Rusiya-Ukrayna müharibəsinin baş verməsi fonunda hazırda dünyada güclü iqtisadi böhranla yanaşı ərzaq çatışmazlığı da özünü artıq büruzə verir.
Ölkəmizdə isə ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün önəmli addımlar atılıb və bu istiqamətdə işlər ardıcıllıqla davam etdirilir. Azərbaycanda ərzaq təhlükəsizliyinin böyük hissəsi ölkə daxilində formalaşdırılır. Buğda istehsalı istisna olmaqla, bütün digər əsas ərzaq məhsulları ilə özümüzü böyük dərəcədə təmin edirik. Ərzaq təhlükəsizliyinin təmin olunmasında aqrar sahənin üzərinə böyük yük düşür.
Dünyanı dolaşmaqda olan koronavirus pandemiyasının, Rusiya-Ukrayna müharibəsinin və təbiətin, yəni quraqlığın yaratdığı çətinliklərə baxmayaraq, ölkəmizin kənd təsərrüfatında işlər bir an belə dayanmır. Pepperoni pizza
Yenisabah.az-a danışan Milli Məclisin deputatı Vüqar İskəndərov statistik göstəriciləri bizimlə bölüşərkən deyib:

“Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvarından ölkədə istehlak qiymətlərinin indeksi ötən ilin eyni dövrünə nisbətən 12,5%, o cümlədən ərzaq məhsulları, bitkilər, tütün məmulatları üzrə 17,1%, qeyri-ərzaq məhsulları isə 5,9%, əhaliyə göstərilmiş ödəniş xidmətləri isə 11% yüksəlib.
Bu yüksəlmə prosesi var və bu, əsasən, bir az da ərzaq məhsullarında bahalaşmanın hiss olunması ilə əlaqəlidir. Təbii ki, burada beynəlxalq aləmdə baş proseslər də öz təsirini göstərir. Əsasən də, Rusiya-Ukrayna arasındakı müharibə dünyanın bir çox ölkələrinə, o cümlədən Azərbaycana da öz təsirini göstərir. Lakin burada heç bir təlaşa ehiyac yoxdur.
Azərbaycan hökuməti bu sahədə çox önəmli addımlar atır. Bilirsiniz ki, bu məsələlərlə bağlı Nazirlər Kabinetinin xüsusi qərarı var və daxili bazarı qorumaq üçün çox önəmli addımlar atılır və atılmaqdadır”.
Millət vəkili onu da vurğulayıb ki, qiymət artımı qlobal miqyasda baş verən tendensiya ilə əlaqələndirilməlidir:
“Bildiyiniz kimi, dünyanın ən böyük taxıl ixracı Rusiyaya aiddir, lakin buraya Qazaxıstanı da əlavə etmək olar. Bu ölkələr də öz daxili bazarlarını qorumaq üçün taxılın ixracını azaltdılar və bu da, ümumi dünya miyasında ərzaq məhsullarının bahalaşmasına gətirib çıxardı. Burada nefti, o cümlədən benzini də qeyd etmək olar. Bunlar hər biri də təbii ki, ümumi qiymət artımında özünü göstərir.
Lakin əsas budur ki, Azərbaycan hökuməti bu sahədə predentiv addımların atılmasını təmin edir. Demək olar ki, bütün sahələrdə, əsasən də, ərzaq məhsullarının qiymətinin artırılmamasına qarşı xüsusi nəzarətin tətbiq olunması mövcuddur. Yəni, ümumi monitorinqlər aparılır və dövlət qiymətlərin sabit saxlanması üçün önəmli addımlar atır”.
“Bu, bazar iqtisadiyyatı və idxal-ixrac məsələləridir. Əlbəttə ki, burada bazarın tələb və təklifləri var. Əgər dünya bazarında aldığımız məhsulların qiymətləri bu və ya digər formada artıbsa və Azərbaycan da onu həmin artım qiyməti ilə alırsa, təbii ki, bu, bazarda cüzi də olsa, həmin məhsulların qiymətinin artmasına gətirib çıxarır.
Üzərimizə düşən əsas vəzifə isə budur ki, müvafiq orqanlar bu sahədə mütəmadi monitorinqləri aparmalı, statistik məlumatlar dəqiqləşdirilməli və bununla bağlı da analizlər edilməlidir ki, harada və hansı məhsullarda qiymətlər artır, nəyə görə artır, səbəblər nədir və s. Süni qiymət artımın olmaması üçün isə müvafiq dövlət orqanları vacib addımların atılmasını təmin edir”, - deyə həmsöhbətimiz yekunlaşdırıb.

İqtisadçı ekspert Asif İbrahimli isə düşünür ki, Azərbaycan bu müharibədə öz neytrallığını qoruyub və istər Rusiya, istərsə də Ukrayna tərəfindən öz münasibətlərini birmənalı olaraq neytral şəkildə müəyyən edib:
“Lakin bir məsələni unutmamalıyıq ki, biz dənli bitkilərin idxalını, təqribən ümumdaxili tələbatın 50%-ə qədərini Rusiyadan həyata keçiririk. Burada da bir sıra müəyyən problemlər yarana bilər. Amma bu müharibə bir az daha uzun sürərsə, dünyada iqtisadi problemlərin olacağını istisna etmirəm.
Bildiyiniz kimi, Rusiyada ixrac qadağası qoyuldu və dənli bitkilərlə bağlı müəyyən məhdudiyyətlər yaradıldı. Bu sahədə artıq bizim ərzaq təhlükəsizliyimizə qarşı müəyyən təhdidlər mövcuddur. Bu istiqamətdə kənd təsərrüfatı sahəsində Azərbaycan dövlət proqramını yenidən gözdən. Birsözlə, qida təhlükəsizliyi məsələsi ön plana çıxarırmalıdır. O cümlədən biz Rusiya və Ukraynadan idxal etdiyimiz məhsulların alternativlərini təmin etməliyik”.
Mütəxəssis əmindir ki, problemin həlli üçün Rusiyadan başqa digər bazarlara – Avropa və ABŞ bazarına çıxmaq lazımdır:
“Bildiyiniz kimi, Azərbaycanda bir çox sahibkarlar, xüsusilə kənd təsərrüfatı sahəsində ənənəvi olaraq Rusiya bazarını seçibdir. Düşünürəm ki, ABŞ və Avropa İttifaqı bazarlarını artıq ön plana çıxarmalıyıq. Məsələn, mən Gürcüstandan nümunə gətirə bilərəm. Gürcüstanda artıq önəmli prioritet Avropa bazarıdır. Oradakı sahibkarlar Aİ ilə əməkdaşlıq edir və bir çoxu Aİ-nin direktivlərinə uyğun olaraq fəaliyyət göstərməyə başlayıblar. Aİ-də tələb olunan sertifkatlaşdırma, o cümlədən Aİ qanunvericiliyinin tələbinə uyğun olaraq məhsul istehsal etməyə başlayıblar. Hədəf isə 29 ölkədən ibarət olan Aİ bazarına məhsulların çıxarılmasıdır.
Azərbaycan da bu yöndə fəaliyyət göstərsə və öz fəaliyyətini təkmilləşdirsə, bunun iqtisadiyyatımız üçün daha yaxşı olacağını düşünürəm”.
Rafi MÜSLÜMOV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır.

Telegram kanalımız