20 nəfərlik dəstənin məhkəməsi: “Aşağıda bir saat döydülər məni”

saytların hazırlanması

Evə çatdırılma

20 nəfərlik dəstənin məhkəməsi: “Aşağıda bir saat döydülər məni”

Kriminal

26 Oktyabr 2022 10:00 2210


Külli miqdarda narkotik vasitələrin dövriyyəsi və qaçaqmalçılıqda ittiham olunan dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Yeni Sabah” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudov sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxslər ifadə verib.

İlkin olaraq təqdsirləndirilən şəxs Cəfərov Orxan dindirilib: Dominos pizza

“İyulun 30-u uşaqları Heydər Əliyev parkına aparırdım. Sonra nənələri gilə qoydum. Dostumla görüşdüm. Təzə Bazarın arxasında tutub apardılar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə. Dedilər deyəcəksən ki, sən filankəsləri tanıyırsan. 3 dənə şüşə qoydular cibimə, dedilər bunlar sənindi. Zor tətbiqi ilə ifadə verdirdilər. İstifadəçi deyiləm, heç vaxt da eləməmişəm. Dedim aparın, analiz götürün. 6 gün saxladılar, niyəsini bilmirəm. Heç kimi də tanımırdım. Baxış keçirdilər üstümə, heç nə çıxmadı. Üstümdə sadəcə telefon, pul, maşının açarı idi. Növbəti gün günorta vaxtı idi, jalüzləri bağladılar ki, guya gecə tutublar. Avqustun 1-i tənbeh etdilər ki, birdən deyərsən belə, yenə qayıdarsan bura. Paketin içində 6 qram “şüşə” idi cibimə qoyduqları. Çəkiliş zamanı başqa variantımız yox idi. Deməli idim ki, mənimdir. Birinci gətirəndə heç nə demədilər. Dedilər, boynuna götür, deyəcəksən ki, mənimdir. Ondan sonra yerə uzadıb əlimi arxadan bağladılar. Təpikləyib döydülər. Buradakılardan 20-miz də bu prosesdən keçdik.”

Hakim: Demisən ki, mənimdir.

Təqsirləndirilən şəxs: Mənim deyil, əzbərlətdilər ki, belə de.

O bildirib ki, təqsirləndirilən şəxslərdən sadəcə Səfərov Ormanı tanıyır:

“Dayım oğludur. Mən özüm su satırdım. Hər şey də qaydasında, qanunla edilirdi”. 

Dövlət ittihamçısı bildirib ki, O. Cəfərov ittiham aktında özünü təqsirli bilib: 

“Döydülər, şok vəziyyətində getmişdim ora. Sual verirdilər, yalandan başımı sallayırdım. Heç kimlə əlaqəm olmayıb. Dedilər ki, filankəsləri tanıdığını de. Sən demə qrup yaratmaq istəyirmişlər. İstintaqdakı ifadəmi təsdiq etmirəm. İfadəmi zorla  verdirdilər. Burada bildim ki, 20 nəfərik”.

Daha sonra təqsirləndirilən şəxs qismində Abbas Məhərrəmov dindirilib. O deyib ki, 10 avqust tarixində yanacaqdoldurma məntəqəsində maşınına benzin vurarkən tutulub: 

“Apardılar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə. Orada Abdullayev Naibi soruşdular. O da ayın 4-ü tutulub. Nəyə görə tutulduğumu bilmirəm. Maşınımı, evimi axtardılar. Heç nə tapa bilmədilər. Guya cibimdən mal çıxartdılar. 40 qram narkotik verdi. İki gün sonra videoya çəkildik. Təzyiq altında danışdım. Üstümə mal yükləyirdilər. Birinci 4 qram mal dedilər, çarə yox idi, razılaşdım. Sonradan baxdım 8 qram yazıblar. Məni tutanda yoldaşım da yanımda idi, hədələdilər ki, bunu da qoşacağıq sənə. Ona görə, razılaşmışdım. Apardılar sanksiyaya. Öyrətmişdilər, dilimlə “hə” desəm də, başımla “yox” deyirdim. Ona görə aşağıda bir saat döydülər məni. Başımla “yox” deyirdim ki, bəlkə başqa variantım olsun”.

Məhkəmənin növbəti iclası noyabrın 1-nə təyin edilib.

Xatırladaq ki, ittiham olunan 20 nəfər dəstə üzvü ötən il Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs olunublar.

Fərqanə Nağıyeva, onun həyat yoldaşı Adəm Nağıyev, eləcə də dəstəyə daxil olan daha 18 nəfər - Əli Ağayev, Abbas Məhərrəmov, Naib Abdullayev, Rüzgar Qəribov, Rəhim İbrahimov, Kamil Məmmədov, Əminə Yusifova, Cavid İsmayılov, Məcid Hüseynov, Orxan Cəfərov, Orxan Fərəcov, Yavər Həsənov, Elman Əliyev, Əliqulu Bayramov, Orman Səfərov, Mirsəid Əliyev, Ramiz Nağıyev və Toğrul Əbdüləzimov  instaqram sosial şəbəkəsində açılmış səhifələr vasitəsi ilə narkotik maddələr, əsasən "patı", "şüşə" adlanan metamfetamin və "kola", "kakos" adlanan heroinin satışının təşkilində ittiham olunublar. Həmin səhifələrdə müxtəlif banklara məxsus kartların şəkilləri vatsap ani mesajlaşma tətbiqi ilə alıcılara göndərilib. Ölkə daxilində alıcılar həmin kartlara pul ödədikdən sonra narkotik vasitələr kuryerlər vasitəsi ilə onlara çatdırılıb.

Araşdırma zamanı dəstə üzvlərinin narkotik vasitələrin satışı zamanı kart hesablarına toplanan pullar vasitəsi ilə internet üzərindən müxtəlif kriptovalyutalar və həmin ölkəyə idxal edilən digər məhsullar alaraq xaricdəki narkotacirlərə göndərdikləri müəyyən edilib. 

Təqsirləndirlilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin  193-1.3.1(mütəşəkkil dəstə halında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırlması), 206.4, 234.4.1, 234.4.3 və 240.3.1 (mütəşəkkil dəstə halında qaçaqmalçılıq yolu ilə narkotik vasitələri, psixotrop maddələri və güclü təsir edən maddələri əldə etmə, saxlama, daşıma, satma) maddələri ilə yekun ittiham verilib.

Nəzrin Cavadzadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!