“Fransa Senatının qəbul etdiyi qətnamə çox absurddur, o cümlədən bunun elə bir hüquqi gücü də yoxdur və onun hansısa bir formada irəliləməsi də mümkün deyil”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadi-ekspert Natiq Cəfərli deyib.
Mütəxəssis ötən gün Milli Məclisdə Azərbaycan ərazisində fransız aktivlərinin dondurulması ilə bağlı yayımlanan bəyanat münasibət bildirib. Dominos pizza
İqtisadi analitikə görə, Avropa Birliyinin daxilində onu blok edəcəklər:
“Elə İtaliyanın özü belə bunu blok etməyə qadirdir. Çünki İtaliya qaz və neft sahəsində Azərbaycandan öz ehtiyaclarının az qala 1/3-ni təmin edir. Ona görə də bu qətnamənin hansısa bir formada realizə olunması mümkün deyil”.
Mütəxəssisin fikrincə, Fransa Senatının bu qərarı sülhə böyük bir zərbə vuran addımdır:
“Ümumiyyətlə, bununla da Fransanın gələcəkdə hansısa bir formada Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsindəki iştirakı tamamilə mümkünsz hala gəldi”.
N. Cəfərlinin sözlərinə əsasən, Azərbaycan parlamentarilərinin mövqeyinə gəldiksə isə bu, siyasi sənəd və mövqe olaraq, anlaşılandır:
“Lakin praktiki addımlardan biri kimi, Fransa aktivlərinin dondurulması çox məntiqsiz bir yanaşmadır. Çünki qarşılıqlı belə bir addım atılsa, bunun mənfi tərəfi çox olacaq. Nəzərinizə çatdırım ki, Azərbaycan Neft Fondunun belə Fransa ərazisində daşınmaz əmlakı, aktivləri və hesabları var. Ona görə də parlamentin irəli sürdüyü bu təklif çox məntiqsizdir. Çünki qarşılıqlı şəkildə belə bir addım atılsa, uduzan Azərbaycan tərəfi olacaq. Ona görə ki, Fransa şirkətlərinin Azərbaycandakı aktivləri o qədər də böyük deyil. Ən böyük aktiv “Total” şirkətinin neft-qaz layihələrindəki iştirakıdır ki, bu da beynəlxalq müqavilələrlə tənzimlənir”.
İqtisadçının proqnozlarına görə, əgər Azərbaycan bu addımı atsa, beynəlxalq məhkəmələrdə “Total”ın elə iddialarıyla qarşılaşa bilərik ki, Azərbaycan dondurduğu vəsaitdən bir neçə dəfə artıq vəsait itirə bilər:
“Ona görə, bu da yanlış və emosional bir yanaşmadır. Mən bunun baş verəcəyinə inanmıram. Çünki parlamentarilərin dediyi bir başqa, dövlət siyasəti isə bir başqadır. Düşünmürəm ki, Xarici İşlər Nazirliyi və dövlət orqanları bununla bağlı hansısa bir addım atsınlar”.
“Hansı addım daha çox effekt verə bilər” sualına isə o, belə cavab verdi:
“Məsələn, Azərbaycanda çalışan fransız şirkətləriylə dövlət-hökumət qurumlarının bir görüşü təşkil olunmalı və onlarla dialoq mühiti yaradılmalıdır. Habelə onların Fransa ərazisindəki mediaya çıxışları, lobbi qrupları və Fransa hökumətinə təsir mexanizmlərindən istifadə etmək olar. Bu doğru yanaşma məhz belə ola bilər ki, o şirkətlər Azərbaycanın lobbiçiliyinə çevrilsin və maraqlarımız nəzərə alınaraq, Fransada da buna uyğun addımların atılmasına dəstək versinlər. Onsuz da onlardan qeyri-qanuni və qeyri-adi heç nə tələb etmirik. Sadəcə bu münaqişə ilə bağlı beynəlxalq hüquqa söykənən və reallıqları özündə əks etdirən Azərbaycanın mövqeyinin dəstəklənməsini istəyirik. Bu da, əslində, normal bir yanaşmadır.
Ona görə də fikrimcə, Azərbaycan tərəfi bu məsələlərdə emosiyalarını bir kənara qoyub, daha praqmatik və daha effektiv addımlar atmalıdır”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız