Politoloq Oqtay Qasımovun "Yeni Sabah"a müsahibəsi:
– Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan son günlər bir sıra bəyanatları ilə Azərbaycan tərəfində qıcıq yaradır. Ermənistanın XİN rəhbəri bildirib ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları yoxdur. 2026-ci ildə baş tutacaq referendumda bu məsələyə baxacağıq. Bu, Paşinyan və partiyasının parlament seçkiləri öncəsi uduzmamaq üçün bir taktikasıdırmı?
– Yeni fikir deyil. Zaman-zaman Ermənistan rəhbərliyi tərəfindən belə açıqlamaların şahidi oluruq və bu açıqlamalar çox vaxt ziddiyyətli xarakter daşıyır. Bəzi hallarda onlar etiraf edirlər ki, konstitusiyada Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları yer alıb, bəzən isə bunu inkar etməyə çalışırlar. Dördpendirli pizza
İl yarım öncə Paşinyanın açıqlamasını xatırlayaq. Həmin açıqlamada Paşinyan qeyd edirdi ki, Ermənistanın hazırkı konstitusiyası onun qonşuları ilə normal münasibətlər qurmasına mane olur. Ona görə də konstitusiya dəyişməlidir. Çünki konstitusiyanın preambulasında Ermənistanın dövlət müstəqilliyi haqqında akta istinad var. Həmin dövlət müstəqilliyi aktında isə bir mənalı şəkildə Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları yer alıb. O baxımdan, Ararat Mirzoyanın bu açıqlaması da əsassızdır və həqiqətə uyğun deyil.
– DW nəşrinə müsahibəsində Ararat Mirzoyan deyib ki, guya dəhlizə nəzarət funksiyasının rus sərhədçilərinə verilməsi məhz Azərbaycanın təşəbbüsü olub. Halbuki 2020-ci ilin üçtərəfli atəşkəs bəyanatında həmin şərt açıq şəkildə bəyan edilib...
– Şübhəsiz, Mirzoyanın bəyanatı həqiqəti əks etdirmir. Bu müzakirələr üçtərəfli formatda 2020-ci ilin 9-10 noyabrında aparılıb və tərəflər bu məsələyə razılıq veriblər.
O dövrün şərtlərinə görə, Rusiya Cənubi Qafqazda əsas güc hesab olunurdu, onun Ermənistan ərazisində hərbi bazası, o cümlədən İran və Türkiyə sərhədində sərhəd qoşunları yerləşirdi. Rusiya bu təşəbbüsü irəli sürərkən məhz öz sərhədçilərinin İranla sərhəddə Ermənistan ərazisində yerləşməsini əsas götürürdü.
Ararat Mirzoyanın hazırda bu cür iddialarla çıxış etməsi, yumşaq desək, anlaşılan deyil.
– Azərbaycan-Ermənistan sərhədində 12 kilometrlik məsafədə sərhədin delimitasiyası tamamlanıb. Lakin Mirzoyan iddia edir ki, prosesin davam etdirilməsini Azərbaycan tərəfi ləngidir. Bu iddia həqiqətə uyğundurmu?
– Əlbəttə, delimitasiya və demarkasiyada müəyyən problemlər var və Azərbaycan tərəfi bununla bağlı öz mövqeyini açıq şəkildə ifadə edib. Sərhədlərin müəyənləşdirilməsi ilə bağlı artıq komissiyanın fəaliyyəti haqqında əsasnamə qəbul olunub. Bu prosesin ləng getməsinə gəlincə, ilk növbədə, qeyd etmək lazımdır ki, ümumiyyətlə bu, uzun zaman aparan və kifayət qədər zəhmət tələb edən bir işdir.
Prosesin aparılması ilə bağlı Azərbaycan tərəfindən hansısa maneələrin olması absurddur. Sadəcə olaraq, Azərbaycan tərəfi Ermənistandan tələb edir ki, hazırkı durumda da Ermənistanın işğalı altında qalan dörd kəndimizin geri qaytarılması məsələsi həllini tapsın. Bunlar Qazax rayonunda yerləşən Yuxarı Əskipara, Barxudarlı, Sofulu kəndləri olmaqla üç kənd və Naxçıvan tərəfdə Kərki kəndidir.
Şübhəsiz, bu məsələ kifayət qədər mürəkkəbdir və bununla bağlı anlaşmanın əldə olunması üçün zamana ehtiyac var. Bu baxımdan, Mirzoyanın bu iddiası da əsassızdır. Yəni Ermənistan bu prosesdə də üzərinə düşən öhdəliyi yerinə yetirməli və işğal altında saxladığı dörd kəndi geri qaytarmalıdır.
– Mirzoyan, həmçinin vurğulayıb ki, yaxın gələcəkdə Ermənistan ərazisindən enerji kəmərləri keçə bilər. Azərbaycanın belə bir riskə gedəcəyini düşünürsünüzmü?
– Əlbəttə, nəzəri baxımdan bu mümkündür. Ancaq bu yalnız o zaman mümkün ola bilər ki, Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə nail olunsun, tərəflər sülh müqaviləsini imzalasınlar. Bunun üçün Ermənistan konstitusiyasında dəyişikliklər edilməli, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı müddəalar aradan qaldırılmalıdır. Ermənistan gerbindəki simvolika dəyişdirilməli, kommunikasiya xətləri açılmalı və etimad mühiti formalaşmalıdır.
Bundan sonra belə layihələrin həyata keçirilməsi mümkün ola bilər. Azərbaycan tərəfi də bu məsələyə təmkinli, eyni zamanda müsbət yanaşır.
Məhz Zəngəzur dəhlizinin keçdiyi ərazilərdən gələcəkdə enerji kəmərlərinin keçirilməsi mümkün variantlardan biridir. Ancaq bunun üçün ilkin şərt Ermənistanla sülhün əldə olunması, etimad mühitinin yaradılması və Zəngəzur dəhlizi ilə digər kommunikasiya xətlərinin açılmasıdır.
Aytac Əliyeva
Telegram kanalımız