“Rusiyanın öz qazının hansısa valyutada satması qərarı özünün səlahiyyətində olan bir məsələdir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.
O, Rusiya qazının rublla ödənişlərini, o cümlədən Avropanın Rusiya qazından asılılığı azaltmaq üçün irəli sürdüyü mexanizmləri belə şərh edib: pizza
“Hazırda Rusiya öz qazının 59%-ini avro, 3%-ini funt-sterlinq, 38%-ini isə dollarla satır. Yəni funt-sterlinqlə, avroyla və yaxud dollarla sata bilirsə, təbii ki, rublla da sata bilər. Burada qeyri-adi heç nə yoxdur. Ancaq məsələ ondan ibarətdir ki, Rusiyanın “Qazprom” şirkəti satdığı qazı müqavilələr əsasında həyata keçirir. Müqavilənin tərkib hissəsində ödəniş valyutası qeyd olunur. Yəni sadəcə müqavilələrə yenidən baxılması zərurəti yaranacaq, o cümlədən müqavilə şərtlərinin dəyişdirilməsi məsələləri də müzakirə edilə bilər.
Ola bilər ki, Rusiya rublla qazı satmağı gələn həftədən olmasa da, müqavilələrin vaxtı bitdikdə və yaxud yeniləndikcə edə bilsin. Bu, bir həftə, bir gündə baş verəcək bir proses deyil. Çünki müqavilə şərtlərinin pozulması halı ortaya çıxa bilər. Rusiya da hazırda qaz satışından imtina etmək niyyətində deyil. Çünki bu, Rusiyanın əsas təsir aləti olmaqla yanaşı, həm də ölkənin sabit valyuta gəlirlərini təmin edir”.
Mütəxəssisin sözlərinə görə, Rusiya qazın rublla ödənişini həyata keçirə biləcək, çünki artıq tərəflər arasında iqtisadi müharibə gedir:
“Üstəgəl Rusiya həm rublu dəstəkləmək, həm də xarici valyutada olan rezervlərini diriltmək istəyir. Təbii ki, bu, sırf hüququ məsələlərdir”.
“Avropa Rusiyadan qaz asılılığını aşağı salmaq istəyir, lakin yaxın perspektivdə bu, mümkün deyil. Çünki Avropanın qaz təchizatının 41%-ini Rusiya həyata keçirir. Bəzi ölkələr də isə hətta 80-90%-ini. Məsələn, Almaniyada bu göstərici 65%, Avstriyada isə 80% civarındadır. Bir qisim ölkələr də var ki, bütün qazı “Qazprom”dan alır. Təbii ki, Avropa uzunmüddətli dönəmdə bu asılılığı aşağı salmağa çalışacaq, lakin qısamüddətli dönəmdə bu, mümkün deyil”, - deyə ekspert fikirlərini tamamlayıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız