Azərbaycanda qış turizmi: Mənfəət necə artırıla bilər?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda qış turizmi: Mənfəət necə artırıla bilər?

İqtisadiyyat

02 Fevral 2023 10:20 1554


Turizm həm iqtisadiyyatın güclü amili, həm təsirli sosial institut, həm də cəmiyyətdə ictimai rifah və mədəniyyətin göstəricisi kimi insanın həyat səviyyəsinin yüksəlməsinə, mənəvi zənginləşməsinə kömək edir. 

Azərbaycan dövləti milli turizm sahəsinin inkişaf etdirilməsini iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqaməti elan edib. Son illər postpandemiya dövrünə keçid etməyimizə baxmayaraq, turizmin təşviqi ilə bağlı görülən işlər, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi bunu bir daha sübut edir. 

Bir neçə ildir dövlət dəstəyi ilə aparılan bu sahədə hazırda durum nə yerdədir? Sezar pizza

Yenisabah.az-la fikirlərini bölüşən iqtisadçı ekspert Xalid Kərimli deyib ki, turizm sahəsində bunun kənd və aqro turizm olmasından asılı olmayaraq, regionların inkişaf etdirilməsi və məşğulluğun yaradılması üçün çox mühüm bir istiqamətdir:

“Əslində, hökumət bu sahədə kifayət qədər aktiv olmağa çalışıb. Burada özəl investisiyaları təşviq etməklə, məsələn, Qəbələ, Quba, Qusar, Lənkəran və Lerikdə milyardlarda manat investisiya turizmə qoyulub. 

Həmçinin, burada özəl investisiyalar da var və özəl investisiyaların hamısı əlaqədar bizneslərdir. Azərbaycanda isə yüzmilyonlarla məbləğində pulu çox az adam investisiya edə bilər.

Yəni bu və ya digər formada özəl sektor təşviq edilib və dövlət də bu sahədə aktiv iştirak edib. Dövlət özəl sektora infrastruktur yaratmaqla kömək edib. 

Eyni zamanda bildiyim qədəriylə, Qusarda olan qış turizmində 2 dənə mehmanxana və xizək yolu dövlətin balansındadır və bunu onlar idarə edirlər. Yəni dövlət özü də qış turizminin inkişaf etməsi üçün pul xərcləyir”.

Mütəxəssis düşünür ki, dövlət bu formada kifayət qədər dəstək verib:

“Nəzərə almalıyıq ki, dövlətin bu vəsaitləri xərcləməsi də limitsiz deyil. Burada xərclənən pullar neftin pullarıdır, göydən düşməyib. Dövlətin də gəlirləri məhduddur. Çünki bu, onun satdığı neft və topladığı vergilərdən ibarətdir. Biz hər şeyi də dövlətin üzərinə ata bilmərik.

Nəzərə almalıyıq ki, qış turizmi Azərbaycan üçün xarakterik deyil. Məsələn, Qazaxıstanda, Almatı yaxınlığında yaradılan qış turizmi kompleksinin əsası sovet dönəmində qoyulub. Çünki artıq orada bir ənənə olub. 

Eləcə də sovet dönəmində ərazi geniş idi deyə, bu sahədə problem yox idi və ərazisində daha geniş bölüşdürməyə gedirdi. Lakin Azərbaycanda vəziyyət fərqlidir. Müstəqillikdən sonra isə biz bu problemə qarşılaşdıq. Çünki həm regionları inkişaf etdirmək, həm də turizm ixracının qarşısını almaq üçün dövlət xeyli xərclər çəkdi”.

Onun sözlərinə görə, indi investisiyalar qoyulub:

“Lakin dövlət indi gedib başqa bölgələrdə də hotel tikməlidirmi? Xeyr, mən belə düşünmürəm. Burada artıq özəl sektor “driver” rolu oynamalıdır. 

O cümlədən Azərbaycanda qış fəsli dekabr, yanvar, fevral və qismən də mart aylarında olur. Bu da imkan vermir ki, həmin turizm obyektləri 12 aylıq dolululuq səviyyəsini yaxşı formada saxlasın. 

Biz bəzən turizm obyektlərini bahalığa görə tənqid edirik, lakin onların baha olmasının səbəbi iqlimlə bağlıdır ki, bu turizm obyektləri 12 ay xərc çəkir, amma qazancı sadəcə 3-4 ay olur. Belə olan halda da o, 12 ayın xərcini 3-4 ay ərzində bağlamağa çalışmalıdır”.

