Futbol üzrə Avropa Çempionatı növbəti ayın, yəni iyunun 14-dən etibarən start götürəcək. Almaniyanın ev sahibliyində baş tutacaq turnirdə 24 ölkənin milli komandası təmsil olunacaq. Artıq çempionatda iştirak edəcək millilərin bəziləri ilkin heyyətlərini təqdim edib. Bəs görəsən, bütün futbol azarkeşlərinin səbrsizliklə gözlədiyi AVRO 2024-ün favoriti və ya favoritləri hansı milli komandalardır?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Aut.az saytının baş redaktoru Natiq Muxtarlı bildirib ki, turnirin aşkar favoritləri İngiltərə, Fransa, İspaniya və Portuqaliya seçmələridir:
“Bir deyim var: Futbol proqnozu sevmir. Etiraf edək ki, bu deyim dəfələrlə təsdiqini tapıb. Hamının favorit gördüyü yığmalar Avropa və ya dünya çempionatında heç qrup mərhələsini də adlaya bilməyib. Bu amilli nəzərə alsaq, Avropa çempionatı üçün proqnoz vermək çətindir. Müasir futbolda məğlubedilməz komanda yoxdur. İstənilən yığma sensasiyaya imza ata bilər. Danimarkanın, Yunanıstanın sensasiyalı şəkildə Avropa çempionu olduğunu unutmayaq. Amma bununla belə, təbii ki, Avropa çempionatının ənənəvi favoritləri var. Mənim fikrimcə, Fransa, İngiltərə, Portuqaliya və İspaniya əsas favoritlərdir. Meydan amili Almaniya üçün üstünlükdür. Amma bu yığma hələ də qeyri-sabit oyun göstərir. Düşünmürəm ki, belə tendensiya ilə Almaniya çempion ola bilsin”. Marqarita pizza
Natiq Muxtarlı çempionatın sürpriz edə biləcək millilərini də qeyd edib:
“Bəs sürpriz komanda kim olacaq? Bu statusa namizədlərin sayı lap çoxdur. Avropa çempionatı nəhəng turnir, həm də nəhəng bazardır. Futbolçular bu bazarda özlərini göstərmək üçün mümkün olan hər şey edəcəklər. Xüsusən də favorit sayılmayan yığmaların üzvləri. Gürcüstan qrup mərhələsini adlasa, təəccüblənmərəm. Macarıstan da dişli yığmadır. Onlardan Avropa çempionatında ən böyük sensasiyanı gözləyə bilərik. Avstriyanı da diqqətdən qaçırmaq olmaz. Türkiyənin şansları necədir? Türkiyə yığmasında çox istedadlı futbolçular var. Amma onların bu çempionatda ciddi uğur qazanacağını düşünmürəm. Bu komandanın tam formalaşması, püxtələşməsi üçün zamana ehtiyac var. Bütün bunlar proqnozdur: amma çempionatda hər şeyi həm də xırda detallar həll edir. Futbolçuların fiziki, psixoloji durumu, hazırlıq səviyyəsi. Hansı yığma bu cəhətdən daha üstündür? Bunu yalnız çempionat başlayandan sonra biləcəyik. İlk turdan sonra kimin favorit, kimin autsayder olduğu, kimin başından hündürə tullana biləcəyi böyük ölçüdə bəlli olacaq”.
Nazim Hacıyev
Telegram kanalımız