Bakıdakı müəllimlər bölgə universitetlərində buna görə dərs demək istəmir 

saytların hazırlanması

Evə çatdırılma

Bakıdakı müəllimlər bölgə universitetlərində buna görə dərs demək istəmir 

Sosial

06 İyun 2025 14:15 466


“Son illərdə ali təhsil müəssisələrinin Bakının mərkəzindən çıxarılaraq bölgələrə köçürülməsi məsələsi tez-tez gündəmə gəlir. Bu məsələ reallaşacağı təqdirdə, təkcə universitet binalarının fiziki olaraq başqa ünvana daşınması deyil, eyni zamanda maddi-texniki baza və müəllim heyətinin də müəyyən hissəsinin bölgələrə yönləndirilməsi baş verəcək. Belə bir addım ali təhsildə paytaxtla bölgələr arasındakı fərqlərin azalmasına səbəb ola bilər. Nəticədə təhsil imkanlarında daha balanslı bölgü yaranar, region tələbələri də keyfiyyətli təhsilə daha əlçatan formada yiyələnə bilərlər”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında təhsil məsələləri üzrə ekspert Cahid İmanlı qeyd edib. Ekspert bildirib ki, bu ehtimal sadəcə kağız üzərində qalarsa, bölgələrdə yerləşən ali təhsil müəssisələrinin Bakıdakı universitetlərlə eyni səviyyədə fəaliyyət göstərməsi, demək olar ki, mümkünsüz görünür:

“Açıq danışaq, paytaxtda işləmək, xüsusilə ali təhsil sektorunda, müəllimlər üçün daha cəlbedicidir. Burada bir müəllim eyni vaxtda bir neçə universitetlə əməkdaşlıq edə bilir, bəzilərində tam, digərlərində isə yarımştat çalışmaq imkanına malikdir. Bu da həm onun gəlirini artırır, həm də peşəkar inkişafına geniş meydan verir. pizza mizza

Bölgələrdə isə vəziyyət tam fərqlidir. Orada çox vaxt yalnız bir ali təhsil müəssisəsi fəaliyyət göstərir. Müəllimin orada tam ştatla işləməsi ona nə maddi baxımdan sərf edir, nə də intellektual baxımdan inkişafına təkan verir. Akademik mühitin zəifliyi, elmi tədqiqat imkanlarının məhdudluğu və infrastrukturun geriliyi müəllimləri bölgələrə getməkdən çəkindirir”.

Ekspert bir daha vurğulayıb ki, bütün bu ehtimallar göstərir ki, təhsildə regional balansın yaranması üçün ya universitetlərin köçürülməsi siyasəti ardıcıl şəkildə həyata keçirilməli, ya da bölgələrdə təhsil ocaqlarının imkanları əsaslı şəkildə genişləndirilməlidir:

“Əks təqdirdə, bölgələrdəki ali təhsil müəssisələrinin həm maddi-texniki bazası, həm də müəllim heyətinin səviyyəsi aşağı olaraq qalacaq. Bu isə uzunmüddətli perspektivdə təhsildə bərabərsizlik və regional uçurumun dərinləşməsi ilə nəticələnə bilər”.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!