X. Kərimli əlavə edib ki, Azərbaycanda yay və dəniz turizmində isə ən böyük problem odur ki, üzmək sezonu çox qısa olur:

“İyun, iyul və avqust aylarından sonra bu sahədə ölü sükut hökm sürür. Qış turizmində də eynilədir. Bunlar da imkan vermir ki, ənənəvi qiymətlər formalaşsın. 

Tutaq ki, qış turizm obyektləri yay-payız-yazda öz xərclərini qarşılayıb 3-4 ay pul qazana biləcəksə, onlar daha başqa qiymət siyasətini həyata keçirə bilərlər. Amma bunların yayda doluluq səviyyəsi 5-10%-dir. Hansı ki, otelin normal fəaliyyət göstərməsi üçün heç olmasa 30% doluluğunun olması lazımdır. Yəni onlar yüksək qiymətləri qoymaqla yaydakı itkiləri kompensasiya etməyə məcburdur”.

“Biz çox vaxt iqlimimizi, coğrafi qurşağımızı tərifləməyi xoşlayırıq, amma bunun biznes üçün yararsız vəziyyət yaratdığını etiraf etməliyik. Mənə elə gəlir ki, Azərbaycandakı qış turizm obyektlərinin illik mənfəətlərinə baxsaq, görərik ki, hamısı zərərə işləyir. 

Həm də yaxşı kadr dağın başına çıxanda daha yaxşı maaş istəyir. Qanun da tələb edir ki, əgər dağda işləyirsənsə, 20% daha çox maaş almalısan. Hökumət burada dəstəyini verməyə çalışır, lakin burada müəyyən təbii çətinliklər var ki, bu da başadüşüləndir. Ümid edirəm ki, ağır pulların xərclənməsi digər kiçik obyektlərin işə düşməsinə, fəaliyyət göstərməsinə gətirib çıxaracaq”.

Turizm və otelçilik üzrə ekspert Cabir Dövlətzadə isə söyləyib ki, qış turizmiylə əlaqədar ölkəmizdə müəyyən işlər görülür:

“Şahdağ”, yaxud “Tufandağ” xizək kompleksləri var ki, bunlar qış turizmi üçün effektivdir. Amma Azərbaycanda bunun kompleks olaraq daha inkişaf etdirilməsi üçün örnək ölkələr var. 

Qış turizmində ən çox inkişaf etmiş ölkələrdən biri Alp dağları ətrafında yerləşən ölkələrdir. Xüsusən, İsveçrənin bu sahədə çox böyük bir təcrübəsi var ki, bu, onlarda uzun illərdir bir ənənə halını alıb. 

Azərbaycanda isə bu, qısa müddət içərisində yaranan bir prosesdir və bunun davamlı şəkildə olması lazımdır. Bunun üçün də ölkəyə gələn xarici turistlərin qış turizmiylə əlaqədar artması vacibdir ki, bu da bizim işlərimizə müəyyən dərəcədə köməklik edəcək”.

O, nümunə də çəkib:

“Qonşu Gürcüstanın 2019-2022-ci illər arasındakı turizm gəlirləri 2,5 dəfə artıb. Bu da 250% edir. Biz isə pandemiyadan əvvəlki dövrün sadəcə 70%-ni yaxalaya bilmişik. 

Digər tərəfdən, ölkədə quru sərhədlərinin bağlı olması turizmin, xüsusən də Bakıya gələn turistlərin axınının qarşısını müəyyən dərəcədə alır. Sadəcə imkanı olan turistlər Azərbaycana müraciət edirlər. Onlar da qarın olduğu dövrdə qış turizmindən istifadə etməyə çalışırlar”.

C. Dövlətzadənin qənaətinə görə, Naxçıvan və Qusardakı sərmayə qoyuluşları növbəti vaxtlarda qış turizminin inkişafına müəyyən dərəcədə təsir göstərəcək:

“Təbii ki, burada qış turizminin növlərini artırmaq lazımdır, bunun üçün xüsusi mütəxəssislər dəvət olunmalıdır. 

Yəni qış turizminin daha da inkişaf etdirilməsi üçün müəyyən dövlət planının olmağı lazımdır ki, bu da böyük bir iş tələb edir”.

“Əlbəttə ki, burada qiymət məsələsi çox vacibdir. Həmçinin, Azərbaycanda çarter reyslərinin çoxalması və rəqabətə davamlı olması da şərtdir. Çünki Azərbaycanda yeganə çarter reysi AZAL-ın törəmə şirkəti olan “Buta”dır. “Buta”nın qiymətləri də o dərəcədə rəqabətə davamlı deyil. Yəni Azərbaycanda çarter reyslərinin daha çox olması lazımdır ki, ölkəyə gələn turistlər onlardan mütəmadi istifadə etsin”.

Rafi MÜSLÜMOV

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!