“Son illərdə Azərbaycan vətəndaşlarının xaricdə işləmək üçün üstünlük verdiyi ölkələrdə ciddi dəyişiklik müşahidə olunur. Ənənəvi olaraq Türkiyə və MDB ölkələri miqrantların əsas istiqaməti olsa da, son dövrlərdə Avropa və Amerika ölkələrinə yönələn axın artmağa başlayıb”.
Bu fikirləri “Yeni Sabah”a açıqlamasında “HR Hunter” şirkətinin qurucusu, İnsan Resursları üzrə konsultant İlkin Mirzəzadə bildirib. Onun sözlərinə görə, Amerikaya gedənlər arasında daha çox Green Card vasitəsilə miqrasiya edənlər üstünlük təşkil edir:
“Avropa ölkələrindən isə ən çox Almaniya seçilir. Xüsusilə həkimlər və ixtisaslaşmış peşə sahibləri iş imkanları baxımından Almaniyanı seçirlər. Bundan əlavə, son dövrlərdə Ərəb ölkələrinə də iş məqsədilə miqrasiya edənlərin sayı artıb. Ərəb ölkələrində daha yüksək maaşlar və əlverişli iş şəraiti mövcuddur. Təhlükəsizlik baxımından da bu ölkələr nisbətən daha əlverişli hesab olunur. Avropa və Amerika ölkələri də təhlükəsizlik və iş imkanları baxımından üstünlük təşkil edir, lakin Ərəb ölkələri həm iş şəraiti, həm də təhlükəsizlik baxımından daha əlverişli sayılır”. pizza hut
“Müqayisəli olaraq, 15-20 il öncə Rusiya Azərbaycan vətəndaşları üçün əsas miqrasiya istiqaməti idisə, indi bu balans tamamilə dəyişib. Hazırda Avropa, Amerika və Ərəb ölkələri, xüsusilə Türkiyə, Azərbaycanlı miqrantlar arasında daha çox üstünlük qazanıb”,- deyə ekspert qeyd edib.
Aytac Əliyeva
Telegram kanalımız