Bakının mərkəzində “Gizli çayxana” var...   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bakının mərkəzində “Gizli çayxana” var... - VİDEO

Sosial

17 Oktyabr 2025 12:42 19111


Bu çayxana son günlər sosial şəbəkələrin “ulduzu”na çevrilib. Gedənlər şəkil-video çəkir, paylaşır, trend olur. Elə bil hamı eyni sirrin arxasınca düşüb. O gizli həyəti, unudulmuş Bakı məhəllələrinin ab-havasını tapmaq istəyir. Maraq mənə də güc gəldi və sözügedən çayxanaya yollandım.

İçərişəhər metrostansiyasının qarşısında, köhnə bir binanın həyətinə girəndə ilk duyduğum şey sükut idi. Sanki şəhərin səsi bura çatmırdı. Məhəllənin ortasında oturmuş adamlar, bir kənarda qaynayan samovar, retro musiqilər hamısı bir yerdə köhnə film səhnələrini xatırladırdı.

Keçmişlə bu günün kəsişdiyi yer Sezar pizza

İlk baxışda adi bir bina həyətinə bənzəyir. Amma bir neçə addım atırsan və anlayırsan: bura sadəcə çay içilən yer deyil, keçmişlə bu günün kəsişdiyi sığınacaqdır. Köhnə Azərbaycan filmlərinin ruhu buradadır. Bəlkə də elə bu həyət “Bizim Cəbiş müəllim”, “Şərikli çörək”, “Məhəllə” kimi filmlərin çəkildiyi o köhnə məhəllələrin ruhunu daşıdığı üçün insanda qəribə bir nostalji oyadır. Elə bil kamerasız bir kino səhnəsinin içindəsən. Hər şey tanışdır, amma çoxdan unudulmuş bir tanışlıq kimidir.

“Gizli çayxana”nın nə lövhəsi var, nə adı, nə də reklamı.

Amma bir çox lüks restorandan fərqli olaraq, burada qonaqları süni təbəssümlə yox, doğma bir mehribanlıqla qarşılayırlar. Sifariş verəndə sənə “Buyurun” demirlər, “Bu saat gətirrəm” deyirlər. Elə bir səs tonu ilə deyirlər ki bunu, özünü müştəri yox, ailənin qonağı kimi hiss edirsən.

Samovarın buxarı qalxır, fonda Rübabə Muradova oxuyur, ofisiant çayını gətirib stola qoyanda da gülümsəyir:

“Di, telefona az baxın, isti-isti için, soyuyanda dadı qaçır”.

Ofisiantla ayaqüstü söhbət edəndə də aydın oldu ki, həqiqətən də bu çayxananın nə reklamı, nə də sosial şəbəkə hesabı var. Amma buna baxmayaraq, gələn-gedən həmişə çoxdur.

Bəlkə də elə bu “gizlilik”dir buranı bu qədər cazibədar edən.

Bura qadınlar da gəlir…

Ənənəvi Azərbaycan çayxanası stereotiplərindən fərqli olaraq, buraya həm kişilər, həm də qadınlar gələ bilir. Masalarda qadınlar da eyni rahatlıqla söhbət edir, gülür, çay içir. Kimsə onları qəribə baxışlarla izləmir. Elə bil hər kəs bir-birinin yanında eyni dərəcədə doğmadır.

Menyusuz sadə qaydalar

Mən axşam saatlarında getsəm də, burada təkcə çay verilmir. Səhər yeməyi və nahar da var, həm də bir çox kafedən daha münasib qiymətə. Buranın heç menyusu da yoxdur. “Bir çaynik çay və mürəbbə 8 manatdır”, – deyir ofisiant, sanki qiymət demir, evdəki qaydanı xatırladır.

Çayımı içirəm, fonda yalnız Sara Qədimova, Şövkət Ələkbərova, Gülağa Məmmədov, Zeynəb Xanlarova, Yalçın Rzazadə kimi korifeylərin səsi gəlir… Sanki hər musiqi, hər not səni bir az da keçmişə aparır. Onları dinləyə-dinləyə çayından bir qurtum içmək,  açıq havadan zövq almaq başqa bir aləmdir…

 Artıq  gec idi. Qalxmağa hazırlaşanda ofisiant yaxınlaşıb təbəssümlə dedi: “Ehh, tələsməyin, hələ yığışmırıq...

 Bu çayxanada heç kim səni tələsdirmir, vaxt da sanki yavaşlayır. Hesabı verib qalxıram.

 Çıxışa doğru gedərkən arxada qalan səslər, közərən işıqlar içimdə isti bir iz buraxır. Buradan xoş xatirələrlə uzaqlaşdım. Bir daha anladım ki, bəzən Bakının ən maraqlı məkanları nə xəritədə, nə də axtarış sistemlərində tapılır, onlar sadəcə təsadüfən qarşına çıxır…

 Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Qerendil
    Əsmət xanım necə gözəl, isti, sevgi dolu bir məqalə yazmısız. Və üslubunuz möhtəşəmdi. Bədii, şirin.Poetik təsvirlər möhtəşəmdi. Təşəkkür edirəm. Uşaqlıqda oxuduğum kitabların təsirini hiss etdim.Bu üslub yoxdu deyə indiki romanları oxuya bilmirəm.
    7 months ago
  • Dilşad Günel
    Çok güzel, nostaljik kafe, inşallah Bakıya ğelinçe ugrarım, teşekkürler verdiğimiz için ????????
    7 months ago