Azərbaycan region liqasında 2018/2019-cu il mövsümünün qalibi olmuş “Uğur” yeni bəyanat yayıb.
“Yeni Sabah” xəbər verir ki, klub bu il də region liqasında fəaliyyətlərini davam etdirəcəkləri ilə bağlı məlumat verib. Komandanın oyunçuları və texniki heyəti ilə klub rəhbərliyi arasında keçirilən görüşdə futbolçular burada pulsuz oynamağa da hazır olduqlarını deyib. Klubun bəyanatını təqdim edirik:
“Hörmətli dostlar,
Nəzərinizə çatdırmaq istəyirik ki, bu gün axşam saatlarında komandanın oyunçuları və texniki heyəti ilə klub rəhbərliyi arasında görüş keçirilmişdir.
Görüşdə UĞUR Futbol Klubu ilə bağlı son günlərdə baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparılmışdır. Klub rəhbərliyi verdiyi qərarın hansı səbəblərdən verdiyini əsaslandıraraq kollektivə geniş məlumat verilmişdir.
Açıq fikir mübadiləsi mühitində keçirilən görüşdə komandanın həm təcrübəli, həm də cavan oyunçuları və texniki heyəti klub rəhbərliyinin bu günə qədər olan fəaliyyətinə müsbət qiymət verərək bu gündə də klub rəhbərliyinə dəstək olduqlarını bildirdilər. Oyunçular və texniki heyət hamısı yekdil olaraq klubun fəaliyyətinin davam etdirilməsi, bu günə qədər hamımızın birgə olaraq gördüyümüz və çəkdiyimiz birgə əziyyətin yerdə qalmaması üçün və komandanın potensialını nəzərə alaraq bu mövsüm də Region Liqası yarışmalarında iştirak etməsi ilə bağlı klub rəhbərliyinə müraciyyət etdilər. Oyunçular həmçinin başqa kublardan gələn təkliflərə baxmayaraq heç bir yerə dağılmayaraq artıq bir ailə olmuş məhz UĞUR Futbol Klubunda iştirak etməklərini bildirdilər. Onlar həmçinin "biz bu kluba görə pulsuzda oynamağa hazırıq, təki biz yenidən hamıya sübut edək" barədə klub rəhbərliyinə yekdil və qəti fikirini bildirdilər.
Klub rəhbərliyi komandanın bu dəstəyinə görə və həmçinin oyunçuların heç bir təmənna güdmədən komandanın fəaliyyətinin davam edirilməsi və oynaması üçün etdikləri bu addımı yüksək qiymətləndirmiş və hamıya öz təşəkkürünü bildirmişdir.
Aparılan birgə müzakirə və məsləhətləşmələrdən sonra klub rəhbərliyi son günlərdə yaranmış bütün bu çətinliklərə baxmayaraq həm oyunçuların, həm azarkeşlərin haqlı istəklərini nəzərə alaraq, bu mövsüm də Region Liqası yarışmalarınada iştirak etməsi barədə qərar qəbul etmişdir. Həmçinin klub rəhbərliyi tərəfindən, həmişə olduğu kimi komandanın bütün təchizat və ehtiyacları ilə bağlı üzərinə düşən bütün öhdəlikərin tam şəkildə və lazımi qaydada yerinə yetirilməsi ilə bağlı məclis iştirakçılarına bildirilmişdir. Artıq elə həmin görüşdə mövsüm hazırlıqları ilə bağlı klub rəhbərliyi məşqçi heyətinə müvafiq göstərişlər verilmişdir”.
Qeyd edək ki, klub keçən həftə yaydığı bəyanatda bu il keçiriləcək Region Liqanın yarışmalarında iştirak etməyəcəyi ilə bağlı qərar vermişdi. Sumqayıt təmsilçisinin baş məşqçisi Qəzənfər Abbasov isə saytımıza açıqlamasında məsələnin yenidən müzakirə olunacağına və bundan sonra yekun qərara gələcəklərini bildirmişdi.
Telegram kanalımız