Sentyabrın 26-na, yəni yeni tədris ilinə sayılı günlər qalıb. Şagirdlər qədər valideynlər də həyəcanla həmin günü gözləyir. Xüsusən də övladları ilk dəfə məktəbə gedəcək valideynlərin həyəcanı daha böyükdür. Valideynlər bağçadan sonra ilk dəfə məktəbə qədəm qoyacaq, həyatlarının yeni mərhələsinə keçəcək övladlarının məktəbə, müəllimlərə, dərslərə necə adaptasiya olunacağını düşünür.
Məlum məsələdir ki, məktəbə ilk qədəm qoyan uşaqların demək olar ki, böyük qismi ağlayır, valideynlərindən ayrılmaq istəmir, bir bəhanə ilə məktəbdən yayınmağa çalışırlar. Əlbəttə ki, təkcə məktəb ləvazimatları, geyim deyil, eyni zamanda uşaqların psixoloji olaraq da məktəbə hazırlamaq əsas məsələdir.
Bəs uşaqları ilk dərs gününə necə hazırlamalı? pizza mizza
"Yeni Sabah" bildirir ki, mövzu ilə bağlı psixoloq Ramil Nəcəfli “Yeni Müsavat”a danışıb: “Əvvəlcə bildirim ki, adətən məktəblilərin müxtəlif dövr psixologiyası var, bu kateqoriyaları yaşa görə bir-birindən fərqləndirmək lazımdır.
Ən çətin dövrlərdən biri uşağın ibtidai sinfə adaptasiyasıdır. Bu da əsasən 6-7 yaş dövrünə aiddir. İkinci çətin dövr yeniyetməlik dövrüdür, hansı ki, yeniyetməlik böhranı artıq tanışdır. Bu kritik bir dövr sayılır. Qeyd edim ki, yeniyetməlik fərqli yaşlarda ola bilir. Uşaqların bəziləri bu dövrü ilk yaşlarda və yaxud son siniflərdə çətin keçirə bilir. Bu dövrdə şagirdlər daha səbirsiz, daha çılğın, daha azad və öz bildiklərini etmək istəyində olurlar. Dərslərə qarşı biganəlik, marağın azalması müəllimlərə tabe olmama kimi hallar baş verir. Bəzən intiharlar da bu yaş dövrlərində baş verir. Bu yaş dövrlərində yeniyetmələr evdə valideynləri, məktəbdə müəllimləri və ya ətrafındakılar tərəfindən başa düşülmədikləri, dinlənilmədikləri halda mənfi vərdişlərə yiyələnir və ya intihara cəhd edirlər. Valideynlərlə uşaq, müəllimlə şagird arasında münasibətlər sağlam qurulduqda bu halların baş verməsi də azalacaqdır.
Beləliklə, əsas mövzumuz uşaqların ibtidai sinfə, ilk dərs gününə adaptasiya olunması məsələsi olduğundan deyə bilərəm ki, uşaqlar bu məsələyə müxtəlif reaksiya verə bilir. Əsasən uşağın hansı mühitdə böyüməsindən, şəxsi fərdi xüsusiyyətlərindən, valideynlərinin necə tipdə olmasından, eyni zamanda məktəb haqqında ona deyilənlər, məlumatlandırmadan çox şey aşlıdır. Bu zaman uşaqda məktəb haqda təsəvvürlər yaranır və ona əsasən məktəbə uyğunlaşır. Yəni yaşından və xüsusiyyətindən asılı olaraq, kiçik məktəblilərin psixologiyası fərqlidir. Onlar ilk dəfə olaraq valideynlərindən ayrılaraq evdən kənarda olurlar. Beləliklə, uşaqları məktəbə adaptasiya etmək üçün ilk növbədə valideynlərin üzərinə yük düşür. Belə ki, valideynlər məktəbə getməzdən əvvəl övladların məktəb haqqında azacıq da olsa əyləncəli formada məlumat verməli, məktəb haqqında onlarda maraqlı təəssürat yaratmalıdırlar. Məktəbin təkcə təlim-tərbiyə deyil, həm də uşaqlar üçün gözəl, əyləncəli məkan olduğunu aşılamaq lazımdır. Uşaqlar günün az qala, yarısını məktəbdə keçirir. Məktəbdə uşağın vaxtının necə keçməsi çox vacibdir. Bu da məktəbin şagirdlər üçün yaratdığı şərait və mühitdən asılıdır".
Psixoloq hesab edir ki, uşaqların məktəbə adaptasiya olunmasında müəllimlərin də böyük rolu var: “Bu məsələdə müəllimlərdən çox şey asılıdır. Müəllimlərin davranışları, rəftarı, uşaqlara göstərdiyi qayğılar bu məsəldə mühüm rol oynayır. Məlum məsələdir ki, məktəbə ilk dəfə qədəm basan uşaqlar hələ bağça ilə bağlı təəssüratlarından tam ayrıla bilmir. Bunun üçün də dərs müddətində bağça elementlərindən istifadə olunmalıdır. Məsələn, sayları, hərfləri nağıl, əyləncəli formada anlatmaq daha məqsədə uyğundur. Müəllimlər anlamalıdır ki, 6-7 yaşlı uşaq hələ körpə sayılır. Bunun üçün də dərslərə bir şirinlik qatmaq lazımdır ki, uşaq məktəbə bağlansın”.
Psixoloq qeyd etdi ki, dərslərin aşılanması zamanı uşağa çox yüklənmək olmaz: “Valideynlər uşaqlara çox da yüklənməməlidirlər. Həddən artıq qayğı da düzgün deyil. Burada fərdi yanaşmalar çox önəmlidir Bunun üçün də öncədən uşağın öz psixologiyasını bilmək vacibdir”.
Telegram kanalımız