Azərbaycanda uşaq futbolu: Mövcud durum və inkişaf yolları...

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda uşaq futbolu: Mövcud durum və inkişaf yolları...

İdman

09 Avqust 2023 15:56 3355


Ölkəmizdə futbolsevərlərin çoxluq təşkil etdiyini söyləsək, yanılmarıq. Hətta çoxlarımız uşaq olarkən futbolu seyr etməklə yanaşı, məhəllədə də futbol da oynamışıq. Bəzən isə kumir olaraq xarici oyunçuların – Ronaldinyo, Messi, Ronaldo və digərlərini adlarını özümüzə qoyaraq onlar kimi driblinqlər göstərmək, hərəkətlər etməyə çalışmışıq.

Bu gün Azərbaycanda boz asfaltın üstündə dizləri yara-yara olan, amma bu sevdadan əl çəkməyən uşaqların sayı isə “n” qədərdir. Lakin təəssüf ki, bu günə qədər ölkəmizi xaricdə təmsil edən və oynadığı komandanın ulduzuna çevrilən həmyerlilərimiz azdır. Çünki legioner həyatı yaşayan oyunçularımız, əsasən, səviyyəcə çox da güclü olmayan klubların sıralarına qoşulublar.

Bunun ən başlıca səbəblərindən biri isə ölkədə uşaq futbol məktəblərinin sayının azlıq təşkil etməsidir. Bəs, görəsən, mütəxəssislər bu barədə nə düşünür? Dominos pizza

Xarici klubların açdığı məktəb

Yenisabah.az-a açıqlamasında tanınmış idman jurnalisti, “Qol.az” saytının baş redaktoru Aydın Bağırov da eyni rəyi bölüşüb. O, xarici klubların burada məktəb açması ilə bağlı fikirlərini də söyləyib:

“Məndə dəqiq məlumat yoxdur ki, “Galatasaray”, “Fenerbahçe” və digər klublar Azərbaycanda futbol məktəbləri açıb. Ola bilər ki, bu ad altında fəaliyyət göstərirlər. Bu isə o demək deyil ki, bu məktəblər o klubların nümayəndələridir.

“Barcelona” kimi klublarda uşaqların seçilməsi elə də asan prosedura deyil. Orada “La Masia” uşaq məktəbi var ki, oraya seçim çox ağır prosesdən keçir və düşünüldüyü qədər də asan deyil. Onlar bütün dünya üzrə axtarışda olurlar və bəlkə də minlərlə uşağın içindən hər il 15-20 nəfər seçilir. Yəni elə də rahat bir proses deyil.

O ki qaldı Azərbaycanda futbol məktəblərinin indiki halına, həqiqətən də bizdə belə bir problem var. Burada söhbət təkcə hansısa futbol klubundan getmir, əksinə, bu, ümumi bir problemdir. Biz illərdir ki, bu məsələni qaldırmışıq ki, Azərbaycanda uşaq futbol akademiyaları tikilməlidir. Azərbaycanda 4-5 dənə belə bir akademiyalar tikilməsə, ölkə futbolunun gələcəyindən danışmaz mənasızdır və heç bir əhəmiyyəti yoxdur”.

Futbol elə bir oyundur ki...

“Sabah” Futbol Klubunun U-14 komandasının məşqçisi, sabiq futbolçu Samir Əbdürrəhmanov isə qeyd edib ki, o, bir mütəxəssis kimi illərdir ki, uşaq futbolunun içindədir:

“Təkəbbürlükdən uzaq olsa da, bu gün bizim akademiya uşaq futboluna çox önəm verir. Bu gün biz nəticəyə önəm veririk. Əgər uşağa desək ki, düz oyna, amma uduz, təbii ki, onun beynində uduzmaq qalacaq. Lakin futbol elə bir şeydir ki, bu oyunu dünyada hamı udmaq istəyir.

Bu məsələdə fərqli yanaşmalar var. Əsas odur ki, Azərbaycanda futbol məktəbi açan klubların amalı-niyyəti düz olsun. Təbii ki, futbol dünyada biznes idman növüdür. İndi bəzi klublar var ki, burada məktəblər açırlar. Maraqlıdır, onların məqsədi uşağı yetişdirmək və göndərməkdir, yoxsa qiymət siyasəti aparıb insanları cəlb etmək? Bunun içinə girməmiş deyə bilmərik ki, hansı klub bu məsələyə necə yanaşır”.

“Qəbələ”nin yaratdığı akademiya niyə dağıldı?

A. Bağırov tarixə ekskurs edərək əlavə edib ki, bu günə qədər Azərbaycanda ilk uşaq futbol akademiyasını yalnız “Qəbələ” komandası yaradıb:

“2008-2009-cu illərdə, həmçinin “Bakı” Futbol Klubu da uşaq məktəbi yaratmışdı, sonralar isə bu komanda fəaliyyətini dayandırdı və akademiyası da dağıldı. Bu gün Azərbaycan futbolunun üzdə olan müəyyən simaları var ki, onlar da həmin akademiyaların yetirməsidir. Burada məsələ tək klublarla deyil, ümumiyyətlə, AFFA, klublar və Gənclər və İdman Nazirliyi bu məsələləri tənzimləməlidirlər. Yəni bununla bağlı proqram hazırlanmalı, əməli-ciddi tədbirlər görülməli və nəzarət edilməlidir”.

