“Azərbaycanda bu dəfn olunmuş, analoqu olmayan bir sistemdir”

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanda bu dəfn olunmuş, analoqu olmayan bir sistemdir”

Siyasət

02 Aprel 2019 16:34 1137


“Türkiyədə keçirilən bələdiyyə seçkiləri göstərir ki, cəmiyyət demokratiyaya can atır. Bütün təbliğat kampaniyalarına, aparılan uzunmüddətli siyasətə baxmayaraq, Türkiyə dünyəvi, demokratik, sivil bir dövlət olaraq qalacaq. Çünki xalqın istəyi bundan ibarətdir. Xüsusilə iri, daha təsirli şəhərlərdə nəticələrin hakim partiyanın xeyrinə olmaması xalqın öz iradəsini azad şəkildə ifadə etməkdən çəkinmədiyini göstərir”.

Bunu Müsavat Partiyasının başqanı Arif Hacılı “Yeni Sabah”a açıqlamasında deyib. O bildirib ki, Türkiyədə hazırda mövcud olan sistem seçkilərin tam şəkildə saxtalaşdırılmasına imkan vermir:

“Siyasətçilərin, xüsusilə Əkrəm İmamoğlu kimi bir siyasətçinin İstanbul şəhərində seçkilərdə uğur qazanması Türkiyə cəmiyyətinin, dövlətinin gələcəyə baxışının göstəricilərindən biridir və bu baxış bizi tamamilə qane edir.  pizza mizza

Biz də Azərbaycanda demokratik, sivil, dünyəvi dövlətin olması uğrunda mübarizə aparırıq. İstər-istəməz qonşu dövlətlərdə - xüsusilə Türkiyə kimi Azərbaycana qardaş olan dövlətdə gedən proseslər ölkəmizə də təsirsiz ötüşmür. Ona görə biz Türkiyədə demokratik proseslərin inkişafının, Türkiyənin firavanlığının və təsir imkanlarının artmasının Azərbaycana da xüsusi əhəmiyyəti olduğunu bilirik. 

Azərbaycanda yerli seçkilərlə bağlı nəsə danışmaq çətindir. Çünki əslində, ölkədə real yerli özünüidarəetmə sistemi ümumiyyətlə mövcud deyil. Azərbaycanda mövcud olan bu sistem əslində hakimiyyət tərəfindən dəfn olunmuş, doğrudan da bütün dünyada analoqu olmayan bir sistemdir. Çünki ən az saylı əhalisi olan kəndlərdən tutmuş ən böyük şəhərlərə, Bakı kimi meqapolisə qədər heç bir yerdə ümumi ərazini əhatə edən bələdiyyə mövcud deyil. Bakı, Sumqayıt, Gəncə bələdiyyəsi, hətta şəhər və rayon mərkəzlərinin ümumi bələdiyyəsi yoxdur. Yəni bu cür parçalanmış şəkildə olan bələdiyyələr təbii ki, proseslərə hər hansı təsir etmək, yerli özünüidarətetmə funksiyasını həyata keçirmək imkanlarına malik ola bilməz”.

A.Hacılı qeyd edib ki, Azərbaycanda mövcud olan bələdiyyələrin heç bir səlahiyyəti yoxdur:

“Onların maliyyə resurslarına sərəncam vermək  hüquqları yoxdur. Buna görə bu, yalnız yerli özünüidarəetmə sisteminin bir görüntüsüdür. Yəni seçkinin yerli özünüidarəetmə sistemi Azərbaycanda ümumiyyətlə mövcud deyil. Regionların idarə olunmasını prezident tərəfindən təyin edilmiş yerli icra hakimiyyəti başçıları və onlar tərəfindən təyin edilmiş yerli icra nümayəndələri həyata keçirir. Bu da əslində xalqın özünüidarəetmə imkanlarının tamamilə məhdudlaşdırılması, onun əlindən alınması deməkdir. 

Bələdiyyə seçkilərində Müsavat partiyası olaraq iştirak etmirik. Bunun da əsas səbəbi yerli özünüidarəetmə funksiyalarını qarşılayan, yerli özünüidarəetmə qurumlarının, bələdiyyələrinin olmamasıdır. Bütövlükdə bu sistem dəyişməlidir. Ölkədə real yerli özünüidarəetmə sistemi yaradılmalıdır. İri şəhərlərin, rayon mərkəzlərinin ümumi bələdiyyələri yaranmalıdır. Rayon mərkəzlərinin və Bakı da daxil olmaqla bütün şəhərlərin merləri birbaşa seçicilər tərəfindən seçilməlidir. Bələdiyyələrə real yerli özünüidarəetmə funksiyaları verilməlidir. Bələdiyyə qurumlarının yerli əhəmiyyətli qərarlar qəbul etmək səlahiyyəti, maliyyə üzərində sərəncam vermək hüquqları olmalıdırlar. Yəni qurumların maliyyə ehtiyatları olmalıdır ki, yerli problemləri lokal olaraq həll etmək imkanlarına malik olsunlar. Müsavat Partiyasının yerli özünüidarəetmə ilə əlaqədar proqramı var və biz çalışacağıq ki, ölkədə real islahatların həyata keçirilməsi üçün şərait yarananda yerli özünüidarətmə sistemini də kökündən dəyişdirək”.

Siyasətçi Razi Nurullayev isə düşünür ki, Türkiyədə keçirilən bələdiyyə seçkilərində CHP-nin ən böyük üç şəhəri udması və AKP-nin bunun fonunda tam inamlı qələbə qazana bilməməsi Azərbaycanda ümumi siyasətə təsir edəcək:

“Və siyasətçilərin, o cümlədən də xalqın fəallaşmasına gətirib çıxaracaq. Bu il gözlənilən bələdiyyə seçkilərinə əsaslı təsirini isə gözləmirəm. Səbəb Türkiyədə bələdiyyələrin səlahiyyətli və müstəqil olması, Azərbaycanda isə səlahiyyətsiz, mənasız qurum olması və icra orqanlarından tam alılığıdır. Buna görə də siyasi partiyalar bələdiyyə seçkilərinə ciddi önəm vermir, nəticədə bələdiyyələr daha da amorf quruma çevrilirlər. Bir sözlə, bələdiyyələrə seçki keçirilmir, təyinat olur. Bələdiyyə üzvlərini icra hakimiyyətləri seçir, təyin edir və sonra da qul kimi idarə edir”.

Günay Rəsulqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!