Azərbaycan Mərkəzi Bankı (AMB) ökədə valyuta mübadiləsi fəaliyyəti ilə bağlı tələbləri sərtləşdirib. AMB-nin Kredit təşkilatlarının fəaliyyətinə nəzarət Departamentində şöbə müdiri Xəyyam İsmaylov əhalinin valyuta alqı-satqı əməliyyatlarına tətbiq olunan limitlər və valyuta mübadiləsi fəaliyyəti ilə məşğul olacaq şəxslərə qarşı yeni tələblər haqda danışıb.
Yenisabah.az Report-a istinadla xəbər verir ki, həmin müsahibəni təqdim edir
- Azərbaycanda valyuta mübadiləsi fəaliyyəti üçün kapital tələbi qoyulub. Təsdiqlənən tələblər nələri özündə ehtiva edəcək? pizza
- Məlum olduğu kimi, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərin fəaliyyəti “Valyuta tənzimi haqqında” qanunu ilə tənzimlənir və kapital tələbi həmin qanundan irəli gəlir. Qanuna müvafiq olaraq, Mərkəzi Bankın yeni qəbul edilmiş “Valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi üçün nizamnamə (şərikli) kapitalının minimum miqdarı, girov vəsaitinin məbləği və geri alınmasına dair rəyin forması ilə bağlı Tələblər” ilə valyuta mübadiləsi fəaliyyətinə lisenziya almaq istəyən şəxslərin nizamnamə kapitalının minimum miqdarı müəyyən edilib və bu zaman bölgələr üzrə differensiallaşdırma aparılıb.
I bölgə - Bakı şəhəri üzrə ilkin nizamnamə kapitalı 600 min manat, II bölgə - Abşeron rayonu, Sumqayıt və Gəncə şəhərləri üzrə 450 min manat, III bölgə - I, II və IV bölgələr istisna olmaqla, digər şəhər və rayonlar, habelə Naxçıvan Muxtar Respublikası üzrə 375 min manat, IV bölgə - Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının işğaldan azad edilmiş əraziləri üzrə 300 min manat müəyyən olunub. Bundan əlavə, hər əlavə obyekt üçün I bölgə üzrə 300 min manat, II bölgə üzrə 150 min manat, III bölgə üzrə 75 min manat, IV bölgə üzrə 0 manat həcmində nizamnamə kapitalının artırılmalı hissəsi tələbi də müəyyən edilib.
Göründüyü kimi, işğaldan azad edilmiş ərazilərdə əhalinin maliyyə xidmətlərinə əlçatanlığının təmin edilməsi məqsədlərinə uyğun olaraq valyuta mübadilə məntəqələrinin (VMM) fəaliyyətinin həmin ərazilərdə təşkili üçün müvafiq kapital tələbləri minimum səviyyədə təsbit olunub.
Bundan başqa, valyuta mübadiləsi fəaliyyətinə lisenziya və ya onun əlavəsini almaq istəyən şəxs müvəkkil bankda xüsusi hesaba minimum nizamnamə kapitalının 10 %-i məbləğində girov vəsaiti yerləşdirməlidir. Məsələn, Bakı şəhəri üzrə valyuta mübadiləsi məntəqəsi açmaq istəyən şəxs 600 min manat nizamnamə kapitalı yerləşdirməli və bunun 10 %-i həcmində məbləği, yəni 60 min manatı müvəkkil bankda girov olaraq bloklaşdırmalıdır, həmin hüquqi şəxs Sumqayıt şəhərində əlavə valyuta mübadiləsi məntəqəsi açmaq istəyərsə, nizamnamə kapitalını 150 min manat artırıb onun 10 %-ini, yəni 15 min manatı müvəkkil bankda xüsusi hesabda bloklaşdırıb Mərkəzi Banka müraciət edə bilər.
- Yeni qaydalara görə, fiziki şəxslər valyutadəyişmə məntəqəsində şəxsiyyət vəsiqəsi olmadan 500 ABŞ dolları ala biləcəklər. Əgər vətəndaş gün ərzində A nöqtəsində olan valyutadəyişmə məntəqəsindən şəxsiyyət vəsiqəsi təqdim etmədən 500 ABŞ dolları alırsa, bu zaman o B nöqtəsinə gedib yenidən vəsiqə təqdim etmədən 500 ABŞ dolları ala bilərmi?
- Bu tələb yeni deyil, əvvəl də mövcud idi. Burada məqsəd əhalinin və turistlərin valyuta mübadilə xidmətinə rahat və süni maneəsiz çıxışını təmin etməkdir. “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”na əsasən valyuta mübadiləsi məntəqəsində nağd xarici valyutanın bir müştəriyə 500 ABŞ dollarına ekvivalent məbləğdən artıq satılması, habelə bir müştəridən 10 000 ABŞ dollarına ekvivalent məbləğdən artıq alınması şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılır.
- Qaydalar ilə müəyyən edilmiş 20 min manatlıq limitin və tənzimləmənin məqsədi nədən ibarətdir?
- Qaydalara əsasən valyuta mübadilə məntəqələri tərəfindən bir fiziki şəxslə aparılan valyuta mübadiləsi əməliyyatının maksimal gündəlik həddi 20 000 manat və ona ekvivalent məbləğ olaraq müəyyən edilib. Artıq qeyd edildiyi kimi, burada əsas məqsəd müştərilərə institusional və təhlükəsiz xidmətlərin göstərilməsinin təmin olunmasından ibarətdir.
