Dünyanın qabaqcıl futbol ölkələrinin əldə etdikləri bütün nailiyyətlərin mərkəzində uşaq futbolu dayanır. Düzgün yatırım, dəqiq və peşəkar seçimlər nəticəsində Braziliya, Almaniya, İtaliya, Argentina və bu kimi ölkələr erkən yaşlarda yetişdirdikləri futbolçular hesabına milli komanda və klub səviyyəsində bir çox nailiyyətlər qazanıb.
Qəribə deyil ki, dünyaca məşhur “Barselona”, “Milan”, “Mançester Yunayted”, “Ayaks”, “Benfika” və “Porto”, “Sportinq” kimi klubların futbol akademiyaları hər il futbola bir çox məşhur sima yetişdirir. Uşaq futboluna diqqət son illər dünyanın futbol keçmişi daha zəif olan, kiçik dövlətlərində də artıb.
Buna ən gözəl nümunə kimi, qonşu Gürcüstanın son illər seçmə komanda və milli futbolçular səviyyəsində əldə etdiyi nailiyyətləri misal göstərmək olar. Təxminən 10-15 il öncə əksəriyyəti “Dinamo Tiblisi”nin futbol akademiyasında yetişmiş futbolçulardan ibarət Gürcüstan millisi, tarixində ilk dəfə Avropa Çempionatının final mərhələsinə vəsiqə qazanmağı bacardı. Həmin futbolçuların bir çoxu hazırda Avropanın müxtəlif ölkə liqalarının komandalarında çıxış etməkdədir. pizza mizza
Bu kimi “vunderkid” generasiyalar hesabına Portuqaliya, Argentina, Braziliya və İspaniya kimi milli komandalar dəfələrlə qitə və dünya miqyasında ciddi uğurlar əldə edib. Məhz bu kimi faktlar göstərir ki, hansısa ölkədə futbolun inkişafını təmin etməyin yeganə yolu uşaq futbolunun inkişafından keçir. Bu əlsində təkcə futbolda deyil, bütün idman növlərində belədir.
Bəs Azərbaycanda uşaq futbolunun inkişafı üçün hansı addımlar atılır və ya atılmalıdır? Mövzu ilə bağlı Yenisabah.az-a danışan keçmiş futbolçu və idman jurnalisti Ağa Dadaşzadə bildirib ki, uşaq futbolunun inkişafında əsas məsuliyyət elə məhz valideynlərin üzərində düşür:
“Mən bu mövzuda ilk olaraq valideynləri qınamaq istəyirəm. Çünki uşağı futbola valideyn gətirir. Çox təəssüf ki, biz bu gün Azərbaycanın uşaq futbol çempionatlarına baxsaq, ən böyük problemlərdən biri valideyn amilidir.

Valideynlər uşaqlara həddən artıq təzyiq göstərir. Digər tərəfdən müəllimlərə qarşı təzyiq də olduqca yüksəkdir. Ümumiyyətlə müəllimin işinə müdaxilə etmək olmaz. Əgər biz uşağımızı hansısa idman sahəsinə qoyuruqsa, mütləq şəkildə disiplinli olmalıdır. Məşqlərə vaxtı-vaxtında gedib gəlməlidir. Həm dərsini oxumalı, həm də idmanını etməlidir. Bu məsələdə valideynin üzərinə böyük məsuliyyət düşür.
Bütün bu istiqamətləri valideyn yönləndirməlidir. Biz futbolun inkişafını istəyiriksə, məhəllərdə stadionlar tikilməlidir. Məhəllədə stadion olmasa, futbolçu çıxara bilmərik.
Təəssüf ki, Bakı şəhərində 2012-ci ildən bəri 80-dən çox stadion sökülüb. Uşaq birinci futbolu məhəllədə oynayaraq dərk edir, daha sonra hansısa komandaya, kluba yazılır. Üçüncü nüansı da qeyd etmək lazımdır ki, uşaq futboluna təkcə AFFA yox, başqa qurumlar da nəzarət etməlidir. Bu gün aşağı yaş qruplarında oynayan istedadlı, gələcək vəd edən futbolçular sözün əsl mənasında bir nemət kimi qorunub-saxlanmalıdır.
O vaxt “ulduzlar liqası” var idi. Biz Mahir Emrelini, Bəhlul Mustafazadəni məhz orada tanımışdıq. Hazırda məhz “ulduzlar liqası”nda özünü göstərən 4-5 futbolçu milli komandada çıxış edir. Belə layihələr etmək lazımdır”.

Ağa Dadaşzadə qeyd edib ki, əsas komandaların heyətində gənc və yerli futbolçuların çıxış etməsi mütləq şəkildə təşviq edilməlidir:
“Yerli komandaları aşağı yaş qruplarında çıxış edən futbolçulardan istifadə istiqamətində həvəsləndirmək çox əla addım olardı. 2020-2021-ci ildə limit var idi ki, 21 yaşa qədər 1 və ya 2 oyunçu meydanda 90 dəqiqə məcburi oynamalı idi. Vüsal Əsgərov, Fərid Yusifli, İsmayıl Zülfüqarlı, Hacıağa Hacılı kimi futbolçular “Qarabağ” və “Neftçi”nin heyətində parladılar.
Məhz bu kimi səbəblərdən bizim futbolçu bazamız çox qısa müddətə yetişdi. Ona görə də, 21 yaşa qədər futbolçuların əsas klublarda mütəmadi çıxışı gənclərin və yeniyetmələrin həvəslənməsi və inkişafı üçün olduqca gözəl adım olar. Ölkəmizdə “Bakı”nın və “Qəbələ”nin çox yaxşı futbol akademiyaları olub. Mahir Emrelini “Bakı”, Bəhlul Mustafazadəni “Qəbələ” yetişdirib. “Bakı” klubu 2016-ci ildə rəsmən dağılsa da, o komandanın ölkə miqyasında elə bir əzəmətli futbol məktəbi var idi ki, bu gün belə həmin uşaqlar Azərbaycan millisində çıxış edir”.
Nazim Hacıyev
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır.

Telegram kanalımız