Arıqlamaq istəyənlərin içdiyi bu çay əslində nə edir? - Dietoloq açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Arıqlamaq istəyənlərin içdiyi bu çay əslində nə edir? - Dietoloq açıqladı

Sağlamlıq

09 May 2026 19:27 112


Zəncəfil çayı son illərdə arıqlamaq istəyənlərin ən çox müraciət etdiyi içkilərdən birinə çevrilib. Sosial şəbəkələrdə ona “yağ əridən təbii vasitə”, “qarın piyini yox edən çay”, hətta “detoks möcüzəsi” deyənlər var. Amma həkimlər və dietoloqlar daha ehtiyatlı danışırlar. Çünki zəncəfil doğrudan da orqanizmə müəyyən təsir göstərsə də, onu sehrli arıqlama üsulu hesab etmək düzgün deyil.

“Yeni Sabah” xəbər verir ki, əslində zəncəfil qədimdən həm Çin, həm Hindistan, həm də Şərq təbabətində istifadə olunan bitkidir. Onun əsas gücü tərkibindəki gingerol və şoqaol maddələrindən gəlir. Məhz bu komponentlər orqanizmdə iltihab əleyhinə və istilikyaradıcı təsir göstərir. Alimlər hesab edir ki, zəncəfil müəyyən qədər maddələr mübadiləsini sürətləndirə, həzmi yaxşılaşdıra və iştahanı azalda bilər.

Rusiyalı dietoloq Aleksey Kovalkov bu barədə müsahibələrinin birində bildirib ki, insanlar zəncəfilə çox vaxt yanlış ümid bağlayırlar. Onun sözlərinə görə, artıq çəkinin əsas səbəbi yüksək kalorili qidalanma və az hərəkətdir, zəncəfil isə sadəcə yardımçı vasitə ola bilər. Dominos pizza

Kovalkov deyir:

“Heç bir çay insanı təkbaşına arıqlatmır. Zəncəfil yalnız düzgün qidalanma fonunda müəyyən effekt verə bilər”.

Dietoloq xüsusilə vurğulayır ki, insanlar gecə saatlarında şəkərli zəncəfil çayı içib sonra arıqlamadıqlarına təəccüblənirlər. Halbuki bal, şəkər və müxtəlif şirin əlavələr çayın kalorisini artırır.

Bəzi tədqiqatlarda göstərilir ki, zəncəfil toxluq hissini uzada bilər. İnsan daha gec acır və nəticədə daha az qida qəbul edir. Bu isə dolayı yolla çəkiyə təsir edir. Xüsusilə, yeməkdən sonra yaranan şişkinlik və köp hissini azaltdığı üçün insanlar özlərini daha “yüngül” hiss edirlər.

Mütəxəssislər bildirirlər ki, zəncəfil çayı ən çox həzm sistemi üzərində təsiri ilə seçilir. O, mədənin fəaliyyətini sürətləndirə, bağırsaq hərəkətlərini aktivləşdirə və qidanın daha rahat həzm olunmasına kömək edə bilər. Buna görə də ağır yeməklərdən sonra bir çox insan zəncəfil çayına üstünlük verir.

Amma bu bitkinin başqa təsirləri də var. Soyuqdəymə zamanı isti zəncəfil çayı içənlərin çoxu boğaz ağrısının azaldığını və tərləmənin artdığını deyir. Həkimlər bunu onun istilikyaradıcı xüsusiyyəti ilə əlaqələndirirlər. Bundan başqa, zəncəfilin ürəkbulanmasına qarşı təsiri ilə bağlı kifayət qədər elmi araşdırma mövcuddur. Hətta bəzi ölkələrdə hamiləlik zamanı yaranan ürəkbulanmasında həkim nəzarəti altında istifadə olunur.

Lakin zəncəfil hər kəs üçün təhlükəsiz hesab olunmur. Məhz bu hissə sosial şəbəkələrdə çox vaxt gizlədilir.

Aleksey Kovalkov xəbərdarlıq edir ki, mədə problemi olan insanlar zəncəfildən çox ehtiyatla istifadə etməlidirlər. Çünki bu bitki mədə turşuluğunu artıra bilər. Xüsusilə qastrit, reflüks və xora problemi olan insanlarda yanma hissi yarana bilər.

Həkimin sözlərinə görə, aşağıdakı insanlar zəncəfil çayını diqqətlə istifadə etməlidir:

1. yüksək turşuluqdan əziyyət çəkənlər,

2. mədə xorası olanlar,

3. öd kisəsi problemi yaşayanlar,

4. qan durulaşdırıcı dərman qəbul edənlər,

5. aşağı təzyiqdən əziyyət çəkənlər,

6. ciddi ürək xəstələri.

Çünki zəncəfil qanın laxtalanmasına təsir göstərə bilir. Bu isə bəzi dərmanlarla birlikdə risk yarada bilər.

Kovalkov xüsusilə qadınların sosial şəbəkə “detoks reseptləri”nə kor-koranə inanmamasını tövsiyə edir. Onun fikrincə, internetdə yayılan “7 günə 5 kilo arıqla” tipli zəncəfil reseptlərinin əksəriyyəti elmi əsas daşımır:

“İnsanlar çox vaxt aclığı arıqlamaq hesab edirlər. Zəncəfil iştahanı müvəqqəti azalda bilər, amma orqanizmi zəiflətmək hesabına çəki itirmək sağlam üsul deyil”.

Maraqlıdır ki, zəncəfilin həddindən artıq istifadəsi bəzi insanlarda tam əks təsir yarada bilər. Həkimlər bildirirlər ki, çox güclü hazırlanmış zəncəfil çayı ürəkdöyünmə, tərləmə, başgicəllənmə, qarın ağrısı, ishal yarada bilər.

Dietoloqlar bu çaydan gündə 1-2 fincandan artıq istifadə etməməyi məsləhət görürlər. Xüsusilə boş mədəyə çox konsentratlı zəncəfil içmək təhlükəli sayılır.

Bəzi insanlar zəncəfilə limon və bal əlavə edir. Bu qarışıq immunitet üçün faydalı hesab olunur. Amma dietoloqlar xəbərdarlıq edir ki, arıqlamaq istəyənlər çox bal əlavə etməməlidir. Əks halda içkinin kalorisi artır.

Ən maraqlı məqamlardan biri isə budur ki, alimlər zəncəfilin faydalarını qəbul etsələr də, onun “möcüzəvi yağyandırıcı” olduğunu təsdiqləmirlər. Tədqiqatların əksəriyyətində təsirin zəif və ya orta səviyyədə olduğu qeyd edilir. Başqa sözlə, yalnız zəncəfil çayı içməklə ciddi arıqlamaq mümkün deyil.

Yəni zəncəfil çayı arıqlama prosesini müəyyən qədər dəstəkləyə bilər, amma həyat tərzini dəyişmədən heç bir möcüzə yaratmır.

Əsmətxanım Rzazadə

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!