Bundan əlavə, qaydalar təqvim ili ərzində 20 000 manat və ona ekvivalent məbləğdən artıq məbləğdə əməliyyat aparan fiziki şəxslərə münasibətdə gücləndirilmiş müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsi tələbini müəyyən edilib. Bu tələb isə, öz növbəsində, nağd əməliyyatların risklilik səviyyəsini nəzərə alaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə fəaliyyəti çərçivəsində bu institutların daxili nəzarət proqramı üzrə müəyyən edilib. Bu isə ƏL/TMM qanununvericiliyinin mahiyyətindən və məqsədlərindən irəli gəlir.
- Bank və valyuta mübadilə məntəqəsinin fərqləri nədən ibarətdir? Valyuta mübadilə məntəqəsi nağdsız əməliyyat həyata keçirə bilərlərmi?
- Məlum olduğu kimi, “Banklar haqqında” qanunun 32-ci maddəsinə əsasən banklar depozitləri cəlb edilməsi, təminatlı və təminatsız kreditlərin verilməsi, fiziki və hüquqi şəxslərin hesablarının açılması və aparılması, hesablaşma-kassa xidmətləri göstərilməsi, kredit və debet kartlarının buraxılması, fiziki və hüquqi şəxslərə nağd və nağdsız qaydada valyuta mübadiləsi əməliyyatlarının və bir sıra digər xidmətlər həyata keçirə bilər.
“Valyuta tənzimi haqqında” qanuna əsasən isə valyuta mübadilə məntəqələri öz aralarında və fiziki şəxslərə yalnız şəxsi məqsədləri üçün nağd valyuta mübadiləsi əməliyyatları həyata keçirə bilər. Belə ki, qanunun 3-cü maddəsinin 4-cü hissəsinə əsasən valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər arasında aparılan valyuta mübadiləsi əməliyyatları istisna olmaqla, onlarla digər hüquqi şəxslər və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər arasında sahibkarlıq fəaliyyəti məqsədləri üçün valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsinə yol verilmir.
- Yeni tələblərlə valyuta mübadilə fəaliyyəti harada təşkil oluna bilər? İstehlakçıların hüquqlarının qorunması baxımından hansı yeniliklər gözlənilir?
- Yeni tələblərə əsasən valyuta mübadilə məntəqəsi təşkil edilməsi yerinə görə 3 zona müəyyən edilib. Burada I qrup zonalar hava limanlarının aerovağzal kompleksi, II qrup zonalar iri ticarət mərkəzləri, mehmanxanalar, vağzallar və limanlar və III qrup zonalar isə köşk formasında, ayrıca binalar və binaların küçəyə çıxışı olan hissələridir. Binanın daxilinə çıxışı olan yalnız I və II qrup zonalarda açıla bilər.
Valyuta mübadiləsi məntəqəsi bütün zonalar üzrə hər bir xəzinədar üçün azı 6 kvadrat metr sahəyə malik olmalıdır. Həmçinin, I qrup zonalar istisna olmaqla valyuta mübadilə məntəqələri müştəriyə xidmət göstərilməsi üçün sahəyə malik olmalıdır. Bu sahə üzrə tələb II qrup zonalarda azı 4 kvadrat metr və III qrup zonalarda azı 6 kvadrat metr olmalıdır. Bununla yanaşı xəzinədar tərəfindən səliqəli geyim qaydalarına riayət edilməsi tələbi gətirilib.
Eyni zamanda, valyuta mübadiləsi məntəqəsində müştərilərə açıqlanan məlumatlara (1) xüsusi elektron lövhədə komisyon haqq (xidmət haqqı) tətbiq edildikdə faktiki mübadilə məzənnəsinin (2) tətbiq edildikdə, komisyon haqqının qeyd olunması əlavə edilib. Bununla yanaşı, valyuta mübadiləsi məntəqəsinin iş vaxtı, verilmiş lisenziyanın və lisenziyaya əlavənin (olduqda) surəti və istehlakçıların müraciət edə bilməsi üçün Mərkəzi Bankın “qaynar xətt”i barədə məlumat əks olunması tələbləri saxlanılıb.
Sadalanan tələblər valyuta mübadilə məntəqələrinin daha institusional və etibarlı təşkilat imicinin formalaşmasına, müştərilərin, o cümlədən turistlərin bu əməliyyatlar zamanı çəkəcəyi xərclərə və aldığı xidmətlərin təhlükəsizliyinə əmin olmasına hesablanıb. Bu da son nəticədə həmin təşkilatların sektorda özünəməxsus yer tutmasına səbəb olacaqdır.
Məlumat üçün qeyd edək ki, müştərilərin maraq və hüquqlarının qorunması məqsədilə valyuta mübadilə məntəqələri üzrə komisyon haqqlarının (xidmət haqqı) tənzimlənmə çərçivəsi, faktiki mübadilə məzənnəsi, habelə bu məlumatların xüsusi elektron lövhədə əks etdirilməsi üzrə tələblər də yuxarıda qeyd etdiyim hədəflərə xidmət edir.
- Hazırda ölkədə neçə valyuta mübadilə məntəqəsi fəaliyyət göstərir?
- Məlum olduğu kimi, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərin tənzimlənməsi “Valyuta tənzimi haqqında” qanuna 2017-ci ildə əlavə olunub. Qanunun bu tələblərinə uyğun olaraq ölkədə 5 valyuta mübadilə məntəqəsi müstəqil formada fəaliyyət göstərir. Yeni qaydalara əsasən mövcud valyuta mübadilə məntəqələri müəyyən edilmiş nizamnamə kapitalı və girov vəsaiti ilə bağlı tələblərə sənədin qüvvəyə mindiyi gündən 6 ay ərzində, sahə tələbinə isə 1 il ərzində əməl etməlidirlər.
Telegram kanalımız