44 sərəncam, 208 milyon manat vəsait – Regionlar necə dirçəlir?

saytların hazırlanması

Evə çatdırılma

44 sərəncam, 208 milyon manat vəsait – Regionlar necə dirçəlir?

İqtisadiyyat

31 Yanvar 2024 15:00 1491


Azərbaycan Cənubi Qafqazda iqtisadi inkişaf göstəricilərinə görə ilk sırada dayanır.

Ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələri ilə bağlı dövlət tərəfindən mütəmadi addımlar atılması ilə yanaşı, son zamanlar hər bir iqtisadi rayonun xüsusiyyətlərinə aid tədbirlər planı hazırlanır. Daha dəqiq desək, subtropik iqlimi ilə məşhur cənub zonasında çay, sitrus meyvələri, əkinəyararlı torpaqları ilə tanınan Mərkəzi Aran bölgəsində pambıq və digər təsərrüfat bitkilərinin əkilməsi daha məqsəduyğun hesab olunur. 

Bu sayədə edilən yatırımlardan daha effektiv nəticə əldə etmək mümkündür.  Dördpendirli pizza

Son illər bu istiqamətdə kənd təsərrüfatı ilə məşğul olan sahibkarlar üçün mütəmadi və davamlı şəkildə subsidiyaların verilməsi və becərilən məhsulun satışı zamanı dövlət dəstəyinin təmin olunması istiqamətində yetərincə işlər görülüb. 

Həmçinin bu sahənin inkişafına təkan vermək məqsədi ilə su, işıq və qaz xətlərinin çəkilməsi, yolların və digər infrastruktur layihələrinin bərpası istiqamətində bir çox tədbirlər həyata keçirilib. 

44 günlük Vətən Müharibəsi nəticəsində Azərbaycanın ən məhsuldar, füsunkar təbiəti və zəngin faydalı resursları ilə seçilən tarixi Qarabağ ərazilərində ölkə suverenliyi yenidən bərpa olundu. İşğal dövründən öncə taxılçılıq və üzümçülük sahəsində olduqca inkişaf etmiş Füzuli və Cəbrayıl, geniş heyvandarlıq potensialına malik olan Laçın və Kəlbəcər, turistik təbiəti ilə ad çıxaran Şuşa şəhəri məhz bu regiondadır. 

Statistikaya görə, işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 1 milyon 550 min hektar torpaq sahəsi mövcuddur ki, bunların da əksər hissəsi örüş və otlaq sahələridir. Bu isə heyvandarlıqla bağlı əsaslı yatırımlar etməyə münbit şərait yaradır. 

Son dövrlər regionlarda aqrar təsərrüfatın inkişafı istiqamətində dövlət tərəfindən müxtəlif təyinatlı aqroparkların salınması müşahidə olunur. Daha effektiv və yüksək həcmli məhsuldarlığın əldə olunması baxımından bir çox ölkələrdə də tətbiq olunan bu cür aqroparklar digər tərəfdən insanlar üçün daimi iş yerinin yaranmasını təmin edir. 

Belə olduqda regionlarda əhalinin daimi məşğulluğu üçün əlverişli zəminin yaradılması və iri şəhərlərə immiqrasiya axının qarşısının alınması baxımından da addımlar atılmış olur. 

Regionların iqtisadi inkişafının yüksək səviyyədə təşkil olunması eyni zamanda ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə mütənasiblik yaradır. 

Qeyd edək ki, dövlət proqramlarının icra olunduğu 2004–2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib. 

Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb. İnkişaf dinamikasının effektiv və davamlı formada artırılması üçün “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, növbəti 4 il ərzində regionlarda analoji işləri görülüb. 

Təkcə 2022-ci ildə ölkə başçısı regionların inkişafı istiqamətində Bakı şəhəri ilə yanaşı bölgələrə Abşeron, Ağcabədi, Ağdam, Ağsu, İsmayıllı, Oğuz, Qobustan, Qubadlı, Şabran, Şəki, Füzuli, Göygöl, Şuşa, Kəlbəcər, Laçın, Cəbrayıl, Zəngilan, Tərtər və Xızı rayonlarına, eləcə də Gəncə, Sumqayıt şəhərlərinə etdiyi səfərlər çərçivəsində 160-dan çox obyektin – istehsal müəssisələri, yollar, elektrik təchizatı obyektləri, su təchizatı layihələri, səhiyyə və təhsil müəssisələri - açılış və təqdimat mərasimlərində iştirak etmiş, müvafiq məsələlərlə bağlı tapşırıq və tövsiyələrini verib. 

Həmçinin, 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müxtəlif rayon və şəhərlərin sosial-iqtisadi inkişafı və bəzi mühüm layihələrin icrası istiqamətində dövlət büdcəsində nəzərdə tutulmuş əsaslı vəsait qoyuluşu, həmçinin Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ümumilikdə 208,1 milyon manat vəsaitin ayrılması ilə bağlı 44 Sərəncam imzalanıb. 

Digər tərəfdən regionlarda sosial-iqtisadi inkişafın artırılması baxımından respublika tabeli Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir və Yevlax şəhərlərində sənaye və müxtəlif tipli emal müəssisələrinin yaradılması üçün də bir çox işlər görülüb. 

Gəncə şəhərində “Gəncə Avtomobil Zavodu”, Sumqayıtda fəaliyyət göstərən bir sıra kimya-sənaye zavodları, Mingəçevir, Şirvan və Yevlaxda istifadə verilən müəssisələr məhz həmin şəhərlərin iqtisadi inkişafının təmin olunmasına hesablanıb. 

Bu istiqamətdə regionlarda təkcə aqrar təsərrüfat sahələrinin deyil, sənaye və ticarət obyektlərinin yaradılması istiqamətində də davamlı işlər aparılır. Dövlət proqramları çərçivəsində regionlarda sənayeləşmə siyasətinə uyğun olaraq sənaye parkları və məhəllələrinin fəaliyyətinin təşkili və genişləndirilməsi istiqamətində işlər davam etdirilib. 

Regionların sosial-iqtisadi inkişafı istiqamətində 2024-cü ildə də lazımi addımların atılacağı qətiyyən şübhə doğurmur.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!