Bank kartlarında yaranan problemlər - Aradan qaldırmaq üçün nələr edilməlidir?

saytların hazırlanması

Evə çatdırılma

Bank kartlarında yaranan problemlər - Aradan qaldırmaq üçün nələr edilməlidir?

İqtisadiyyat

15 Fevral 2024 00:09 3072


Son zamanlar vətəndaşların bir çoxu istifadə etdikləri bank kartlarında ödəniş və pul transferi zamanı problemlərlə qarşılaşdıqlarını bildirir. Əsas şikayətlər daha çox kartların istifadəsi zamanı ödənişin sistemə gec yüklənməsi və əməliyyatlarda yaranan ləngimələrlə əlaqədardır. Artıq bir neçə ildir ki, gündəlik ödənişlər və satınalmalarda nağdsız ödənişlərdən istifadənin sayı artıb. Buna görə də bu sahədə yaranan problemlərin aradan qaldırılması artıq hər zaman olduğundan daha aktualdır.

Bank kartları ilə bağlı tez-tez rast gəlinən problemlərdən biri də məhz dələduzluqla bağlıdır. Belə ki, sosial şəbəkələrdə və internet saytlarında fəaliyyət göstərən bəzi işbazlar hansısa alış-veriş ödənişi bəhanəsi ilə vətəndaşlara məxsus bank kartlarının şifrələri, fin kodları və digər önəmli məlumatları əldə edərək, kartın balansında olan pulun dələduzluq yolu ilə mənimsənməsinə nail olur. Bu cür fırıldaqçılıq tələlərinə daha çox yaşlı nəslin nümayəndələri və kart sistemindən yetərincə anlayışı olmayan şəxslər düşür. Bəs görəsən bank kartı istifadəçilərinin üzləşdiyi çətinlikləri aradan qaldırmaq və kartlı sistemlə bağlı meydana gələn problemlərin həlli istiqamətində hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas Ələsgər Məmmədli banklardan kartlı ödəniş də daxil olmaqla, göstərdiyi bütün xidmət öhdəlikləri ilə bağlı öncədən lisenziyanın tələb olunduğunu bildirib. Toyuqlu pizza

“Bu cür problemlərin hər birinin ayrı-ayrılıqda müxtəlif səbəbləri ola bilər. İlk növbədə hər hansı bank xidməti göstərmək hər kəsin funksiyası deyil. Bunun üçün lisenziya tələb olunur. Lisenziya alan tərəf üçün müəyyən olunmuş öhdəliklər var. Həmin öhdəliklər arasında bank əməliyyatları və xidmətlərinin texniki təminat və texniki təhlükəsizlik məsələləri vəzifə olaraq lisenziya alan tərəfin üzərinə qoyulur.

Bu vəzifələrin hər hansısa birində zəiflik və çatışmazlıq müşahidə olunursa, öhdəliklər yerinə yetirilmirsə ilk növbəti dəyən zərərin kompensasiyası və lisenziyanın geri alınması ilə nəticələnə bilər. Dələzduzluq məsələsinə gəlincə bu cinayət məsuliyyəti yaradır və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən zərərçəkən hüquq-mühafizə orqanlarına müraciət etməli və bununla bağlı lazımi tədbirlər görülməlidir”.

İnformasiya Texnologiyaları (İT) üzrə mütəxəssis Vahid Qasımov kartlı ödənişlərlə bağlı problemlərin daha çox post terminallarla bağlı olduğunu qeyd edib.

“Kartla və onlayn ödənişlər zamanı çox nadir hallarda problem yaranır. Şəxsən uzun müddətdir nağdsız ödənişlərdən istifadə edən biri kimi deyə bilərəm ki, hətta bu sistemin yeni-yeni formalaşdığı Azərbaycanda belə bu cür problemlər yetərincə az sayıdadır. Bizdə problem daha çox ödəmə terminalları ilə bağlıdır. Çünki mağaza və marketlərdə istifadə olunan post terminalların sayı kifayət qədər deyil. Bu səbəbdən post terminal cihazları kifayət qədər enerji toplaya bilmir və həddən artıq istifadə olunur. Belə olduqda isə ödənişlər zamanı müəyyən problemlər meydana gəlir. Digər tərəfdən məlum olduğu kimi post terminallar internetlə işləyir və ödəniş məlumatları internetlə ötürülür. Buna görə də internetdə kəsintilər olduğu zaman ödəniş prosesində çətinliklər yarana bilər. Bəzən isə çox nadir hallarda mərkəzin özündə, yəni “AzeriCard” və “GoldenPay”da problem meydana gələ bilir. Bu çox nadir baş verir, amma mümkündür. Onlayn ödənişlərdə isə bu cür problemlər ümumiyyətlə olmamalıdır. Əfsuslar olsun ki, texniki problemləri bütövlükdə aradan qaldırmaq mümkün deyil. Hər zaman belə çətinliklər yarana bilər. Lakin düzgün və sağlam şəkildə sistem quraraq və ehtiyat vasitələrdən istifadə edərək bu cür halları minimuma endirmək mümkündür”.

Vahid Qasımov bank kartları ilə bağlı dələduzluq halları ilə bağlı vətəndaşları diqqətli olmağa çağırıb.

“Vətəndaşların aktiv formada bank kartlarının şəkillərini paylaşması qətiyyən düzgün deyil. Bununla bağlı sosial media və kütləvi informasiya vasitələri vasitəsi ilə insanları məlumatlandırmaq lazımdır. Əgər üzərində kartın nömrəsi və digər məlumatlar olan şəkili kiməsə göndərən zaman həmin kartdan sahibinin icazəsi olmadan müəyyən məbləğdə pulun oğurlanması labüddür. Son vaxtlar bu işlə məşğul olan çox sayıda dələduzlar meydana çıxıb. Məsələn, elan saytlarında hansısa elan paylaşılan kimi Rusiya nömrələrindən zənglər gəlir və məhsulu almaq üçün kart şəkili tələb edirlər. Əgər siz kartınızın şəkilini göndərmisinizsə artıq bütövlükdə pulunuzu itirə bilərsiniz. Vətəndaşlar bilməlidir ki, kiməsə ödəniş üçün kart nömrəsi vermək istəyirlərsə sadəcə nömrəni yazsınlar, şəkil və başqa məlumatların göndərilməsinə ehtiyac yoxdur. Ən təhlükəsiz üsul budur”.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!