Son günlər mediada reket jurnalistikaya qarşı tədbirlərin gücləndirilməsi yenidən gündəmə gəlib. Problemin həlli istiqamətində səsləndirilən iddialardan biri də belədir ki, vahid jurnalist kartları sistemi tətbiq edilsin.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Atatürk Universiteti Sosial Elmlər İnstitutunun Jurnalistika ixtisası üzrə doktorantı Nurlan Ağa (Salamov) bildirib ki, jurnalist kartlarının tətbiqi ilə problem öz həllini tapmayacaq:
“Biz baxaq, görək, bu gün jurnalist kartlarına sahib olanlar həqiqətən də peşəkar jurnalistdirmi ki, kartların vahid tətbiqindən sonra, “Kimin kartı varsa, o gerçək jurnalistdir”,-deyə bilək?! Kart sahibi olmaqla əsl jurnalist olunmur. Bu gün tələbə kartları da var, amma hər tələbə öz öhdəliklərini lazımi səviyyədə yerinə yetirirmi?! Məsələ təkcə tələbələrlə də yekunlaşmır. Müəllimlərin kartları olmasa da, onları da nümunə kimi göstərə bilərik. Bütün müəllimlərin eyni dərəcədə keyfiyyətli fənn tədris etdiyini deyə bilərik? Bəs yaxşı, bütün bu problemlərin kökü nədədir? pizza mizza
Səsləndirilən təklif bu mənaya gəlir ki, biz otağın qapısını tutub bərk-bərk saxlayaq və içəri yalnız keyfiyyətli insalar girə bilsin. Amma diqqətdən qaçan bir məqam var. Bərk-bərk qapısını tutduğumuz otağın digər tərəfdən divarı uçub. O qapıdan sadəcə keyfiyyətli insanları içəri buraxmağa çalışmağımızın əhəmiyyəti yoxdur, çünki uçuq divardan hamı içəri girir. Divarı hörmək lazımdır”.
Həmsöhbətimiz problemin müəyyən mənada təkcə Azərbaycanı yox, ümumilikdə dünya mediasını əhatə etdiyini diqqətə çatdırıb:
“Kapitalizm və iqtisadi əsasların bazar münasibətlərinə uyğun media modeli qurulduqdan sonra sözügedən problemlər üzə çıxmağa başlayıb. Ondan əvvəl isə kəskin dövlət senzurası vardı və bu gün də var. Artıq jurnalistika iki cəbhədə döyüşməyə məcburdur. Həm daha az demokratik ölkələrdə tətbiq olunan dövlət senzurası ilə, həm də bazarla savaşmalıdır ki, öz prinsiplərini qoruya bilsin.
Jurnalist etikası ilə bağlı belə bir tərif var: “Jurnalist etikası iqtisadi olaraq jurnalistin gücünün çatdığı hər şeydir”. Maliyyənin qarşısını kəsdiyi məsələlərdə artıq jurnalistdən etika gözlənilmir. “Əgər sayt batırsa, əldən heç nə gəlmir, ən səviyyəsiz xəbəri belə yazmağa məcbur oluruq ki, saytı qoruya bilək, acından ölməyəcəyik ki!”,-deyirlər. Etikanın iki təməli var: dəyərlər və güc. Dəyərlər paykən, güc paydaşdır. Dəyərlərimiz nə qədər çox olur olsun, güc yoxdursa, nəticə sıfıra bərabər olur. Çünki həmin dəyərlər gerçəkləşdirilmir. Ona görə də əksəriyyət gücə yatırım edir.
Bir nümunə göstərək. Beynəlxalq media qurumlarının fərqli ölkələrdəki təmsilçiləri yaşadıqları ölkənin media qurumundan daha azad olurlar. Çünki maliyyəsini Azərbaycan vermir. Ona görə də o, özünü Azərbaycandan asılı hiss eləmir. Amma onu maliyyələşdirən Fransa və ya Böyük Britaniyadırsa, artıq ondan asılı hiss edə bilir. Beynəlxalq korrupsiya problemi və jurnalistika ilə bağlı Lunaço Violantenin bir ifadəsi var. O, “Korrupsiya və rüşvətxorluqdan heç bir ölkə sığortalanmayıb”,-deyir. Biz bu gün eyni hadisəni Norveçdə də görə bilərdik. Məsələ orasındadır ki, bunun daha az və daha çox olduğu ölkələr və bir də olmaması üçün bütün sistemi qurmuş, özünü daim qoruyan yerlər var. Biz bu gün niyə Norveçi örnək veririk? Deyirik, Norveçdə ola bilər. Amma fakt odur ki, Norveçdə yoxdur. Çünki Norveç sistem qurub və onu qoruyur. Daim yenilənir, nəzarəti saxlayır. Buna görə də demokratiya sahəsində dünya lideridir”.
Nurlan Salamov hesab edir ki, mediaya nəzarəti təmin etmək üçün peşəkarlıq artırılmalıdır:
“Bunun üçün dövlət senzurası-media qurumunun dövlətdən asılığı və maliyyədən asılılıq aradan qaldırılmalıdır. Adicə fikir verək, xəbər saytlarında bayağı xəbərlərin müəllifləri qırmızı diplomlu jurnalistika məzunlarından daha çox maaş alırlar. Çünki onlar redaksiyaya daha çox pul qazandırırlar. Yəni bütün məsələ puldur. Pula çox diqqət etməyən yerlərin maliyyəsi güclüdür, lakin onların da fərqli senzuraları olur. Bir faktı deyək, hələ XX əsrin əvvəllərində “Həyat” qəzetində Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu yola getmirdi. Onların anlaşa bilməmələrinin səbəbi qəzetin naşiri Hacı Zeynalabidin Tağıyev idi. Belə bir iddia var ki, Tağıyev onlardan müəyyən mənada öz prinsiplərinə uyğun gəlməyən yazıların verilməməsini tələb edib. Ağaoğlu isə bununla razılaşmayıb ki, biz bunu verməliyik. Nəticədə birgə fəaliyyətlərini sonlandırırlar və bundan sonra Əhməd Bəy Ağaoğlu “İrşad” qəzetini qurur. Yəni naşir məsələsi vardı. Bu problem bu gün də var. Ona görə də diqqəti bu məsələlərə yönəltməliyik. Daha kartarı paylamaqla problemin bitəcəyini deməməliyik. Məsələyə belə səthi yanaşılmamalıdır”.
Sayad HƏSƏNLİ
Telegram kanalımız