Azərbaycanda daha çox tibbi sığorta üzrə ixtisaslaşmış "A-Qroup Sığorta" şirkətinin yığımları 2023-cü ilin yanvar-avqust aylarında azalmaqda davam edib.
"Yeni Sabah" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, sığorta şirkəti bu ilin ilk səkkiz ayında 11,65 milyon manat yığım əldə edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 4,3% və ya 526 min manat azdır. 2022-ci ilin səkkiz ayında şirkət 12,18 milyon manat sığorta haqqı toplaya bilmişdi.
Yığımların azalması fonunda sığorta şirkətinin ödənişləri 16,5% və ya 1,36 milyon manat civarında artaraq 9,62 milyon manata yüksəlib. Ötən ilin yanvar-avqust aylarında bu rəqəm 8,25 milyon manat olub. Bu isə şirkətin ödəniş-yığım nisbətinə, yəni zərərliliyinə mənfi təsir göstərib. Dominos pizza
Sığorta şirkətinin zərərliliyi son bir ildə 67,8%-dən 82,5%-ə qədər yüksəlib. Yəni, şirkət ötən ilin səkkiz ayında topladığı sığorta haqqının hər 100 manatından 67,8 manatını ödənişə yönəldibsə, bu ilin eyni dövründə bu rəqəm 82,5 manata kimi artıb.
Qeyd edək ki, bu il avqust ayının 11-də könüllü müraciət əsasında Azərbaycan Mərkəzi Bankı tərəfindən “A-Qroup Sığorta” şirkətinin avtomobillərin və daşınmaz əmlakın icbari sığortası, o cümlədən daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığorta lisenziyası ləğv edilib. Bu isə sığorta şirkətinin yığımlarının həcminə, ümumilikdə isə bazar payına təsir edir.
Telegram kanalımız