb olur”.

F.İbrahimovun fikrincə, bazarların tamamilə sıradan çıxacağını söyləmək hələ tezdir:

“Azərbaycanda, xüsusilə Bakıda bir sıra ənənəvi bazarlar fəaliyyətini dayandırıb. Bununla belə, hələ də fəaliyyət göstərən bazarlar var: Yaşıl Bazar, 8-ci kilometr bazarı. Bu bazarlardan istifadə edən kifayət qədər alıcı var. Maraqlıdır ki, son müşahidələr göstərir, gənc nəsil də bazarlara maraq göstərməkdə davam edir. Ona görə də bazarların tamamilə sıradan çıxacağını və ya insanların artıq onlardan istifadə etməyəcəyini demək düzgün olmaz. Belə bir tendensiyadan danışmaq hələ tezdir. Əsas amil rəqabətdir. Müasir marketlər təqdim etdikləri əlavə xidmət və imtiyazlarla müəyyən üstünlüyə malikdirlər.

Bazarların fəaliyyəti ilə bağlı qanunvericilik də kifayət qədər aydındır. Bu sahəni tənzimləyən Nazirlər Kabinetinin qərarları mövcuddur və bazarların təşkili, fəaliyyəti, idarə olunması qaydaları həmin normativ sənədlərdə öz əksini tapıb. Nəticə etibarilə, bazarların yaxın gələcəkdə tamamilə fəaliyyətini dayandıracağını demək üçün əsas yoxdur. Nə qədər ki, alıcı var, tələbat var, bazarlar da fəaliyyətini davam etdirəcək”.

İqtisadçı Xalid Kərimli də bazarların tam yox olmayacağını, ancaq sayının azalacağını deyib:

“Mən bazarların tamamilə yoxa çıxacağını düşünmürəm. Ancaq onların sayı azala bilər və əvvəlki rolunu artıq oynamayacaq. Bu, təkcə Azərbaycanda baş verən proses deyil, bütün dünyada müşahidə olunur. Ənənəvi kolxoz bazarları gündəlik alış-veriş məkanı olmaqdan çıxır, daha çox ixtisaslaşmış regional bazarlara çevrilir. Bu, əslində, normal prosesdir.

Əvvəllər insanlar həftədə bir, ya iki dəfə bazara gedib həftəlik alış-veriş edirdilər. İndi yaşayış yerlərinin yaxınlığında mağazalar var və insanlar ehtiyac duyduqları məhsulu istədikləri qədər, hətta hər meyvədən ya tərəvəzdən bir və ya iki ədəd də olsa belə rahat şəkildə ala bilirlər. Yəni rahatlığa üstünlük verirlər. Bəzən qiymət bir qədər baha olsa da, vaxta və rahatlıq üstünlük qazanır.

Söhbət təkcə supermarketlərdən getmir. Elektron ticarət platformaları da sürətlə inkişaf edir. Bu gün insanlar bir çox məhsulu Azərbaycandan deyil, birbaşa xaricdən sifariş edir, müxtəlif onlayn platformalar vasitəsilə alış-veriş edirlər”.

X.Kərimli bildirib ki, bu gün marketlərin təqdim etdiyi imkanlar alıcılar üçün daha cəlbedicidir:

“İri supermarketlər bu məsələdə ön plana çıxır. Çünki onlar logistikanı daha səmərəli təşkil edə bilirlər, məhsul çeşidi daha geniş olur və insanlar qısa vaxt ərzində bütün ehtiyaclarını bir yerdən qarşılaya bilirlər. Bazarlarda isə məhsullar müxtəlif yerlərdə satılır və alış-veriş daha çox vaxt aparır.

Bundan əlavə, supermarketlərdə qiymətlər nisbətən sabit olur. Bazarda səhər bir qiymət, axşam isə başqa qiymət ola bilir. Marketlərdə isə belə dəyişikliklər olmur. Məhsulların saxlanma şəraiti də daha yaxşı təşkil edilir. Hər məhsul uyğun temperaturda və uyğun şəraitdə saxlanılır. Kartla ödəniş imkanının olması da alıcılar üçün əlavə üstünlükdür. Bütün bunlar insanların supermarketlərə üstünlük verməsinə səbəb olur”.

İqtisadçının fikrincə, bu gedişat ən çox kiçik bazar satıcıları və kiçik bizneslər üçün problem yaradacaq:

“Bu prosesdən ən çox təsirlənəcək sahələrə gəldikdə isə, iqtisadiyyatda hər zaman bir peşə yox olur, əvəzində yenisi yaranır. Texnologiyanın inkişafı, xüsusilə də süni intellekt bir sıra peşələrə tələbatı azaldır, yeni peşələr formalaşdırır.

Ən çox risk altında olanlar kiçik bazar tacirləri, kiçik ərzaq mağazaları, bu sahəyə xidmət göstərən vasitəçilər və ənənəvi ticarətdə çalışan bəzi işçilərdir. Onların fəaliyyət imkanları zamanla məhdudlaşa bilər.

Təkcə supermarketlərin artması deyil, rəqəmsallaşmanın təsiri də böyükdür. Kiçik bizneslərin əksəriyyəti rəqəmsal ticarətə və elektron ödəniş sistemlərinə kifayət qədər uyğunlaşa bilmir. Onlar daha çox nağd ödənişlə işləyirlər. Məhz rəqəmsallaşma da bu sahədə baş verən dəyişikliklərin əsas səbəblərindən biridir”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!