22 İyul Milli Mətbuat Günüdür. Artıq 147 yaşı tamam oldu Azərbaycan mediasının. Medianın 147-ci ildönümünə nəzər yetirdikdə görürük ki, bu sahədəki problemlər hələ də aktual olaraq qalır.
Yenisabah.az 147 yaşlı Azərbaycan mediasının mövcud durumu, medianın əsas xəbər qaynağı olan dövlət orqanları, nazirliklər, məmurların media ilə münasibətlərindən danışmaq üçün tanınmış jurnalist Etibar Hüseynova müraciət edib. E.Hüseynov deyib ki, hazırda ölkədə həqiqi jurnalist tapmaq asan deyil:
“Əslində sualınız xüsusən də Mətbuat günündə verilən ənənəvi sual olsa da ona trafaret üslubda- ütülü, standart cavab vermək istəməzdim. Belə ki, bu günün reallığı ilə baxanda mətbuat nədir, haradadır və jurnalist kimdir? sualına obyektiv cavab vermək çox çətindir. Əgər bu gün o kəs ki, bir telefon və bir sarı gödəkcə ala bilir və özünü jurnalist adlandıra bilirsə, həmçinin istədiyini-istədiyi yerdə istədiyi kimi yayımlayırsa və buna görə də əksər hallarda heç bir məsuliyyət daşımaya bilirsə onda mətbuat və jurnalistikanın durumuna qiymət vermək çox çətindir. Bu gün hər bir kəs sosial media və ya YouTube üzərindən o cümlədən 40 man.ödəyib domen alıb adını mətbuat və jurnalist qoya bilirsə burada hansı ölçü və dəyərlərlə qiymət vermək olar?” Dominos pizza
E. Hüseynov el dili ilə medianın “4-cü hakimiyyət” adlandırılması ilə razılaşmayaraq əslində medianın yerini daha üst səviyyədə dəyərləndirib:
“Mediaya 4-cü yeri kim və nə vaxt verib bilmirəm. Ancaq onun yeri 1-cidən də əvvəldədir. Təbii ki, söhbət normal mətbuatı olan ölkələrdən gedir. Çünki əgər ölkənin 1-ci şəxsi hamıya sual verib, hesabat tələb edə bilirsə, ona sual verib, hesabat tələb etmək səlahiyyətinə də ancaq jurnalistlər malikdir. Bu baxımdan bizdə vəziyyət nə qədər bərbad olsa da yenə də ölkədə söz və mətbuat azadlığı kifayət qədər var. Və xüsusən də sosial media üzərindən yayılan, işıqlandırılan məsələlər öz təsir gücünü əksər hallarda göstərir. Deməzdim ki, vəziyyət idealdır, amma bundan da artıq olmasını arzulayardım.”
Tanınmış jurnalist Milli Mətbuatın 147-ci ilində hələ də media ilə sərhəd saxlayan mərmurların olmasına da münasibət bildirərək xatırladıb ki, günah hər iki tərəfdədir. E. Hüseynov bunun səbəblərini belə açıqlayıb:
“Bu baxımdan da vəziyyət ürəkaçan deyil. Amma burada da günahkarı birmənalı olaraq hansısa tərəfin üzərinə qoymaq olmur. Bəzi məmurların savad və intellekti jurnalistin qarşısında dayanıb cavab verməyə yetmir. Və ona görə də əksəriyyəti özünə savadlı bir mətbuat katibi saxlayır. Digər tərəfdən mətbuatdan qaçan məmurları da qınamıram. Çünki məmur cinahında qeyd etdiyim kimi bu biri tərəfdə də heç bir savad və səviyyəsi olmayan əvəzində jurnalist adı daşıyan təsadüfi adamlar var ki... Ona görə də hansısa sərhədlərin olmasına görə də məmurları qınamıram.”
Nurlan Cəfəri
Telegram kanalımız