Bu il Azərbaycanda bələdiyyə sisteminin yaradılmasının 20 ili tamam olur.
“Yeni Sabah” xatırladır ki, Azərbaycanda ilk bələdiyyə seçkiləri 12 dekabr 1999-cu ildə keçirilib. Bu seçkilərə ictimai-siyasi maraq kifayət qədər böyük olub. Demək olar ki, siyasi təsisatların hamısı ilk bələdiyyə seçkilərinə qatılıb. Bu da səbəbsiz deyil. Yerli özünü idraetmə sistemi demokratik cəmiyyət quruculuğunda mühüm addım hesab edilir.
Azərbaycanda da bu sistemə keçid şübhəsiz müsbət qarşılanacaqdı və bu, belə də oldu. Lakin sonradan bələdiyyələrə maraq azaldı. Xüsusilə müxalifət düşərgəsinin əhəmiyyətli hissəsi 2004, 2009, 2014 seçkilərinə qatılmadı. Bunun səbəblərindən biri bələdiyyələrin səlahiyyətsiz bir qurum olması haqqında yaranmış rəydir. Marqarita pizza
Lakin yenidən bələdiyyələrə böyük maraq yaranıb. Dekabrın 23-də keçiriləcək seçkilərlə bağlı ictimai-siyasi fəallıq belə deməyə əsas verir. Müşahidələr göstərir ki, xüsusilə gənclər seçki yarışında fəallıq göstərir.
Bələdiyyələrə yenidən marağın yaranması ölkədə aparılan islahatlarla izah edilir. Digər tərəfdən bələdiyyələrə əlavə səlahiyyətlərin veriləcəyi, böyük şəhər bələdiyyələrinin yaradılacağı barədə mülahizələr vətəndaşların gözündə yerli özünü idraetmə orqanlarının əhəmiyyətini artırıb.
Hazırda da bələdiyyələrin kifayət geniş səlahiyyətləri var. Cəmiyyətdə bələdiyyə orqanlarının yalnız torpaq satmaqla məşğul olması barədə rəy formalaşsa da, əslində bu belə deyil.
“Bələdiyyələrin statusu haqqında” qanuna diqqət etdikdə bələdiyyə orqanları yerlərdə kifayət qədər mühüm işlər görə bilər.
Bələdiyyələrin öz mülkiyyəti var ki, bura yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir.
Bələdiyyə orqanları bələdiyyə mülkiyyətinə daxil olan obyektləri fiziki və hüquqi şəxslərin müvəqqəti və ya daimi istifadəsinə, icarəsinə verə bilər, qanunla müəyyənləşdirilmiş qaydada özgəninkiləşdirə bilər, həmçinin bələdiyyə mülkiyyətində olan əmlak barəsində başqa əqdlər bağlaya bilər, özəlləşdirilən və ya istifadəyə verilən obyektlərdən istifadə şərtlərini müqavilə və sazişlərdə müəyyənləşdirə bilərlər.
Bələdiyyələr öz maddi və maliyyə vəsaitlərindən istifadə edilməklə bələdiyyə ərazisinin abadlaşdırılması, əhaliyə kommunal xidmətlər göstərilməsi, sosial infrastruktur obyektlərinin tikintisi və təmiri, müvafiq ərazi əhalisinin məişət və sosial-mədəni tələbatının ödənilməsi üçün zəruri məhsulların istehsalı, xidmətlərin göstərilməsi və digər işlərin görülməsi üçün sifarişçi kimi çıxış edə bilərlər.
Bələdiyyələr hətta yerli əhalinin mənafeyi üçün qanunla müəyyənləşdirilmiş qaydada xarici iqtisadi fəaliyyətlə də məşğul ola bilər.
Yerli büdcələr yerli vergilər və ödənişlər hesabına formalaşdırılır. Bələdiyyələrin yerli büdcələr barədə müstəqil qərar vermək hüququna malikdir.
Bələdiyyələrin həmçinin təbii ehtiyatlardan istifadə üçün ödənişlər almaq hüququ var. Bələdiyyə orqanları müxtəlif layihələr, o cümlədən yerli sosial müdafiə və sosial inkişaf, yerli iqtisadi inkişaf və yerli ekoloji proqramlar həyata keçirə bilər.
Telegram kanalımız