Lev Tolstoy öz "Hərb və sülh" əsərində yazırdı ki, dünyada müharibələrin törədilməsində günahı olmayan yeganə varlıqlar uşaqlardır.
Əfsuslar olsun ki, bu gün ölkəmizdə, eləcə də dünyada müharibədən əziyyət çəkən, müharibənin qurbanı olan milyonlarla uşaq var. BMT ötən il bəyan etmişdi ki, ardıcıl olaraq beşinci ildir Əfqanıstan dünyada uşaqların ən çox öldüyü ölkədir. BMT-nin baş katibi "Uşaqlar Silahlı Münaqişələrdə" adlı illik hesabatında 2019-cu ildə Əfqanıstanda 3000-dən çox uşağının öldürüldüyünü və təxminən bir o qədərinin də quruda döyüşlər, partlayışlar və intihar hücumları nəticəsində yaralandığını bildirmişdi. Uşaq ölümlərinin 1200-dən çoxuna Taliban*, min nəfərə qədərinə isə Əfqanıstan Milli Ordusu, Milli Müdafiə və Təhlükəsizlik Qüvvələri də daxil olmaqla, hökumət və hökumətyönlü qüvvələr cavabdehdir. Təəssüf ki, bu acınacaqlı hal hələ də davam edir.
Əfqanıstan İslam Respublikasının Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifəsini yerinə yetirən Zaur Həkimov oradakı müharibənin günahsız qurbanlarından Sputnik Azərbaycan-a danışıb. Onun sosial şəbəkədə bir qızcığazla olan fotosu hər kəsi göz yaşlarına boğmuşdu. Sosial şəbəkə izləyiciləri həmin fotonu "Bizim Ayla" adlandırmışdılar: Marqarita pizza
"3-4 aylıq körpə var idi. Gətirib bizə verdilər ki, ana-atasını itirib. Uşaq aclıqdan ağlayırdı. Mən də düşündüm ki, bunu necə yedizdirim? Mən də camaatın içinə çıxdım ki, əlində körpəsi olan qadın tapım gətirim ki, bu uşağı da əmizdirsin".
Dünya şöhrətli əfqan yazarı Xalid Hüseyni "Çərpələng uçuran" romanında "Əfqanıstanda uşaq var, ama uşaqlıq yoxdur" deyib. Öz geyimini balaca qızcığaza verən Zaur bəy söhbət zamanı bildirib ki, Əfqanistanda "Ayla"ların sayı-hesabı yoxdur. 3-4 aylıq körpəyə süd anası axtaran qəhrəmanımız "Bizim Ayla" ilə qarşılaşıb:
"Küçənin bir küncündə bir qız uşağının uzandığını gördüm. Elə bildim ki, ölüb. Yaxınlaşdım, gördüm ki, sağdır. Ayaqyalın idi, aclıqdan halı yox idi. Qucağıma götürüb gətirdim yanıma. Yemək verdik, özünə gəldi".
Həmin qızcığaz öz dilindən başqa bir dil bilmədiyindən onunla həmsöhbət ola bilməyiblər:
"Əfqanların əksəriyyəti türk dilini bilir. Amma o, azyaşlı idi, nə türk, nə də ingilis dilini bilirdi. Biz də əfqan dilini bilmədiyimizə görə heç nə danışa bilmədik. O uşaq onsuz da şok halında idi, danışa bilmirdi. Bir neçə saat sonra əmisi gəldi, uşağı əmisinə təhvil verdik. Bir müddət sonra 3-4 aylıq körpənin atası tapıldı, ona təhvil verdik".
Azərbaycan sülhməramlısı iki aydan artıq orada olub. Həkimov bildirir ki, Qarabağda bundan daha artıq faciələrlə qarşılaşıb:
"Küçədə valideynlərini itirmiş uşaqlar çoxdur. Küçələrdə valideynlərini itirmiş uşaqları götürürük. Bəzən valideynlərin özləri gətirirlər övladlarını bizə təhvil verirlər. Elələri var ki, valideynlərindən birini itirib, eləsi də var, hər iki valideynini itirib. 2 ay yarımdan artıqdır ki, oradayıq. Camaata yardım edirik, təxliyə edirik. Biz Qarabağda ondan da böyük bəlalar gördük. Biz bu dəhşətləri görməyə öyrəşmişik".
Məlumat üçün bildirək ki, Əfqanıstan İslam Respublikasının Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirən 120 nəfərdən ibarət Azərbaycan sülhməramlısı tam heyətdə avqustun 26-da gecə saat 01:00 radələrində bu ölkədən çıxarılıb. Bu gün Əfqanıstan İslam Respublikasının Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirən Azərbaycan sülhməramlıları tam heyətdə Kabil-Ankara-Bakı marşrutu ilə vətənə qayıdıblar. Müdafiə Nazirliyindən verilən məlumata görə, qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirən 120 nəfərdən ibarət Azərbaycan sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə hava limanının təhlükəsizliyini təmin edərək xidməti vəzifələrini yüksək peşəkarlıqla icra edib.
Telegram kanalımız