“Azərbaycan gömrük rüsumunu və ƏDV-ni ləğv etməlidir!” - İqtisadçı

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan gömrük rüsumunu və ƏDV-ni ləğv etməlidir!” - İqtisadçı

İqtisadiyyat

14 Aprel 2022 16:17 763


“Prezident İlham Əliyevin yanında, birinci rüblə bağlı Nazirlər Kabinetinin toplantısı oldu və bir çox məsələlərlə bağlı müzakirələr aparıldı. Əsas diqqət çəkən məqamlardan biri inflyasiya rəqəmləri oldu”.
 
Yenisabah.az xəbər verir ki, bu fikirləri iqtisadçı Natiq Cəfərli Respublikaçı Alternativ - REAL Partiyası-nın facebook səhifəsində bildirib.
 
“Prezidentin dediyi kimi ərzaq inflyasiyası 18%-ə çatıb. Bu kifayət qədər böyük rəqəmdir və bunun artmasının səbəblərindən biri kimi nazirlər Kabinetinin iclasında idxal inflyasiyasına diqqət çəkildi, yəni xaricdən gətirilən məhsulların qiyməti artıb deyə, Azərbaycan daxilində də, qiymət artımına səbəb olub. 

Doğrudan da dünyada ərzaq indeksinin yüksəlməsi, qiymətlərin artması, logistikanın bahalaşması baş verir. Həm pandemiya ilə, həm də Rusiyanın Ukraynaya təcavüzü nəticəsində qiymətlər artıb. Amma suallar yaranır ki, Azərbaycanın özünün ərzaq təhlükəsizliyi probleminə niyə bu qədər səthi yanaşıb ki, xaricdən bu qədər asılı vəziyyətə düşmüşük. 

Burdan qısa müddətli və uzun, orta müddətli çıxış yolları da var. Orta və uzun müddətli çıxış yolları haqqında dəfələrlə, illərdə danışdığımız yollardır ki, iqtisadiyyat daha da liberallaşmalıdır. İnvestisiyalar artmalıdır. Kənd təsərrüfatına elmi yanaşmalar ortalığa qoyulmalıdır ki, ərzaq təhlükəsizliyi məsələsi həllini tapsın. 

Amma qısa müddətli yanaşma da mümkündür. İndiki fors-major situasiyasında, qiymət artımının artmasının qarşısını almaq üçün hökumət, əsas ərzaq məhsulları ilə bağlı gömrük rüsumunu və ƏDV-ni ləğv etməlidir. Bu iki məsələ həllini tapsa, ölkədə, ən azından qiymət artımının qarşısını almaq, sürətlə bahalaşmanın qarşısını almaq olar. Bəzi ərzaq məhsulları ilə bağlı qiymətlər, hətta ucuzlaşa da bilər, çünki rəqabət artacaq, ölkəyə mal gətirmək istəyən şəxslərin və firmaların, şirkətlərin sayı artacaq. Rəqabət nəticəsində qiymət artmasının tənzimlənməsi mümkün olacaq, çünki rüsumların sıfırlanması, vergilərin sıfırlanması əlavə stimul yaradacaq”. pizza

N.Cəfərli deyib ki, müşavirədə iştirak edənlər, süni qiymət artımından da danışıblar.

“Süni qiymət artımı normal bazar iqtisadiyyatı və rəqabətli mühit olan ölkələrdə mümkün deyil. Dövlət tərəfindən tənzimlənən qiymətlərdə, süni qiymət artımının olub-olmaması ilə bağlı dövlətin monitorinq keçirmək hüquqları var və bu, tarif şurası tərəfindən tənzimlənən qiymətlərə aiddir. Biznesdə isə, bazar iqtisadiyyatı şəraitində isə qiymət artımı mümkün deyil”. 

Prezidentin özünün də süni qiymət artımından danışdığını qeyd edən Natiq Cəfərli ölkədə bazar iqtisadiyyatının, rəqabət mühitinin və liberal bazar dəyərlərinun oturuşmadığını bildirib.

“Pərakəndə satışda isə süni qiymət artımından danışmaq yersizdir, çünki pərakəndə satışın əsas dövlət tərəfindən, dövlət orqanları tərəfindən yaratdığı öhdəlik vergi məsələsidir. İş adamları, fiziki və ya hüquqi şəxslər, fərq etməz, aldıqları məhsulu, satdıqları qiymətdən, qazanclarından vergi verməlidirlər, yəni başqa öhdəlikləri yoxdur. 

Süni qiymət artımı varsa, deməli ölkədə bazar iqtisadiyyatı qaydaları işləmir və yaxud inhisarçılıq mövcuddur. Ölkəyə mal gətirən şirkətlərin sayı az olduğundan, bazarda dominant mövqeyə malikdirlər bu inhisarçı şirkətlər. Bunun da qarşının alınması üçün iqtisadiyyatın liberallaşdırılması və gömrük, vergi rüsumlarının azaldılması və yaxud ən azı müəyyən müddətə ləğv edilməsidir. Bu baş verərsə, süni qiymət artımı ki, Sovetdən qalma yanaşma və təfəkkür də, bizim leksikondan və gündəliyimizdən çıxacaq”.
 
Cavad Salmanlı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!