Ukranyananın yeni prezidenti Vladimir Zelenski Ali Radada andiçmə mərasimində dövlət məmurları qarşısında maraqlı tələb qoydu. 42 yaşlı prezident bütün yüksək vəzifəli şəxslərdən onun portretini kabinetlərinə asmamağı tələb etdi.
“Çox istərdim ki, kabinetlərinizdə mənim şəkillərim, portretlərim olmasın. Çünki prezident büt deyil, onun portreti isə simvol xarakteri daşımamalıdır. Divarlara uşaqlarınızın şəkillərini asın və verdiyiniz hər qərarda onların gözlərinə baxın”, - deyə Zelenski söyləmişdi.
Ümid Partiyasının sədri İqbal Ağazadə “Yeni Sabah”a danışarkən qeyd edib ki, Zelinskinin tələbi Azərbaycan üçün də keçərlidir: Toyuqlu pizza
“Mən Zelinskinin dövlət məmurları qarşısına qoyduğu tələbi normal qəbul edirəm. Onların bütləşdirdikləri şəkilləri kabinetlərində asıb, o şəkillərin altında da hansısa alverlər edib, ona güvənib qanunsuzluqlar etmək doğru deyil. Kabinetlərdə hansısa şəkillərin asıldığı dövlətlər var. Məsələn, Ukraynada bu ənənə yoxdur. Bilirsiniz, tarixən rus dövləti ilə bir yerdə olub, indi ayrılıb müstəqil olublar. Amma tutaq ki, Azərbaycan Məmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə Cümhuriyyət dönəmi yaşayıb. Bu baxımdan hər kəs üçün qəbul olunan bu xətt ola bilər. Yaxud Türkiyədə Atatürk dönəmi var, hər kəs onun portretini otağından asır. Ümumilikdə isə dövlətin gözəl rəmzləri var. Ən yaxşısı odur ki, hər kəs sevgisini şəkillərdə yox, ürəyində yaşasın. Və ürəyində o sevgi ilə dürüst , dəqiq və vicdanlı olsun. Qalanı hekayədir. Şəkil asıb qanunsuzluq etməyin nə mənası var?”.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bildirib ki, Azərbaycan dövlət məmurlarının kabinetlərində şəkillərin, konkret olaraq dövlət başçısının, ondan əvvəl gələn prezidentin şəkillərinin asılması avtoritarizmin əlamətidir:
“Ukrayna demokratiya yoluna qədəm qoyub. Zelinskinin tələbləri başadüşüləndir. Demokratik ölkələrdə adətən belə olur. Uzaqbaşı məmurların otaqlarında dövlət qurucularının şəkli olmalıdır. Azərbaycanda bu, Məmməd Əmin Rəsulzadə ya da Şah İsmayıl Xətai ola bilər. Başqası deyil. Azərbaycan gərək demokratik fəaliyyət istiqamətinə kurs götürsün ki, bizdə də bu cür proseslər irəli sürülsün. Hesab edirəm ki, nə qədər ölkədə demokratik siyasi mühit mövcud deyil, Azərbaycan iqtidarından bunları gözləmək inandırıcı olmaz”.
Günay Rəsulqızı
Telegram kanalımız