2020-ci ilin yanvar-sentyabr ayları ərzində ABŞ-da 164 afroamerikalı polis şiddətinin qurbanı olub. İki ştat istisna olmqla digərlərində ən az bir nəfərin polis tərəfindən öldürüldüyü ortaya çıxıb. May ayında qaradərili Corc Floydun da polis zorakılığına məruz qalması və həyatını itirməsindən sonra Amerikada irqçiliyə qarşı etiraz aksiyaları genişlənməyə başlayıb.
Məlum olduğu kimi, Azərbaycan daxil olmaqla bir çox Asiya ölkəsində, o cümlədən kiçik dövlətlərdə hər hansı bir hadisə baş verdikdə-insan hüquqları pozulduqda ABŞ başda olmaqla nəhəng dövlətlər məsələyə müdaxilə edirlər və hadisənin baş verdiyi dövlətə təzyiqlər göstərirlər.
Maraqlıdır, niyə nəhəng dövlətlərdə bu kimi hadisələr baş verdikdə dünyanın digər ölkələri kəskin reaksiya göstərmir? Toyuqlu pizza
Hüquq müdafiəçisi Novella Cəfəroğlu məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında qeyd edib ki, əgər haradasa kiməsə zor tətbiq olunursa, onların hamısına ümumi bir prizmadan baxılmalıdır:
“Hesab edirəm ki, haradasa insan ölümü olursa, insana qarşı zorakılıq tətbiq olunursa, bu pis əlamətdir. Bu Amerikada, postsovet ölkələrində və Avropa da belədir. Məsələn, Novalnıya zəhər veriblər, o, Almaniyada yeni komadan çıxıb. Bütün bu davranışlar insan haqlarının pozulmasıdır. Nəhəng dövlətlər var ki, onlar belə məsələlərdə özlərini çox güclü hesab edirlər. Onlara söz çatmır, hegemondurlar. Amma bizim kimi kiçik dövlətlərə diqqət yetirirlər. Neçə ildir biz müstəqillik əldə etmişik, amma hələ də müharibə içərisindəyik. Məhz konfliktimiz olduğu üçün elə düşünürlər ki, bizə təzyiq etmək olar. Bu yanaşma düzgün deyil. Mən hesab edirəm ki, əgər haradasa kiməsə zor tətbiq olunursa, onların hamısına ümumi bir prizmadan baxılmalıdır. Amma dünya belə qurulub”.
Həmsöhbətimizin sözlərinə görə, Amerika, Avropa bizə təzyiq etməklə nəyəsə nail ola bilməz:
“Bizim özümüz hər dəfə öz məsələlərimizi həll etsək, hər dəfə qanunun aliliyini bərpa etsək, bizə heç kəsin sözü təsir etməyəcək. Biz özümüz özümüzə hörmət etməliyik. Məni nə Avropa, nə də Amerika maraqlandırır. Mən öz dövlətimdə qanunun aliliyini, insanlara münasibətin düzgün olmasını istəyirəm. Mən demirəm ki, “bandit” cəzasız qalmalıdır. Amma cəza qanun çərçivəsində verilməlidir. Ədalət budur. Mənim nə Avropa, nə Amerika vecimədir. Azərbaycanda yaşayıram, Azərbaycanı sevirəm, Azərbaycanda bu qanunun bərpasını istəyirəm”.
Sayad HƏSƏNLİ
Telegram kanalımız