İyulun 13-də gecə saatlarında Aİ-95 və Aİ-98 markalı benzinin qiyməti artıb. Adıçəkilən benzin növləri Azərbaycanda istehsal edilmir və xaricdən idxal olunur.
"SOCAR Petroleum" QSC-dən "Turan"a bildirilir ki, ölkədə istehlak olunan benzinin sadəcə 9 faizi Aİ-95 "Premium" və Aİ-98 "Super" markalı benzinin payına düşür.
"Ötən ildən etibarən neft qiymətlərinin kəskin artımı, həmçinin dünyada baş verən inflyasiya fonunda nəqliyyat xərclərinin əhəmiyyətli dərəcədə yüksəlməsi sözügedən qiymət dəyişikliyini şərtləndirən ən böyük amillərdəndir",- QSC-dən belə deyilir. pizza mizza
Rəsmi qurumlar, adətən, bu cür durumlarda ölkədə sözügedən benzin növlərinin qiymətlərini bazarın tənzimlədiyini və dövlətin buna müdaxilə etmədiyini bildirirlər.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın qənaətincə, Aİ-95 və Aİ-98 markalı benzinin qiymətinin artmasına əsas var idi: "Sonuncu dəfə ötən ilin sentyabrında benzinin qiyməti qalxanda neftin qiyməti 75 dollar idi, bu il yanvarın axırında neftin qiyməti 90, martda 135 dollara qalxmışdı. Ondan sonrakı dövrdə neftin orta qiyməti 105 dollar idi. 10 gün ərzində neftin qiyməti qalxırsa, neftayırma zavodları qiymətlərin korreksiyasını edir".
Ekspert bir məqama diqqət çəkir - bu müddət ərzində neftin bir barelinin qiyməti 30 dollar qalxdığı halda, benzinin qiymətində niyəsə indi dəyişiklik edilir: "Neft 40 faiz bahalaşdığı müddətdə benzinin qiyməti niyə qalxmayıb? Təəccüblü şey odur. Qiymət dövlət tərəfindən tənzimlənmirsə, bu müddət ərzində qiymətləri əvvəlki səviyyədə necə və nəyin hesabına saxlayıblar? Əgər rəsmi qurumların dediyi kimi, bu növ benzinin qiymətlərini bazar tənzimləyirsə, benzinin qiyməti artıq fevralda qalxmalı idi. Belə çıxır ki, ölkədə həmin benzinin satışını həyata keçirən şirkət beş aydır onu zərərlə satırdı?..".
Telegram kanalımız