Azərbaycanda daha çox tibbi sığorta üzrə ixtisaslaşmış "A-Qroup Sığorta" şirkətinin yığımları 2023-cü ilin yanvar-iyul aylarında azalmağa başlayıb.
"Yeni Sabah" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, sığorta şirkəti bu ilin ilk yeddi ayında 10,955 milyon manat yığım əldə edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən
1% və ya 106 min manat azdır. 2022-ci ilin yeddi ayında şirkət 11,061 milyon manat sığorta haqqı toplaya bilmişdi. pizza
Yığımların azalması fonunda sığorta şirkətinin ödənişləri 16,2% və ya 1,2 milyon manat civarında artaraq 8,287 milyon manata yüksəlib. Ötən ilin yanvar-iyul aylarında bu rəqəm 7,129 milyon manat olub. Bu isə şirkətin ödəniş-yığım nisbətinə, yəni zərərliliyinə mənfi təsir göstərib.
Sığorta şirkətinin zərərliliyi son bir ildə 64,5%-dən 75,6%-ə qədər yüksəlib. Bu ilin ilk yarısı üzrə bu göstərici isə 73% təşkil edib. Yəni, şirkət ötən ilin yeddi ayında topladığı sığorta haqqının hər 100 manatından 64,5 manatını ödənişə yönəldibsə, bu ilin eyni dövründə bu rəqəm 75,6 manata kimi artıb.
Qeyd edək ki, bu il avqust ayının 11-də könüllü müraciət əsasında Azərbaycan Mərkəzi Bankı tərəfindən “A-Qroup Sığorta” şirkətinin avtomobillərin və daşınmaz əmlakın icbari sığortası, o cümlədən daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığorta lisenziyası ləğv edilib. Bu isə qarşıdakı dövrdə sığorta şirkətinin yığımlarının həcminə, ümumilikdə isə bazar payına təsirsiz ötüşməyəcək.
Telegram kanalımız