Azərbaycanın qış turizmi: Niyə qazana bilmirik?

Azərbaycanın qış turizmi: Niyə qazana bilmirik?

İqtisadiyyat Veb saytların hazırlanması

22 Sentyabr 2022 13:43 2106


Qarşıdan qıs fəsli gəlir. Azərbaycanda koronavirus pandemiyasından sonra turizm sektorunda yaranan durğunluq isə qış turizmində də özünü büruzə verir.

Doğrudur, dövlətin turizm sektoruna, habelə qış turizminə yatırdığı sərmayələr, dövlət proqramları çoxdur, lakin bir çox sahibkarın bahalı qiymətlə keyfiyyətli xidməti kombinasiya etməsi turistlərin Azərbaycana gəlişinin qarşısını alır.

Azərbaycanda isə qış turizmi dedikdə ağıla yalnız bir məkan gəlir: Şahdağ. Hazırda Şərqi Zəngəzur və Qarabağın işğaldan azad edilmiş hissələrində də turizm sektorunun inkişafı üçün müəyyən tədbirlər görülür. Ümid isə Qarabağ zonasınadır.

Məsələ ilə bağlı turizm və otelçilik üzrə ekspert Cabir Dövlətzadə də eyni rəyi bölüşüb.

O “Yeni Sabah”a deyib ki, turizm sektorunda qış turizmi də çox önəmlidir:

“Hazırda biz sezon sonu yaşayırıq, çünki sentyabr ayıdır. Ümumiyyətlə, turistlərin ölkəyə axınında Rusiyadan artım görünür. Çünki Rusiyada qismi səfərbərliyin elan edilməsindən sonra imkanı olan qanun çərçivəsində ölkəni tərk edib bu və ya digər xarici ölkələrdə müvəqqəti yaşaya bilərlər. Onlar da istər-istəməz sektorlara köməklik edir.

Qış turizmi məsələsinə gəlincə isə, Şahdağda böyük bir struktur var. Xüsusən də buraya ərəblər tərəfindən rəğbət göstərilir. Ümid edirəm ki, ölkədəki stabil vəziyyət qış turizmində ərəblərin və digər ölkələrdən gələn turistlərin axınına müəyyən dərəcədə təkan verəcək. 

Çünki ölkədə vəziyyətdə stabil olanda istər-istəməz qış turizmi ilə əlaqədar yüksək tendensiya özünü büruzə verir. Hətta buraya Rusiya da daxildir, çünki Soçidə qiymətlər çox yüksəkdir. Ümumiyyətlə, Rusiyada  qış turizmi ilə əlaqədar qiymətlər çox yüksək olur. Belə olan halda onlar ölkəmizdəki mərkəz otellərə gəlirlər, daha sonra isə qış turizmə ilə əlaqədar bölgəyə səfər edirlər”.

Mütəxəssisin sözlərinə görə, Qarabağa gəldikdə isə, Qarabağda hələ də işlər davam edir:

“Ümidvaram, müəyyən inkişaf olduqdan sonra orada da bir sıra turizm obyektlərinin istifadəyə verilməsi həyata keçiriləcək. Xüsusən Kəlbəcərdə İstisu sanatoriyasının olması sağlamlıq turizminin inkişafına ciddi təsir göstərəcək. Elə bil ki, ikinci Naftalan Kəlbəcərdə yaranacaq. Artıq onun da təməli qoyulub, hətta orada otel də inşa olunur, eləcə də həmin sanatoriya daha müasir variantda ortaya qoyulur. İnşallah gələn il turizmdə inkişaf ili olacaq”.

Ekspert söyləyib ki, gələn il turizm ili elan olunacaq:

“Bilirsiniz ki, Şanxay Əməkdaşlıq Təşkilatı tərəfindən turizm ili də elan olunub. Hətta bu il Şuşa ilinin elan olunması bir çox ölkələrin rəğbətinə səbəb olub. Yəni xarici ölkələrdən gələn turistlərin, diplomatların, diaspor nümayəndələrinin oraya səfəri istər-istəməz gələcək il həmin yerlərdə açılan otellər vasitəsilə və ya mini evlər vasitəsilə müəyyən dərəcədə inkişafa gətirib çıxaracaq. Az da olsa, orada bir damar açılacaq”.