S. Əbdürrəhmanov isə hesab edir ki, bu gün hər yerindən duran klub açır:

“Yaxşı, qoy, açsınlar, bir söz demirəm, ancaq niyyətləri düz olsun istəyirəm. Onlar iş də göstərməlidirlər. İnanın mənə, o klubların məktəblərində olan müəllimləri belə tanımırsan. Bilmirsən ki, onun futbolçu karyerası olubmu, uşaq futbolunu keçibmi? Mən daim deyirəm ki, məşqçinin özü bir valideyn olmalıdır, o uşağa valideyn kimi yanaşmalıdır. Bu, çox önəmlidir. Çünki, əgər hansısa valideyn etimad edib uşağını müəllimə təhvil verirsə, təbii ki, onun yanaşması düzgün olmalıdır”.

Kənd-kəsəkdə yerli uşaqlarımız ola-ola...

Jurnalist A. Bağırov isə xatırladır ki, 2005-2015-ci illərdə Azərbaycanda futbolun inkişafına dair dövlət proqramı qəbul olunmuşdu:

“Bu proqramın da əsas maddəsi o idi ki, bütün bölgələrdə uşaq futbol akademiyaları tikilməlidir. Məsələn, hər bölgəmizdə 1 dənə böyük akademiyalar olsa, oralardan uşaqları akademiyalara yığıb yetkin yaşa çatandan sonra onları klublar arasında paylamaq olar”.

Müsahibimiz vurğulayıb ki, o vaxtı dövlət proqramı qəbul olunsa da, icrası havada qaldı, heç bir nəzarət olmadı, başdansovdu yanaşıldı:

“Kənd-kəsəkdə yerli uşaqlarımız ola-ola AFFA gedib Dağıstandan, Türkiyədən, Afrikadan aşağı yaş qrupları üzrə milli komandalara əcnəbi futbolçular gətirdirdi. Bu, absurd qərar idi. Çünki heç yerdə görülməyib ki, aşağı yaş qruplarına əcnəbi futbolçular gətirilib. Onlara kifayət qədər böyük pullar xərclənib. Halbuki onlara xərclənən pullar ilə ölkədə 3-4 akademiya qurub bunu formalaşdırmaq olardı. Təəssüf ki, bunlar da olmayıb.

Nəticə etibarilə, uşaq futboluna olan laqeyd münasibətin ağrı-acısını bu gün milli komandaların nəticəsində gördük. Bu gün Azərbaycanda yerli futbolçuların yetərincə kadr böhranı var. Bu problem də peşəkar mütəxəssislərin iştirakı həll olunmalıdır. Onlar bir yerə yığılıb, proqram hazırlanmalı və bu proqram əsasında uşaq futbolunun inkişafı ilə bağlı əməli addımlara keçilməlidir”.

Nə etmək lazımdır?

Məşqçi S. Əbdürrəhmanov isə diqqəti ona yönəldib ki, uşaq futbolunu keçməyən bir məşqçi heç vaxt o uşağın nə ağrısını, nə kədərini, nə məğlubiyyətini, nə də sevincini heç vaxt hiss edə bilməz:

“Mən uşaqlıda bu yolları keçmişəm. İndi məktəblər açılır, amma yenə deyirəm ki, ortaya bir nəticə çıxarılmalıdır. Əsas odur ki, hansısa uşaqlar Avropa akademiyalarına getsinlər. O qədər görmüşəm ki, Azərbaycanda “Milan”, “Manchester United”, “Real Madrid”in akademiyaları açıldı, sonra bağlandı, davamlı olmadı”.

“Bizim futbol akademiyamızın müəllimləri var ki, rayonlarda uşaqlar axtarırlar. Bizdə bu yaxınlarda seçimlər də başlayacaq, rayonlarda nə qədər uşaq varsa, hamısı seçimlərə qatılacaq. Təbii ki, hamı “Vətən”ə və “Sabah”a düşmək istəyir. Yəni kompleksli iş olmalıdır burada. Bu gün ölkədə yerli futbolçu qıtlığı var. I divizion yaradılıb, aşağı liqalar var, klublar yaradılır, amma futbolçular yoxdur. Futbolçu yetişdirmək lazımdır ki, sabah milli komandamızda da oyunçumuz olsun. Qısası, bu məsələdə düzgün sistem, düzgün iş və düzgün proses lazımdır ki, nəticəsini də görək”, – keçmiş futbolçu fikirlərini tamamlayıb.

Rafi MÜSLÜMOV

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!