“Azergold” QSC ötən gün ərzində daxili bazarda qızıl satışında fasilə yaranmasının səbəblərini açıqlayıb. Bildirək ki, QSC aprelin 1-də rəsmi səhifəsindən həm külçə, həm də sikkə formasında satılan məhsulları yığışdırıb. Gümüş məhsullarının isə satışı davam edib. Yalnız bu günün ikinci yarısında saytda onlayn satış tam bərpa olunub.
Saytda qızılın satışının dayandırılması haqda ötən gün Yenisabah.az məlumat yayıb.
Məsələ ilə bağlı QSC-nin mətbuat xidməti yalnız satış tam bərpa olunduqdan sonra “Yeni Sabah”a rəsmi açıqlama göndərib. pizza hut
Açıqlamanı təqdim edirik:
“01.04.2024-cü il tarixində və hazırda da www.azergold.gift onlayn satış platformasında, eləcə də Bakı şəhəri, Bülbül prospekti, 3 ünvanında yerləşən Satış və mübadilə mərkəzində satış fasiləsiz olaraq davam etdirilib. Cəmiyyətin onlayn satış platformasında “AzerGold” məhsullarının satış, o cümlədən gerialış qiymətləri yalnız Mərkəzi Bankın gündəlik məzənnəsinə uyğun olaraq dəyişdiyi zaman texniki yenilənmələr prosesində qısa müddətə deaktiv edilir. Bu, heç bir halda satışların dayandırılması demək deyildir. Məhsulların satışı ilə bağlı məlumatları www.azergold.gift platforması ilə yanaşı, 8772 qaynar xətti, 050 602 05 05 əlaqə telefonu, rəsmi sosial media hesabları vasitəsilə, o cümlədən Satış və mübadilə mərkəzinə yaxınlaşaraq almaq mümkündür.
Diqqətinizə çatdırmaq istərdik ki, “AzerGold” QSC tərəfindən yerli qızıl və gümüş xammalından müxtəlif çəki və dizaynlarda hazırlanmış qiymətli məhsulların – qızıl sikkə və külçələrin, gümüş sikkələrin satışı 2019-cu ildən etibarən fasiləsiz olaraq həyata keçirilir. Məhsullarımıza həm unikal hədiyyə seçimi qismində, həm də istənilən zaman milli valyuta ilə mübadilə bilən sərfəli investisiya aləti kimi tələbat kifayət qədər böyükdür. Ən yüksək keyfiyyətdə istehsal edilən qızıl və gümüş sikkə çeşidləri xalqımızın qədim tarixi keçmişini, zəngin milli-mənəvi dəyərlərini təbliğ edir. Qızıl sikkələr müxtəlif dizaynlarda 5,10, 20, 1 unsiya, gümüş sikkələr isə 5,10, 20, 2 unsiya çəkilərdədir. “AzerGold” istehsalı olan ən kiçik qızıl külçəsi 2 qram, ən böyüyü isə 1000 qram çəkidədir”.
Nazim Hacıyev
Telegram kanalımız