“Ədalət Vəliyevlə dünənki görüşdə bizim cəmiyyətin xeyrinə ola biləcək fikir mübadiləsi aparılıb. Bu kontekstdə qurultay məsələsinə də toxunulub”.
Bu sözləri Yenisabah.az-a Respublikaçı Alternativ Partiyasının (REAL) icraçı katibi Natiq Cəfərli deyib.
Dünən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunverici orqanla iş üzrə şöbənin müdiri Ədalət Vəliyevlə REAL sədri İlqar Məmədov arasında görüş olub. Ədalət Vəliyev görüşdə bildirib ki, pandemiya şəraiti səbəbilə təsis qurultayının adi qaydada keçirilməsi mümkün olmadığı dövrdə videokonfrans rejimində keçirilən təsis qurultayını da dövlət qeydiyyat üçün əsas kimi götürə bilər. Marqarita pizza
Natiq Cəfərli bildirib ki, artıq bu gündən etibarən qurultaya hazırlıq işlərinə başlanılıb. “Artıq texniki məsələləri həll etmək üçün İşçi Qrup yaratmışıq. Qurultayın şəffaf keçirilməsi, səsvermənin təşkili və digər texniki məsələlər həllini tapmalıdır. İşçi Qrup bununla məşul olacaq. Qurultayın vaxtına gəlincə, bu ay ərzində keçirməyi düşünürük”, - deyə REAL-ın icraçı katibi əlavə edib.
Natiq Cəfərli onu da qeyd edib ki, qurultaydan əvvəl Ədliyyə Nazirliyinə müraciət ediləcək. “Çünki onlayn qurultay Azərbaycanın siyasi tarixində bir ilkdir. Biz də bunu test etmək istəyirik. Qanunla onlayn qurultay keçirilməsinə qadağa yoxdur. Amma bunun texniki tərəfləri barədə də qanunvericilikdə heç bir qeyd yoxdur. Bu da təbiidir, çünki “Siyasi partiyalar haqqında” Qanun 1992-ci ildə qəbul olunub. Yəni, o dövrdə onlayn qurultay barədə düşünən belə yox idi. Bununla belə, düşünürük ki, qurultaydan öncə Ədliyyə Nazirliyinə mürciət edərək texniki detalları dəqiqləşdirək. Yoxsa bu dəfə də texniki detalları bəhanə edib partiyanı qeydiyyatından imtindan edə bilər.
Nazirlikdən rəsmi cavab aldıqdan sonra qurultayı keçirib qeydiyyat üçün sənədləri təqdim edəcəyik. Qeydiyyata alıb-almayacaqlarını indidən demək çətindir”, - deyə o bildirib.
Natiq Cəfərli həmçinin deyib ki, qurultay internet platfromaları üzərində canlı yayımlanacaq: “İctimaiyyət, media nümayəndələri qurultayı izləyə biləcək. “Facebook” səhifəmiz üzərindən canlı yayım edəcəyik”.
Partiya sədrliyinə namizədlərə gəlincə, Natiq Cəfərlinin sözlərinə görə, İdarə Heyətində bu fikirdə olan, yaxud bu barədə təklif irəli sürən yoxdur. “Amma təbii ki, kim istəyərsə namizədliyini irəli sürə bilər və biz buna sevinərik. Çünki seçki rəqabətli şəraitində keçəcək”, - deyə REAL yetkilisi əlavə edib.
Telegram kanalımız