“Azərbaycanda futbolçu yetişdirmək olar” - Mütəxəssis qələbədən danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanda futbolçu yetişdirmək olar” - Mütəxəssis qələbədən danışdı

İdman

17 Noyabr 2023 09:43 852


“Azərbaycan yığmasının İsveçlə oyundakı qələbəsini nə şişirtməyə, nə də kiçiltməyə ehtiyac yoxdur”. 

Bu sözləri Yenisabah.az-la söhbətində Aut.az saytının baş redaktoru, tanınmış idman jurnalisti Natiq Muxtarlı deyib.

Müsahibimiz ötən gün AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan-İsveç matçında milli komandamızın rəqib üzərindəki qələbəsindən söz açıb. Dominos pizza

Xatırladaq ki, Azərbaycan millisi gözlənilməz oyun göstərərək İsveçi 3 cavabsız topla məğlub etmişdi. Komandamızın üzvü Emin Mahmudovun sonuncu qolu isə dünəndən bəri sosial şəbəkələrin Azərbaycan seqmentində müzakirə mövzusu olub. 

Öz növbəsində, N. Muxtarlı qeyd edib ki, bu qarşılaşma hər iki komanda üçün turnir baxımından əhəmiyyətsiz idi: 

“Amma motivasiya baxımından azərbaycanlı futbolçular üstün idi. Heç bir hədəfi qalmayan isveçli futbolçular belə əhəmiyyətsiz oyunda meydanda can qoymağı düşünmürdülər. Onların əksəriyyəti Avropanın adlı-sanlı klublarında oynayırlar. Onlar üçün millidə hədəf qalmamışdısa, klubda qalıb. Açıq-aşkar görünürdü ki, isveçli futbolçular bu oyunun havasında deyillər. Yəni isveçlilər imkan verdilər, Azərbaycan yığması oynadı. Düşünmürəm ki, İsveçin qrupda hədəfi olsaydı, Azərbaycan yığması meydanda istədiyini edə bilərdi”. 

Müsahibimiz əlavə edib ki, bütün bunlara baxmayaraq, yığmamızın qələbəsini kiçiltməyin əleyhinədir:

“Biz dəfələrlə vurğulamışıq ki, Canni de Byazi düzgün seçim etsə, formada olan futbolçuları meydana buraxsa, yığma komanda daha yaxşı nəticə göstərər. De Byazi bu oyuna qədər daim başqa yol tuturdu. İtalyan mütəxəssis onu Azərbaycana sırıyan agenti - “Sumqayıt”ın prezidenti Riad Rəfiyevin göstərişi ilə heyəti qururdu. Yəni Riad Rəfiyevin əməkdaşlıq etdiyi futbolçuları daim milliyə dəvət edir, meydana buraxırdı. Onların formada olub-olmamağından asılı olmayaraq. Ancaq bu qarşılaşmada yaxşı formada olanlar meydanda idi. Görünür, De Byazi Azərbaycanda qalmaq istəyir. Başa düşdü ki, belə lazımsız oyunda qazanılan qələbə ilə AFFA rəhbərliyinin mövqeyinə təsir edə bilər”. 

“Vəssalam, yığmanın qələbəsini belə xarakterizə etmək olar. Amma bir məqamı həmişə nəzərə almalıyıq: Azərbaycanda futbolçu yetişdirmək olar. Azərbaycanda futbol olar. Sadəcə futbolumuza bu işi bilən şəxslər rəhbərlik etməlidir ki, sistemli iş qurulsun. Bu gün Ermənistan, Qazaxıstan, Lüksemburq, Moldova Avropa çempionatının final mərhələsinə çıxmaq üçün mübarizə aparır. Biz isə İsveçlə əhəmiyyətsiz oyunda qazanılan qələbədən eyforiyaya düşmüşük. Nə qədər ki, Azərbaycanda futbola peşəkarlar rəhbərlik etməyəcək, elə təsəllimiz belə əhəmiyyətsiz qələbələrə sevinmək olacaq”, – fikirlərini tamamlayıb.

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!