““Allahu-Əkbər” deyə- deyə qapı sındırmazlar”

saytların hazırlanması

Evə çatdırılma

““Allahu-Əkbər” deyə- deyə qapı sındırmazlar”

Siyasət

24 İyul 2020 09:48 975


İyulun 14-də orduya dəstək yürüşündən sonra bir qrup insanın Milli Məclis binasına zorakılıqla daxil olması ilə bağlı cinayət işinin istintaqı davam edir. Artıq şübhəli şəxs qismində tutulanlar da var. Milli Məclisə zorakılıqla daxil olma hadisəsinin  “Milli Məclisə hücum dövlət çevrilişinə cəhddir” kimi xarakterizə edilməsinə parlamentdə azlıqda olan partiyalar nə deyir?

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirdi ki, əslində iyul ayının 14-də nəcib və vətənpərvər bir təşəbbüsə kölgə salmağa cəhd edən bir qrup antimilli şəxslərin Milli Mıclisin binasına zorakılıqla daxil olması və orada dağıntılar törətmələri mahiyyət etibarilə hakimiyyətin mühüm bir qolu olan Milli Məclisin zəbt edilməsi anlamına gəlir: “Bu cəhd, heç şübhəsiz ki, dövlət çevrilişinə cəhd kimi qiymətləndirilə bilər.

Əgər həmin hadisənin qarşısı Azərbaycan hüquq-mühafizə orqanlarının, xüsusi olaraq Daxili İşlər Nazirliyinin operativ və yüksək peşəkarlıqla qarşısı alınmasaydı və həmin insanların hərəkətləri məhdudlaşdırılmasaydı, onlar yaxınlıqda yerləşən AzTV-yə daxil ola  bilərdilər, daha sonra yaxınlıqdakı Müdafiə Nazirliyinə də hücum ola bilərdi, daha sonra yaxınlıqda yerləşən Dövlət Təhlükəsizlik Xidməti də həmin qaragüruhun hücumuna məruz qala bilərdi. Bunlar gözlənilən idi. Bunlar ona görə baş vermədi ki, Azərbaycanın hüquq-mühafizə orqanları, xüsusən də DİN zamanında bu təhlükənin qarşısını ala bildi”. Sezar pizza

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı qeyd etdi ki, bu sualın cavabını vermək üçün bir az araşdırma aparmağa ehtiyac var: “Yəni belə birbaşa cavab vermək olmur. Yəni mən birbaşa o adamları görməmişəm, o prosesi izləmək imkanım olmayıb. Ona görə orada kimlərin iştirak edib-etmədiyini bilmirəm. Tutulanlardan isə, məsələn, bilirəm ki, Siyavuş Mustafayev var. O, həm də Dünya Azərbaycanlıları Konqresinin fəallarındandır. Siyavuş heç vaxt dövlətin əleyhinə hər hansı bir kənar istəyə qoşulmaz. Milli Məclisə girənlərə deyirmiş ki, ”nahaq yerə girirsiz buraya". Başqa niyyətlə Milli Məclisə daxil olanlar da ola bilər. Məsələn, içəri girəndən sonra “Allahu-Əkbər” nidaları bir az fərqli düşüncələrə səbəb olur. Çünki “Allahu-Əkbər” deyə-deyə qapı sındırmazlar, şüşə qırmazlar. Burada dini təmayüllü adamların çoxluğu, radikal dini meyilli insanların orada olması bir az şübhə doğurur və təəssüflənirsən. Çünki millətin öz ordusuna, dövlətinə dəstəyinin ifadə olunduğu hərəkatı bir qrup adam o cür kölgələndirdi".

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bildirdi ki, dövlət çevrilişinə cəhd ehtimal edilə bilər: “Faktiki olaraq bu bir təxribatdır və əgər dərinləşsəydi, digər qüvvələr bundan istifadə edə bilərdilər. Əgər Milli Məclisdə uzun müddət qala bilsəydilər, çox güman ki, dövlət çevrilişinə cəhd olacaqdı. Meydan tərəfdən də müəyyən qruplar bunu dəstəkləyə bilərdilər. Əgər Milli Məclisə daxil olanlar otaqları tutsaydılar, telefonlardan istifadə edərək çağırışlar etsəydilər tamam başqa bir mənzərə alınardı. Amma ən təhlükəli məqam odur ki, belə bir niyyətlər var. 25-30 il öncə zorakı yolla hansısa bir şəkildə hüququn, qanunun üstündən keçərək belə bir metodlarla hakimiyyəti ələ keçirmək niyyətləri aktualdır. 14 iyulda baş verən həmin təxribat da bunun simptomlarından biri idi. Sadəcə, vaxtında polis qarşısını almasaydı bu təxribat dövlət çevrilişinə qədər uzana bilərdi”.

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə isə bildirdi ki, dövlətin qanunvericilik hakimiyyətinin binasına hücum çox təhlükəli bir hadisədir: “Mənə belə gəlir ki, bu hadisənin səbəblərinə, arxasında duran məqamlara hüquq-mühafizə orqanları tərəfindən keçirilən istintaq cavab verəcək. Düşünürəm ki, dövlət qurumlarının hər bir mərkəzinə hücum hər zaman dövlətə hücum kimi qiymətləndirilir”.

Deputat Razi Nurullayev isə bildirdi ki, Milli Məclisə daxil olan həmin insanların kimliyini, hansı məqsədlə oraya daxil olduqlarını və niyyətlərinin nə olduğunu hüquq-mühafizə orqanları araşdırır: “Biz isə kənar müşahidəçi kimi nəyi deyə bilərik. Birincisi, Milli Məclisə o şəkildə daxil olmaq qanunsuz idi. İkincisi, meydana  toplaşan insanların çoxu orduya dəstək üçün toplaşmışdı. Belə demək olar ki, bu yürüş-aksiya prezidentə dəstək aksiyası idi. Amma insanların çoxluğunu görərək buraya toplaşan insanların xoş məramını mənfi istiqamətə çevirmək və başqa məqsədlər üçün istifadə etmək cəhdləri də olmamış deyil. Onun üçün də hazırda bu məsələ ilə hüquq-mühafizə orqanları məşğuldur. Ümid edirəm ki, onlar bu məsələdə tam ədalətli bir mövqe tutacaqlar, məhz bu məsələni dərindən araşdıracaqlar ki, günahı olanlar cəzalandırılsın, heç bir günahı olmayan insanlar cəzalandırılmasın. Oraya yığılan insanların emosiyasından öz məqsədləri üçün istifadə eləmək istəyən insanlar, qruplar da ola bilərdi. Bizim üçün də maraqlıdır ki, doğrudan da belə cəhdlər olubmu. Olubsa, bu, yolverilməzdir. Dövlət çevrilişinə cəhd etmək, təbii ki, yolverilməzdir”. /”Yeni Müsavat”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!