Müstəqillik əldə etdikdən sonra Azərbaycan iqtisadiyyatının digər sahələri kimi, kənd təsərrüfatının da inkişafına gedən yol asan olmadı. Bu baxımdan aqrar sektordakı indiki uğurlar gərgin əmək və həyata keçirilən düzgün siyasət sayəsində əldə edilib.
Ölkəmiz artıq nəinki bir çox strateji məhsullara olan tələbatını yerli istehsal hesabına ödəyir, hətta xaricə də kənd təsərrüfatı məhsulları ixrac edir. Bu gün Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda aqrar sektoru müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək üçün çox işlər görülür. Təsadüfi deyil ki, 2003-cü ildə Prezident seçildikdən sonra onun imzaladığı ilk fərman və sərəncamlarda aqrar sahənin inkişafı mühüm yer tutub.
Kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olanlar torpaq vergisindən başqa bütün növ vergilərdən azad edildilər, onlara istifadə etdikləri yanacaq və sürtkü yağlarına, gübrə, toxum və damazlıq heyvanlara görə subsidiyalar verilməyə başlandı, buğda, pambıq, barama, tütün, çəltik, fındıq və s. ənənəvi məhsulların istehsalçılarına əlavə güzəştlər olundu. Onu da qeyd edək ki, həmin imtiyazlar günü bu günəcən davam edir. Aqrar sahənin inkişafında maliyyə dəstəyi mühüm rol oynayır. Odur ki, bu gün Azərbaycanda digər sahələrdə çalışan sahibkarlarla yanaşı, fermerlərə də güzəştli kreditlər verilir. Bu vəsaitdən səmərəli istifadə edən fermerlərin bir çoxu öz təsərrüfatlarını iri fermer təsərrüfatlarına çevirirlər. pizza mizza
Artıq ölkədə onlarla iri fermer təsərrüfatı fəaliyyət göstərir. Həmin təsərrüfatların fəaliyyəti istehlak bazarının sabitləşməsində, ixrac potensialının artmasında, idxaldan asılılığın azalmasında, ümumilikdə ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, deputat Razi Nurullayev bildirib ki, xüsusən işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı üçün xeyli işlər görülür:
“Ümumiyyətlə kənd təsərrüfatının müxtəlif sahələri üzrə Azərbaycanın bütün regionları əlverişlidir. Elə bir zamana, texnoloji inkişaf mərhələsinə gəlib çatmışıq ki, istixanalar içərisində hər şey yetişdirmək olar. Hətta Bakı şəhərində ümumilikdə 20 hektardan çox ərazidə banan yetişdirilib və Azərbaycan bazarına çıxarılıb. Hazırda Şərqi Zəngəzur və Qarabağ zonası əsasən, üzümçülük, taxılçılıq, meyvəçilik və heyvandarlıq üzrə daha məqbul bir ərazidir.

Dövlət də məhz bu sahəyə xeyli vəsait ayırır. İşğaldan azad edilmiş ərazilərdə aqromərkəzlər yaradılıb. Artıq orada torpaqlar insanlara da icarəyə verilir ki, onlar əkinlə məşğul olsunlar. Bunları nəzərə alaraq deyərdim ki, Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin olunması baxımından taxıl məhsullarının yetişdirilməsi vacibdir. Digər tərəfdən, Qarabağ zonası hər zaman şərabçılıqla məşhur olub və orada ermənilər də buna çox böyük maraq göstərmişdilər.
Bu nöqteyi-nəzərdən, meyvəçiliyin inkşafı da olduqca vacibdir. Heyvandarlıq üçün isə xüsusən Cəbrayıl, Kəlbəcər rayonları və deyərdim ki, bütövlükdə Qarabağ zonası əlverişlidir. Bundan savayı biz Laçın, Qubadlı və Kəlbəcərdə arıçılığı da əsas tuta bilərik. Sadaladığım rayonlarda arıçılığın inkişafı üçün bütün imkanlar var”.
Millət vəkili aqrar təsərrüfatda pambıqçılığın rolundan da bəhs edib:
“Hər halda Azərbaycanda pambıqçılığın inkişafı ilə bağlı dövlət proqramı da oldu. Pambıq strateji valyuta gətirən bir sahə olduğu üçün, dövlətin də bu sahədə marağı var. Bütün icra hakimiyyətlərinə, aidiyyəti dövlət qurumlarına və Kənd Təsərrüfatı Nazirliyinə də bu istiqamətdə göstəriş verilib. Sadəcə olaraq, əvvəlki qədər yağışlar yoxdur.
Pambığın yağıntıya və sulamaya çox ehtiyacı olduğundan, onu necə gəldi əkmək mümkün deyil. Belə olanda pambığın məhsuldarlığı az olur. Onun intensiv şəkildə becərilməsi və sulama sistemi ilə əhatə olunması pambıqçılığın inkişafına şərait yarada bilər. Düşünürəm ki, bu sahənin daha da inkişaf etdirilməsi həm gəlir, həm də yeni iş yerlərinin yaradılması baxımından yaxşı olardı”.
Nazim Hacıyev
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır.

Telegram kanalımız