“30 ildə Azərbaycana vurulan ziyanın haqq-hesabı istəniləcək...” -   Millət vəkili

saytların hazırlanması

Evə çatdırılma

“30 ildə Azərbaycana vurulan ziyanın haqq-hesabı istəniləcək...” - Millət vəkili

Siyasət

02 Noyabr 2020 17:50 2280


Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin iqtisadiyyatına vurduğu zərər milyardlarla ölçülür. Bəzi iqtisadçılar iddia edirlər ki, münaqişə başlayandan indiyədək Azərbaycan iqtisadiyyatına 800 milyard dollar ziyan dəyib. Hazırda döyüşlərin getdiyini, düşmən ordusunun məğlub olduğunu, Ermənistan silahlı birləşmələrinin işğal altındakı torpaqlarımızdan çıxarlıdğını nəzərə alan ekspertlər hesab edir ki, müharibə tamam bitdikdən sonra Azərbaycana dəymiş ziyanın ödənilməsi məsələsi gündəmə gətiriləcək. Azərbaycana ümumilikdə vurulan zərərə görə Ermənistandan maddi təzminat tələb olunacaq. Lakin Ermənistanın real maddi durumu, müharibə müddətində aldığı sarsıdıcı zərbəni, iqtisadiyyatının darmadağın olduğunu nəzərə alsaq, Yerevanın bu yükün altından çıxaca biləcəyinə ümid yoxdur. Faktiki olaraq Ermənistan borc girdabında çabalayır. Düşmən ölkənin təkcə xarici dövlət borcu 6 milyard dollardır ki, bu da ümumi daxili məhsulun 40 faizindən çoxunu təşkil edir. Ermənistanda xarici dövlət borcu valyuta ehtiyatlarından 2,3 dəfə çoxdur. Bu kimi reallıqlar fonunda müharibə bitdikdən sonra Ermənistandan təzminatı necə almaq olar?

Milli Məclis deputatı Elman Məmmədov mövzu ilə bağlı Yenisabah.az-a açıqlamasında qeyd edib ki, təzminat məsələsi mütləq qaldırılacaq. Onun sözlərinə görə, bu, bütün dövrlərdə belə olub:

“Bəli, inşallah, biz qalib olacağıq, hamımız bunu arzu edirik. Qoy, biz onlardan bu 30 ildə bizə vurduqları ziyanın haqq-hesabını istəyək, onların da bunu ödəməyə imkanı olmasın. Təki onlar bütün tarix boyu elə bizə borclu qalsınlar, gözü kölgəli yaşasınlar. Onların o təzminatı ödəməyə imkanları onsuz da olmayacaq. Çünki 30 il ərzində onların  mülki əhaliyə, dövlətə, yeraltı-yerüstü sərvətlərimizə, ekologiyaya və başqa sahələrə vurduqları ziyan olduqca böyük həcmdədir.  Bunlardan da yüksək səviyyədə olan mənəvi zərbədir. Mənəvi ziyanı milyardlarla da ödəyə bilməzlər. Onlar bizə həm iqtisadi, həm siyasi, həm diplomatik baxımdan borcludurlar”.  Dominos pizza

Ermənilərin maddi təzminatı ödəyə bilməyəcəkləri təqdirdə tarixən Azərbaycan torpağı olan əraziləri geri qaytarma ehtimalına gəldikdə isə millət vəkili bildirib ki, hər şey proseslərin gedişatından asılı olacaq:

“O torpaqlar - Zəngəzur, Dərələyəz, Göyçə və sair də bizimdir. Ancaq tarixdə elə proseslər getdi ki, dünyada güc sahibi olan dövlətlər, qurumlar torpaqlarımızı onlara verdilər. Amma cənab Prezidentimiz Azərbaycan xalqına müraciətində dedi: “Biz bizim olanı alacağıq. Bunların tərbiyəsi, əxlaqı yerində olmasa, bəlkə biraz da artığını aldıq”. Yəni onu gedişat, vəziyyət göstərər. Biz bu gün beynəlxalq qanunlara, BMT-nin nizamnaməsinə uyğun hərəkət edirik.  Biz BMT-yə hansı qəbul olunmuş ərazi ilə daxil  olmuşuqsa, o torpaqlarımızın, yəni 86 min kvadrat kilometr olan ərazimizin iddiasındayıq. Buna baxmayaraq, ola bilər ki, tarixin elə bir dövrü gələr ki, biz 114 min kvadrat kilometr olan ərazimizin də iddiasında ola bilərik. Ancaq hələlik reallıqdan çıxış etməli və 86 min kvadrat kilometrlik ərazimizi işğaldan azad edib bayrağımızı sancmalı, sərhədlərimizi qorumalıyıq”.

Sayad HƏSƏNLİ

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!