Baş Dövlət Yol Polis İdarəsinin məlumatına görə , son sutka ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1909 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Ümumilikdə isə aprelin 1-dən bugünədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 13227 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub.
Məlumdur ki, insanlar gün ərzində 8103-ə SMS göndərərək sadəcə 2 saat müddətinə evdən kənarlaşa bilərlər. Bu isə sıxlığı, kütləvi toplaşmanı önləmək, epidemiyanın yayılmasının qarşısını almaq üçün atılan bir addımdır. Lakin buna baxmayaraq 24 saat ərzində təxminən 2 min insanın qaydanı pozması vətəndaşların görülən tədbirlərə çox da məhəl qoymamasından xəbər verir. Dördpendirli pizza
Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında cərimələnənlərin 3 qrupa ayrıldığını qeyd edib: “Maraqlı məqam odur ki, bunların neçə faizi icazə əsasında çölə çıxıblar. Bu statistikanı tapsaq, daha dəqiq fikir formalaşar. Təxmin edək ki, insanların müəyyən bir qismi SMS xidmətindən istifadə edərək küçəyə çıxıblar. Əgər cərimələniblərsə, bu o deməkdir ki, onlar SMS göndərərkən hansı məqsədlə çıxdıqlarını qeyd etməyiblər, yaxud da müddət iki saatı keçib. Yəqin ki, cərimlənənlərin neçə faizinin SMS-lə çıxdığı barədə Daxili İşlər Nazirliyində məlumat mövcuddur. Lakin mən düşünürəm ki, icazəsiz cərimələnənlər daha çoxdur. Onlar küçəyə çıxırlar, düşünürlər ki, evlərinə yaxın yerdədirlər və onları heç kəs tutmaz. Amma bu yanlışdır, çünki bizim müvafiq qurumlar üçün müəyyən olunmuş məsafə yoxdur Onlar məhəllələrarası yollarla belə keçib yoxlayırlar. İnsanların hərəkətdə olduğu ərazini nəzarətdə saxlamalıdırlar. Üçüncü bir qrup da var ki, onlar həm icazə almırlar, həm də yaşadığı ünvandan uzaqda cərimələnirlər.Hər tərəfdən baxdıqda məsələyə etinasız yanaşan insanların olduğunu görürük. Düşünürlər ki, tutulmazlar. Təcrübə isə bunun əksini göstərir”.
Ekspert koronavirusun bir bəla olduğunu, lakin buna baxmayaraq insanlara çox şey öyrətdiyini diqqətə çatdırıb: “Məsələn planlaşdırma məsələsində böyük rol oynayır. Hər kəs öz fəaliyyətini planlaşdırmağı bu dövr ərzində bacarmalıdır. Normalda işini 5 saata bitirə bilməyən insan artıq düşünür ki, mən bu işi iki saat ərzində bitirməliyəm. Bizdə xanmlar arasında “shopping” olduqca məşhur idi. İndi artıq o “shopping” marağı yoxdur. Gedəcəkləri yeri vaxtla planlamağa başlayıblar. Bir növ punktuallığı öyrənirlər. Mən düşünürəm ki, gün ərzində çoxlu sayda insan icazə alır. Onların konkret sayını bilmək çox maraqlı olardı. Çünki onlar fəaliyyətini 2 saata yerinə yetirməyə uyğunlaşır.13 min insan isə planlaşmaya əməl etməyənlərdir. Bu baxımdan maarifləndirmə işində o elementə xüsusi diqqət etmək lazımdır. Bizim mesajımız nədən ibarətdir? Biz deyirik ki, qaydalara uyğun davranın, lüzumsuz yerə şəhərə çıxmayın, vacib işiniz varsa, SMS göndərin. Bu çatdırmaq istədiyimiz bir məsələdir. Digər mühim məsələ isə planın düzgün qurulmasıdır. İnsanlar öz planlarını düzgün qurmalıdırlar. Fəaliyyətinizi qısa müddət ərzində yerinə yetirmək bacarığını özünüzə təlqin edin”.
Azər Allahverənov bildirib ki, insanlarin səhlənkarlığının qarşısını almaq üçün icazə sistemində müəyyən məhdudiyyətlər tətbiq oluna bilər: “Karantin rejiminin məqsədi insan axınını idarə eləməkdir. Çünki faktiki olaraq SMS bunun üçün nəzərdə tutulub. İstəmirik ki, hər hansı yerdə insanlar kütləvi toplaşsın. Belə olan halda SMS-lərlə bağlı da məhdudiyyətlər ola bilər. Məsələn, kimsə hər gün çıxır harasa. Buna nəzarət edilməlidir. Hər gün harasa getməyə nə ehtiyac var? Məsələn, bizim ailədə 5 nəfər var. Biz planlaşdırırq ki, bu gün filan ərzaqları almalıyıq, bu bir neçə gün gedəcək. 2 saata onları alıb gəlirəm. Həmin anda başqa həlli vacib məsələ varsa, ailəmizin digər üzvü gedir və bir neçə günlük işlər həll olunur. Niyə də hər gün evdən çıxılsın, icazə verilsin? Başqa bir məhdudlaşdırma isə ailə üzvləri ilə bağlı ola bilər. Tutaq ki,5 nəfərin 5 də SMS-lə çıxmaq istəyir, buna icazə verilməməlidir. İki nəfər ailə işlərini rahatlıqla həll edə bilər. Həmçinin bizim ailələr də bu məsələni nəzərə almalıdır. Vaxtla bağlı məhdudiyyət tətbiqi də mümkün ola bilər. Gürcüstanda səhv etmirəmsə axşam 9-dan səhər 6-dək komendant saatıdır”.
Sayad Həsənli
Telegram kanalımız