O, deyib ki, bunu kütləvi olaraq etmək, əlbəttə ki, mümkün deyil:

“Çünki təhlükəsizlik səbəbindən Qarabağda mümkün olan bu prosesin, ancaq Azərbaycan oraya tam sahib olduqdan sonra etməsi şəklində mümkündür. Amma Şuşa ölkənin mədəniyyət qəlbi, Kəlbəcər isə sağlamlıq mərkəzidir deyə bu yerlər ölkə turizminin potensialının inkişafı üçün gələcəkdə əsas yeri oynayan şəhərlər olacaqdır”.

İqtisadçı ekspert Asif İbrahimli isə mövzunu şərh edərək  bildirib ki, Azərbaycanda qış turizmi dedikdə, ilk növbədə, şimal bölgəmizə yerləşən bəzi istirahət bölgələri ağlımıza gəlir:

“Ondan başqa da ağlımıza heç nə gəlmir. Ancaq düşünürəm ki, Azərbaycanın əlverişli təbiəti, coğrafi quruluşu buna imkan verir. 

Bildiyiniz kimi, Azərbaycan Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində yerləşdiyi üçün bu istiqamətdə bir çox işləri həyata keçirmək olar. Ona görə də rəqabətli mühit yaratmaq lazımdır, eləcə də yerli və xarici investorların bu sahəyə təşviqi həyata keçirilməlidir, nəinki indiki ənənəvi şəkildə”.

“Məsələn, hazırda hansı qaydada gedir? Haradasa bir otelim olsun və s. Bu tendensiya ilə yox, əksinə, sırf rəqabətli bir mühit yaradılmalıdır və xüsusilə turizmin bu sahədə bir neçə bölmələri inkişaf etdirilməlidir. Çünki hər bir sahənin doyumluluq gücü var. Ona görə də kənardan gələn xarici turistlərdə buna maraq yaradaraq qış turizmini inkişaf etdirə bilərik”, – əlavə edib.

İqtisadçı onu da bəyan edib ki, Qarabağ bölgəsində 30 il ərzində mənfur düşmənlərimiz həm təbii sərvətlərimizi istifadə etməklə yanaşı ərazidən turistik bölgə kimi də istifadə etmişdilər:

“Yəni o formada da Azərbaycan təbiətini istismar etmişdilər. Orada da əlverişli şərait mövcuddur. Lakin ilk növbədə orada ərazilər minalardan təmizlənməli, infrastruktur orada inkişaf etdirilməli və bu istiqamətdə planlı-proqramlı fəaliyyət həyata keçirilməlidir.

Onu da deyim ki, istər yerli, istərsə də xarici turistlər, ilk öncə, keyfiyyətli və ucuz xidmətə diqqət yetirirlər. Eyni zamanda getdiyi yerlərdə istirahət etməyi düşünürlər. 

Məsələn, Azərbaycandakı qiymətləri müqayisə etdikdə rusiyalı bir turist Azərbaycanda Nabrandan başqa yerlərə getmir. Lakin Azərbaycan elə yerlər var ki, dağ-dəniz-meşə üçlüyü orada mövcuddur”.

Müsahibimiz iddia edir ki, turistlər daha çox ucuz və keyfiyyətli xidmət göstərən ölkələri seçirlər:

“Bunlar Misir, Türkiyə, yaxud Gürcüstan kimi ölkələrdir. Məsələn Gürcüstanda Bakuriani adlanan bölgə var. Orada yeni il ərəfəsində iynə atsanız, yerə düşməz, amma belə baxsanız, görəcəksiniz ki, kiçik bir yerdir. 

Bizdə də onu bu dediyimiz kriteriyalara əsaslanaraq, həyata keçirmək olar. Düşünürəm ki, bu sahədə bir çox layihələrin  uğursuz olmasının səbəbi məhz budur: Qiymət, keyfiyyət və maraqlı, eləcə də xoş istirahəti təmin etməmək”.

Rafi MÜSLÜMOV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!