Aprelin 5-i səhər saatlarından etibarən Bakı şəhəri sıx duman təbəqəsi altına düşüb. Şəhərin bir çox ərazilərində, xüsusilə sahilboyu və yüksək relyefli zonalarda görünüş məsafəsi xeyli azalıb. Dumanın yaratdığı vəziyyət nəqliyyatın hərəkətinə, əhalinin gündəlik həyatına və havanın keyfiyyətinə təsir göstərib. Bəs səbəbi nədir?
Yenisabah.az bu barədə araşdırma edib.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda müşahidə olunan duman atmosferdəki rütubətliliyin artması və küləksiz hava şəraiti ilə bağlıdır. Hazırda şəhərdə zəif hava sirkulyasiyası müşahidə olunur ki, bu da dənizdən gələn nəm havanın yer səviyyəsində toplanmasına şərait yaradır. Ekspertlər bildirirlər ki, bu cür duman hadisələri əsasən yaz və payız aylarında baş verir. Dördpendirli pizza
Sıx duman şəhərin nəqliyyat sisteminə də öz təsirini göstərib. Sürücülər üçün görünüş məsafəsinin 100-200 metrədək azalması nəticəsində bəzi yollarla hərəkət ləngiyib. Bakı Nəqliyyat Agentliyi sürücülərə işıqların yandırılması və sürətin azaldılması ilə bağlı xəbərdarlıq edib. Eyni zamanda, paytaxtda bəzi avtobus marşrutlarında gecikmələr qeydə alınıb.
Havada çirklənmə riski:
Havanın durğunluğu fonunda atmosferdə toz və çirk hissəciklərinin səviyyəsi də arta bilər. Mütəxəssislər bildirirlər ki, zəif küləklə müşayiət olunan dumanlı hava şəraitində hava dövranı azalır və nəticədə çirkli hissəciklər yuxarı qalxmayaraq yer səviyyəsində qalır. Bu isə tənəffüs yollarında problemi olan insanlar üçün risk yarada bilər.
Ekoloqlar və meteoroloqlar bu günlərdə açıq havada uzun müddət qalmamağı, pəncərələri mümkün qədər bağlı saxlamağı və xüsusilə yaşlılar, uşaqlar və allergiyası olan şəxslərin ehtiyatlı olmasını tövsiyə edirlər. Dumanın bir neçə gün davam edə biləcəyi proqnozlaşdırılır.
Aytac Şahin
Telegram kanalımız