"Mən bütün qapalı yerlərdə tibbi maskadan istifadə edirəm və hər kəs də qapalı şəraitdə tibbi maskadan istifadə etməlidir - ictimai nəqliyyatda, ofislərdə, alış-veriş mərkəzlərində. Açıq havada bu, tövsiyə olunur, əgər yaxın təmas yoxdursa, maskadan istifadə etməmək də olar. Ancaq qapalı şəraitdə hər kəs mütləq maskadan istifadə etsin, hər kəs məsafə saxlasın və şəxsi gigiyenaya fikir versin. Çünki cəmi bu üç amil, - bunu həkimlər, müxtəlif ictimai xadimlər bəlkə də min dəfə deyiblər, - gərək nəzərə alınsın: tibbi maska, bir yarım-iki metr məsafə və dezinfeksiya vasitələri. Bu amillər insanları həkimlərin yekdil rəyinə görə, 95 faiz qoruyur. Ona görə vətəndaşlardan artıq dərəcədə xahiş edirəm ki, bu çox sadə qaydalara əməl etsinlər və bilsinlər ki, koronavirus yoxa çıxmayıb".
Yenisabah.az xəbər verir ki, Prezident İlham Əliyev bu sözləri modul tipli xəstəxanaların açılışı zamanı deyib.
Dövlət başçısı vətəndaşları məsuliyyətli olmağa səsləyib: pizza mizza
"İndi bütün ölkələrdə yumşaldıcı addımlar atılır, o cümlədən Azərbaycanda. Buna baxmayaraq, mən onu da demişdim ki, əgər görsək xəstələrin sayı kəskin artır, yenə də məhdudlaşdıracağıq. Bu məhdudlaşdırıcı addımların səbəbi də bəllidir. Bəzi insanlar məsuliyyətsizlik göstərirlər. Ancaq bütövlükdə deyə bilərəm ki, Azərbaycan cəmiyyəti çox böyük məsuliyyət, nizam-intizam göstərir. Şənbə-bazar günlərində xüsusi karantin rejimi bunu göstərdi, qayda pozuntuları çox cüzi sayda olmuşdur. Bu, onu göstərir ki, vətəndaşlar məsuliyyəti dərk edirlər. Ancaq hər bir vətəndaş bunu dərk etməlidir. Çünki bir məsuliyyətsiz vətəndaş yüz nəfəri yoluxdura bilir, onların və özünün həyatını risk altına ata bilir.
Koronavirus yoxa çıxmayıb və yoxa çıxmayacaq. Həkimlərin ümumi rəyinə görə, peyvənd icad olunana qədər insanlar bu xəstəlikdən əziyyət çəkəcəklər. Ona görə biz də hazır olmalıyıq ki, yeni davranış qaydaları çərçivəsində yaşayaq. İndi bunun başqa yolu yoxdur. Bir daha demək istəyirəm ki, bu davranış qaydaları insanlara o qədər də əziyyət vermir. Sadəcə dediyim qaydalara əməl etmək və daha məsuliyyətli olmaq lazımdır".
Telegram kanalımız