Müğənni Əhməd Mustafayev "Dünya sənin, dünya mənim" adlı yeni klipini təqdim edib. İfaçı sözlərinin Məmməd Araza, musiqisinin Niyaməddin Musayevə aid olduğu mahnının “cover”ini rəsmi “YouTube” səhifəsinə yerləşdirib.
Yenisabah.az-a danışan müğənni mahnıya özünəməxsus şəkildə yanaşdığını və klipdə çatdırmaq istədiyi mesajların olduğunu bildirib:
“Klipdə çatdırmaq istədiyim mesajlar var. Klip, mahnı aranjemanı və ideya mənim özümə məxsusdur. Dünyada önəmli olan hər üç dinin mənsubları istər insanlığa, istər təbiətə və heyvanlara edilən haqsızlıqlara dur deməlidirlər. pizza
Klipdəki şəkillərlə insanlara “Dur!” demək istəyirik. Mən belə düşünürəm ki, kainatı və insanları yaradan Allah bu virusla insanlara sanki “durun, bəsdir!” deyir. Çünki hazırda bu virus yayılandan bəri nə meşələr yanır, nə səbəbsiz yerə heyvanlar öldürülür, nə də ki, insanlar bir-birlərinə zülm edir. Bir sözlə, insanlar artıq çirkin əməllərindən az da olsa kənar qalıblar. Yoxsulu, fəqiri özündən aşağı sayan insanların Allaha zərrə qədər də olsa inamının olduğunu düşünmürəm. Əgər olsaydı, özündən kasıb, fəqir insanların olduğunu bilə-bilə pullarını, var dövlətini tək özü yeməzdi, ehtiyacı olanlara kömək edib, yardım əli uzadardı.
Kimsə bu ifadəmə görə məndən inciməsin, sadəcə onu demək istəyirəm ki, insanların çoxu yolunu azmışdı və bu virus səbəbi ilə bəlkə, az da olsa həyatda normal şəkildə yaşamağı öyrəndilər.
Rəhmətlik Məmməd Arazın da dediyi kimi: Dünya sənin, dünya mənim, dünya heç kimin…
Ona görə də bu dünyada müvəqqəti yaşadığımız vaxt ərzində gözəl yaşamaq lazımdır, əqidəli, vicdanlı və imanlı olmaq lazımdır. Hər üç dinin mənsubları Allahın tək olduğunu bilə-bilə, dini ayrıseçkilik etmək əvəzinə, bir olub yer üzündə bütpərəst və hələ də Allaha inanmayanları haqq yoluna çağırmalıdırlar. Təqdim etdiyimiz klipdə “valideynlərinizin, həyat yoldaşınızın, təbiətin qədrini bilin” mesajları var. Allah Yer üzünü bizə əmanət edib. Biz insanlar isə təəssüf ki, əmənatə xəyanət edirik…”
Ə.Mustafayev mahnının məxsus olduğu, illərlə onun ifasında sevildiyi Xalq artisti Niyaməddin Musayevin də fikrini öyrəndiyini vurğulayıb: “Niyaməddin Musayevə zəng vurduq və hallallıq istədik. O, mahnının haqqını çox düzgün şəkildə verdiyimizi dedi. Şəxsən özü məni təbrik etdi. Zatən o cür sənətkardan da belə bir jest gözlənilirdi”.
Əsmətxanım
Telegram kanalımız