Azərbaycanda bir ay ərzində işsizlərin sırasına təxminən 4 min nəfər əlavə olunub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Rəsmi göstəricilərə görə, 2025-ci ilin sentyabrın 1-nə iqtisadiyyatda muzdla çalışanların ümumi sayı 1 milyon 764,9 min nəfər olub. Halbuki, avqust ayında bu rəqəm 1 milyon 768,4 min idi. Yəni cəmi bir ayda 4 min nəfərlik azalma qeydə alınıb. Ümumilikdə, ilin əvvəlindən bu yana muzdla işləyənlərin sayı təxminən 14 min nəfər azalıb.
Bəs bu azalma nədən qaynaqlanır? İşçi itkisi hansı sahələrdə daha çox müşahidə olunur və bu tendensiya qarşıdakı aylarda iqtisadi fəallığa necə təsir göstərə bilər?
Vətəndaş və Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov “Yeni Sabah”a açıqlamasında bildirib ki, məşğulluq göstəriciləri dinamik bir prosesdir, ona görə də əmək bazarında çalışanların sayında nisbi azalma və ya artımın müşahidə olunması hər zaman mümkündür: Pepperoni pizza
“Bu baxımdan son aylarda açıqlanan rəqəmlər də ciddi narahatlıq doğuracaq səviyyədə deyil. Görünür, bəzi azalmalar mövsümi işlərlə və ya müəyyən layihələrin başa çatması ilə əlaqəlidir. Belə hallarda həmin layihələrdə çalışan işçilərlə əmək müqavilələrinə xitam verilir. Yəni, bu dəyişikliklər təbii prosesin bir hissəsidir”.
S.Məmmədov qeyd edib ki, ümumilikdə bu göstəricilər muzla işləyənlərin statistik göstəricilərinə əsaslanır:
“Nəzərə almaq lazımdır ki, Azərbaycanda məşğul əhalinin ümumi sayı 5 milyondan çoxdur. Onlardan 1 milyon 768 min 400 nəfəri elektron informasiya sistemində əmək müqaviləsi ilə işləyənlər kimi qeyd olunur. Bu, muzla işləyənlərin rəsmi sayıdır. Əslində muzla işləyənlərin real sayı bir qədər çoxdur. Məsələn, hüquq-mühafizə və təhlükəsizlik orqanlarında çalışanlarla bağlı məlumatlar elektron sistemdə əksini tapmır, çünki onlarla müqavilələr əvvəlki qaydada - yazılı formada bağlanır. Həmin kateqoriyaları da əlavə etsək, muzla işləyənlərin sayı bir qədər artar”.
Ekspert əlavə edib ki, məşğul əhalinin böyük bir hissəsi qeyri-formal əmək bazarında fəaliyyət göstərir, ailə kənd təsərrüfatlarında çalışır və ya özünəməşğul şəxs kimi qeyd olunur. Onun sözlərinə görə, bu sahələr üzrə dəqiq məlumat vermək çətindir, çünki bu rəqəmlər nisbidir və tam hesabatlı deyil:
“Beləliklə, son statistikada qeyd edilən 14 min nəfərlik azalma nə sosial böhran, nə də ciddi iqtisadi geriləmə göstəricisidir. Bu, yalnız muzla işləyənlər arasında müşahidə olunan nisbi dəyişiklikdir. Ümumilikdə isə ölkədə muzla məşğul olanların sayı artma tendensiyasına malikdir. Buna baxmayaraq, hər bir azalma müəyyən mənada diqqət tələb edir. İlin sonuna olan statistik göstəricilərdə bu rəqəmlər müsbətə doğru dəyişəcək”.
Aytac Əliyeva
Telegram kanalımız