Pedaqoji təcrübədə imtahanların keçirilməsinin üç forması məlumdur: şifahi, yazılı və test. Şifahi imtahan hamı tərəfindən birmənalı olaraq, daha üstün yoxlama forması kimi dəyərləndirilir.
Lakin şifahi imtahanlarda şəffaflıq imkanları məhdud olduğu üçün bu gün yazılı imtahanlara daha çox üstünlük verilir. Bu imtahanlarda adətən yazı vərəqi kodlaşdırılır və yoxlanması üçün müəllimə verilir. Kimin yazısını yoxladığını bilmədiyi üçün qiymətləndirmə daha obyektiv həyata keçirilir. İndi bu prosesin rəqəmsal formada təşkili daha çox aktuallaşıb.
Son vaxtlar ali və orta ixtisas təhsil müəssisələrinə qəbul prosesinin onlayn formada keçirilməsi ilə bağlı təkliflər səsləndirilir. Bir çoxları bu qaydanın imtahanlarda daha dəqiq və şəffaf nəticə əldə etmək baxımından olduqca vacib olduğunu düşünür. Dünyanın bir çox inkişaf etmiş ölkələrində artıq illərdir ki, qəbul və semestr imtahanlarının onlayn qaydada tətbiqi həyata keçirilir. Ölkəmizdə də müxtəlif vaxtlarda bununla bağlı təkliflər irəli sürülüb. pizza hut
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan təhsil məsələləri üzrə ekspert Ramin Nurəliyev bildirib ki, yaxın gələcəkdə Azərbaycanda imtahanların onlayn formada tətbiqi planlaşdırılır:
“Biz hətta gecikmişik. Əlbəttə imtahanların onlayn keçirilməsi zəruridir. Beynəlxalq təcrübəyə baxsaq, ABŞ SAT imtahanlarını Azərbaycandan onlayn və problemsiz keçirə bilirsə, əlbəttə biz də keçirə bilərik. Dövlət İmtahan Mərkəzi yaxın 1-2 il ərzində bunu həyata keçirəcək.

Onların belə bir layihəsi var. Bunun üçün sadəcə müəyyən infrastruktur lazımdır. Bu, bizim üçün bəlkə də bir az vaxt aparacaq, amma DİM rəhbərliyi özü bu barədə addımın atılacağını açıqladı. Ola bilər ki, qəbul imtahanlarında abituriyent sayı çox olduğu üçün onları qruplara bölüb keçirmək mümkün olar.
Onlayn imtahanın müsbət cəhətlərindən biri o olacaq ki, nəticələrin yoxlanması prosesi də avtomatik həyata keçiriləcək. Yəni hazırda olduğu kimi insan əli dəyməyəcək. Bunun həm abituriyentlərə, həm valideynlərə, həm də ictimaiyyətə çox müsbət təsiri olacaq. Qəbul imtahanlarında hər hansı insan faktorunun olmaması, imtahanlarda hər hansı problemin olmayacağı ilə bağlı insanlarda əminlik yaradacaq”.
Ekspert vurğulayıb ki, xüsusən regionlarda imtahan prosesinin gedişi zamanı internet resurslarının aktiv və yüksək sürətli olması mütləq şəkildə təmin olunmalıdır:
“Biz hazırda ölkəmizdə bəzi imtahanların onlayn şəkildə keçirildiyinin şahidi oluruq. Həm Dövlət İmtahan Mərkəzi, həm də Elm və Təhsil Nazirliyi MİQ imtahanlarını onlayn formada keçirir.
Əgər biz bunu etməyi bacarırıqsa, əlbəttə irimiqyaslı imtahanları da onlayn keçirmək mütləq şəkildə lazımdır. İmtahanlar adətən bazar günləri keçirilir. Həmin gün istər paytaxtda, istərsə də regionlarda bunun həyata keçirilməsi mümkündür.
Burada xüsusən regionlarda imtahan prosesinin gedişi zamanı internet resurslarının aktiv və yüksək sürətli olması mütləq şəkildə təmin olunmalıdır. Bizdə bu imkanlar var. Çatışmazlıqları isə həll etmək olar. Mən hesab edirəm ki, yaxın 3-4 il, bəlkə də daha tez onlayn imtahanların tətbiqi mümkün ola bilər. Bunun üçün çox da böyük maddi resurs tələb olunmur. Tutaq ki, imtahanlarda 36 min abituriyent iştirak edəcəksə, 36 min kompüter alınacaq. Baxdığımız zaman, bu, həqiqətən də böyük məbləğ deyil. Sadalanan bütün təchizatlar çox rahatlıqla təmin oluna bilər”.
Nazim Hacıyev
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır.

Telegram kanalımız