İraq Kürdüstan Regional Hökumətinin (İKRH) keçmiş başçısı və Kürdüstan Demokratik Partiyasının (KDP) lideri Məsud Bərzaninin Türkiyənin sərhəd bölgəsinə səfəri ölkənin siyasi gündəmində geniş müzakirələrə səbəb olub.
"Yeni Sabah" xəbər verir ki, Bərzani “4-cü Uluslararası Melaye Ciziri” simpoziumunda iştirak etmək üçün Şırnakın Cizrə rayonuna gedib. Onun bu səfəri zamanı çəkilən görüntülər, xüsusilə, avtomat silahlarla təmin olunmuş xarici mühafizəçilərin müşayiəti Türkiyədə siyasi dairələrində ciddi reaksiyalar doğurub.
Bərzaninin səfərdə İraq Kürdüstan Regional Hökumətinin hərbi qüvvəsi olan Peşmərgə qüvvələri tərəfindən taktiki kamuflyaj və uzun avtomat silahlılarla müşayiət olunması siyasi dairələr tərəfindən sərt tənqid olunub. pizza hut
KDP liderinin səfərinə Peşmərgənin silahlı şəkildə qatılması Türkiyədə protokol qaydalarının pozulması və suverenlik məsələləri ilə bağlı yeni müzakirələrə yol açıb.
Xarici qonağın ağır silahlı mühafizəçilərlə rəsmi tədbirlərə qatılması Türkiyənin suverenlik hüquqlarının pozulması kimi qiymətləndirilib.

Prezidentin müşaviri: “Biz öz torpağımızda təhlükəsizliyi başqalarına həvalə edəcək dövlət deyilik”
Prezidentin baş müşaviri Mustafa Akış hadisəyə reaksiyasında bildirib ki, “Ölkəyə gələn heç bir xarici mühafizəçi hərbi forma geyinə və tapançadan başqa uzun lüləli silah daşıya bilməz”.
Hadisəyə münasibət bildirən digər prezident müşaviri, AKP-li siyasətçi Oktay Saral X hesabında yazıb ki, göstərilən mənzərə dövlət ənənələrinə uyğun deyil:
“Bərzani bu gün nə Şimali İraq rəhbərliyində, nə də Bağdad hökumətində rəsmi vəzifə tutur. Ona göstəriləcək münasibət ən çoxu keçmiş dövlət adamına göstərilən hörmət səviyyəsində ola bilər; bundan artığı dövlət ciddiyyətinə xələl gətirir.”
Saral qeyd edib ki, Türkiyə ərazisində xarici şəxslərin hərbi forma və uzun lüləli silahlarla görünməsi “dövlətin nüfuzuna kölgə salır”.
“Türkiyə Respublikası öz qonağını hər yerdə qoruyacaq gücdədir. Biz öz torpağımızda təhlükəsizliyi başqalarına həvalə edəcək dövlət deyilik”, deyə prezident müçaviri əlavə edib.
Baxçalı: “Silahlı görüntülər Türkiyənin suverenliyinə açıq hörmətsizlikdir”
Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı sərt açıqlamasında məsələni təkcə protokol pozuntusu deyil, Türkiyə Respublikasının suverenlik hüquqlarına qarşı açıq təcavüz kimi səciyyələndirib.
Baxçalı bildirib ki, xarici şəxslərin və mühafizəçilərin Türkiyə ərazisində avtomat silahlarla hərəkət etməsi “qanunlara, dövlət ənənəsinə və diplomatik qaydalara tamamilə ziddir”.
Onun sözlərinə görə, ölkəyə gələn xarici mühafizə əməkdaşları yalnız diplomatik kanallar vasitəsilə əvvəlcədən təqdim edilən məlumat əsasında tapança daşıya bilər, uzun lüləli silah gətirilməsi isə mümkün deyil.
MHP lideri əlavə edib: “Türkiyə Respublikasının suverenlik hüquqları və qanunları pozulub. Buna istər protokol qaydaları deyin, istər ənənə, hər şey tapdalanıb. Bərzani hazırda heç bir dövlət vəzifəsi daşımır, ölkəmizə sadəcə qonaq kimi gəlib. Buna baxmayaraq, sempozium qarşısında ona göstərilən həddindən artıq diqqət, əsassız təriflər və xarici geyimli hərbçilərin uzun lüləli silahlarla gəzməsi, bir sözlə, biabırçılıqdır”.
D. Baxçalı bunu “Türkiyənin qüruruna və suverenliyinə qəsdən edilən hücum” adlandıraraq qeyd edib ki, Türkiyə dövləti ölkəyə gələn hər bir qonağı qorumaq gücündədir.
O vurğulayıb ki, Türk millətinin şəhid qanları ilə müəyyən edilmiş sərhədləri barədə şübhə yaradan heç bir addıma dözümlülük göstərilə bilməz:
“Torpaqlarımızda şübhə doğuracaq heç bir davranışa yol vermərik, verməyəcəyik”, - Dövlət Baxçalı əlavə edib.

Özdağ: “Bu görüntülər tam bir qalmaqaldır”
Zəfər Partiyasının lideri Ümid Özdağ isə yaranmış vəziyyəti “qalmaqal” kimi qiymətləndirib.
“Xarici bir ölkənin mühafizə əməkdaşı yalnız diplomatik kanallar vasitəsilə əvvəlcədən cinsi, növü və sayı barədə məlumat verilməsi şərti ilə tapança gətirə bilər. Amma pulemyot və ya uzun lüləli silah gətirə bilməzlər. Bu görüntülər tam bir qalmaqaldır”, - Özdağ sosial şəbəkədə yazıb.
O, "X" hesabında paylaşdığı #NeredeTürkDevleti haştaqı ilə Barzaninin “Türk dövlətinə meydan oxuduğunu” yazıb.
Özdağın paylaşımı istifadəçilər arasında da geniş reaksiya doğurub. Sosial media istifadəçiləri “İşğal altında olduğumuz hissi verir”, “Ölkədə ciddi təhlükəsizlik problemi var”, “Əsəblərimiz buna dözmür” kimi şərhlərlə narahatlıqlarını ifadə ediblər.
İlhamə Qasımlı
Telegram kanalımız