Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 23-də Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.
DİM-dən “Yeni Sabah”-a bildirilib ki, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 46 binada aparılacaq. İmtahanların idarə olunmasına 173 imtahan rəhbəri və 1950 nəzarətçi-müəllim cəlb olunacaq.
İmtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb, imtahan binalarının girişlərində təhlükəsizliyin və buraxılış rejiminin operativliyinin təmin edilməsi üçün “stasionar metal axtaran aparat”lar quraşdırılıb. Dominos pizza
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış (saat 10.45-də) buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
İmtahanda abituriyentlərə bilik və bacarıqlarını yoxlamaq məqsədilə I qrupda riyaziyyat, fizika və kimya fənləri üzrə, IV qrupda isə biologiya, kimya və fizika fənləri üzrə ümumilikdə 90 tapşırıq təqdim ediləcək.
İmtahanda 24028 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 19878 abituriyent I qrup üzrə, 4150 abituriyent IV qrup üzrə imtahan verəcək.
Bakı şəhərində 10 min 706, Naxçıvanda 598, Gəncədə 2473, Sumqayıtda 1586, Mingəçevirdə 1092, Şəkidə 1682, Bərdədə 905, Göyçayda 1157, Şirvanda 1244, Lənkəranda 1507, Xaçmazda isə 1078 abituriyentin imtahan verəcəyi gözlənilir.
Telegram kanalımız