Azərbaycan-İran birgə təlimləri: “Sepah”la aramızda hərbi buzlar tam əridi?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan-İran birgə təlimləri: “Sepah”la aramızda hərbi buzlar tam əridi?

Siyasət

25 Noyabr 2024 16:44 1783


2022-ci ilin dekabrında Azərbaycan-İran münasibətləri gərgin olarkən Arazın şimal sahilində “Sepah”ın eyni bölgədə hərbi təlimlərinə cavab olaraq Azərbaycan Ordusu Türkiyə hərbçiləri ilə oxşar təlim keçirmişdi. Aradan 2 il ötəndən sonra, yəni 2024-ün noyabrında artıq Azərbaycan Ordusu “Sepah”la birgə təlim keçirməkdədir. 

“Dövlətlərarası münasibətlərdə hər dövrdə gərginliklər olub. Bu kimi proseslər vaxtaşırı baş verir. Ancaq burada diplomatiyanın rolu ondan ibarətdir ki, anlaşılmazlıqları, mübahisəli məsələlərin hamısını problem böyümədən aradan qaldırılsın”, - bunu “Yeni Sabah”a mövzuya dair danışarkən politoloq politoloq Tofiq Abbasov deyib. 

pizza mizza

Şərhinin davamında o qeyd edib: “Həm Azərbaycan, həm İran diplomatiyası yaxşı başa düşür ki, faktiki olaraq, kənar qüvvələr regiona can atır. İkinci Qarabağ müharibəsi bitən kimi Prezident İlham Əliyev altılıq formatında (3+3) təşəbbüs irəli sürdü. O bildirdi ki, 6 bölgə dövlətinin həmahəng çalışması son dərəcə vacib və tələb olunan məsələdir. 

İran tərəfi bu təşəbbüsə son dərəcə məmnuniyyətlə yaxınlaşdı və bəyəndi. Rəsmi Tehranın bəzi anlaşılmaz addımları elə məhz Ermənistanın təxribatçı hərəkətləri ilə bağlı idi. Həmçinin, İran çalışırdı ki, Zəngəzur dəhlizi kontekstində Ermənistanla sərhədi itirməsin. Rəsmi Tehran məsələni çox şişirtmişdi. Amma sonradan proseslər yenidən normal məcraya qayıtdı. 

Doğrudur, həm Bakının Tehrana, həm də Tehranın Bakıya deməyə sözü var. Amma siyasətin də özünəməxsus çalarlarından biri odur ki, bəzi nüanslar bizim ürəyimizcə deyilsə belə, onu anlayışlı qarşılamalıyıq. Məsələn, İran həmişə iddia edirdi ki, İsrailin Azərbaycanda bazası var və bu özünə qarşı ciddi təhdiddir. Amma dəfələrlə bildirmişik ki, istənilən üçüncü ölkəyə ərazimizdən İrana qarşı hücum etməyə qətiyyən icazə vermərik. Eyni zamanda, təhdid yaratmayacağı təqdirdə İranın da Ermənistanla müxtəlif əlaqələr qurması bizim üçün problem təşkil etmir. Hərbi təlimlər də onu göstərir ki, kənar qüvvələrin hərbi təhdidləri olacaqsa, biz onu birgə səylərlə qarşılayıb yola salmalıyıq”.

Artıq Azərbaycan və İran orduları bir neçə hərbi təlim keçib. Ötən həftə Müdafiə Nazirliyinin rəsmisi general Fərid Əliyev İran Baş Qərargah rəisi müavini Aştiani ilə görüşüb. MN-in məhz Hərbi-Texniki Təchizat Baş İdarəsi rəhbərinin Tehran yollanması beyinlərdə bu sualı yaradıb: Azərbaycan İrandan hərbi texnika və sursat almaq niyyətindədirmi? 

“Hazırda İranın Ərdəbil bölgəsində Azərbaycan xüsusi təyinatlılarının İslam İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) xüsusi təyinatlıları ilə birgə taktiki təlimləri keçirr. Bu təlimdən öncə 2 ölkə arasında Xəzər dənizinin cənub hissəsində “AZIREX-2024” dəniz təlimləri oldu. Ümumən 2024-cü ildə Azərbaycan və İranın münasibətləri hərbi-siyasi müstəvidə yeni mərhələyə qədəm qoyub. Müdafiə Nazirliyinin Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisinin İrana səfəri gələcəkdə mümkün ola biləcək hərbi-texniki əməkdaşlıq sahəsində buzların əridiyini göstərir”, - bunu ehtiyatda olan polkovnik Elxan Şıxəliyev bildirib.

Onun sözlərinə görə, bu, gələcəkdə sərhədlərin birgə təhlükəsizliyi və hərbi-texniki əməkdaşlığın genişlənməsinə mühüm zəmin yaradacaq:

“Müdafiə Nazirliyinin hərbi-texniki təchizat sahəyə cavabdeh şəxsin İrana səfəri bu istiqamətdə münasibətlərin qurulmasına xidmət edəcək. Düşünürəm ki, regional olaraq Azərbaycan-İran münasibətləri yeni mərhələyə keçmiş sayıla bilər. Hərbi-texniki əməkdaşlığın hansı silahlar və ya hərbi texnikaya dair olması araşdırmalara bağlıdır. Öncə ehtiyac meyarları müəyyən edilir və araşdırılır. Əsas odur ki, bu mərhələyə qədəm qoymuşuq”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!